Son iki ildə rəqəmsal aktivlərin ticarət edildiyi kriptovalyuta birjalarının sayı artmaqla yanaşı onlara edilən kiber hücumların sayı da az deyil. Bunun da əsas səbəbi birjalarda təhlükəsizlik qaydalaraına tam əməl edilməməsidir. Hesablamalara əsasən indiyə qədər kibercinayətkarlar tərəfindən “hack” edilən 31 birjadan ümumilikdə 1.3 milyard dollar dəyərində oğurluq olub. Lakin buna baxmayaraq bir çox birjalarda hələ də təhlükəsizliyə kifayət qədər diqqət yetirilmir. Bunu ICOrating agentliyinin apardığı tədqiqat da sübut edir. ICOrating dövriyyəsi 1 milyon dollardan çox olan 100 ticarət platformasını tədqiq edərək onların müdafiə növlərini 4 komponentə ayırdı:
- platformanın kodundakı səhvlər;
- müştəri hesabı təhlükəsizliyi;
- qeydiyyat və domen təhlükəsizliyi;
- web protokol təhlükəsizliyi.
ICOrating-in “Exchange Security Report” adlı hesabata əsasən məlum olub ki:
- birjaların 41%-i 8 simvoldan daha qısa bir parol yaratmağa imkan verir;
- birjaların 37% -i yalnız hərflərdən və ya nömrələrdən ibarət olan bir parol yaratmağa imkan verir;
- birjaların 5% -i poçt ünvanını verifikasiya etmədən platformadan istifadə etməyə imkan verir;
- birjaların 3%-də 2FA yoxdur.
Araşdırılan birjaların yalnız 46%-i yuxarıda göstərilən bütün maddələr üzrə müdafiə sisteminə malik olduğu məlum olub. Birjaların 54%-də hələ də təhlükəsizlik problemləri qalmaqdadır.
ICOrating analitikləri birjaların təhlükəsizliyini analiz etmək üçün maksimum həddi 100 olan bal sistemini müəyyənləşdirdilər. Hesabata əsasən Amerikanın kriptovalyuta birjası olan Coinbase 89 bal ilə lider oldu. İkinci yeri Kraken (80 bal), üçüncü yeri isə Bitmex və GOPAX birjaları (78 bal) tutub. Birjalar içərisində ən zəif müdafiə səviyyəsi isə OKCoin (15 bal) birjasında müşahidə olunub.