Neftin qiyməti və ölçü vahidi haqqında maraqlı faktlar

      Azərbaycan iqtisadiyyatının dünya neft bazarındakı qiymətlərdən aslılığını nəzərə alaraq neftin qiyməti və bu qiymətə təsir edən əsas faktorlar hansılardır, neft satışı hansı formada aparılır və nə üçün ölçü vahidi kimi barrel götürülür kimi sualları izah etməyə çalışacam.

   Neft hasilatı dünyanın müxtəlif regionlarında aparılırdığına görə neft markaları keyfiyyəti və xüsusiyyətlərinə görə həmişə bir-birindən fərqlənir. Xam neftin 200-dən çox növü var və birja platformalarında onların hamısını eyni zamanda göstərmək mümkün deyil. Bu səbəbdən birjalarda təqdim edilən neft markaları bir növ etalon hesab edilir. Misal üçün, Avropa İttifaqı və Asiya regionu üzrə etalon neft markası Brent Crude Oil (Brent), Amerika üçün isə West Texas Intermediate (WTI) hesab olunur. Neftin bu markaları ən yüksək bazar likvidliyinə malikdir. Neftin birja dəyəri onun ən obyektiv qiyməti hesab olunur. Azərbaycanın milli neft markası olan “Azeri Light” (Azeri LT CIF) heç bir beynəlxalq birjada ticarət olunmur və konkret alıcıları var.

     XX əsrin birinci yarısına qədər dünya neft hasilatına, daşınmasına, ticarət və emalının təxminən 95%-nə “Yeddi bacı” adlandırılan Chevron, Esso, Gulf Oil, Mobil, Texaco, British Petroleum və Shell şirkətləri nəzarət edirdi. Neftin qiymətləri tədarük müqavilələrinə əsasən iki ilə qədər müəyyən edilirdi.

d07cb1035d711f87418706a49dd9a640.jpg

   Birjalarda neft müxtəlif formalarda ticarət olunur və onların arasında ən çox rast gəlinən fyuçers müqavilələri və opsionlardır. Fyuçers müqavilələri ilə siz real nefti alaraq evinizə qədər daşıtdıra bilərsiniz. Lakin bu milyonluq müqavilələr və neft şirkətləri üçün istifadə edilir. Qalan digər hallarda isə fyuçerslər və digər ticarət alətləri yalnız sənəd üzərəində aparılır. Yəni, real neft deyil yalnız onu alıb-satmaq hüququ ticarət olunur. Neft üzrə maksimal ticarət dövriyəsi Nyu-York Əmtəə Birjası (New York Mercantile Exchange, NYMEX) və London Intercontinental Exchange-də (İCE) baş verir. Neft üçün ümumi qəbul edilən minimal birja müqaviləsi 1000 barel təşkil edir. Neftlə aparılan əməliyyatların 90%-i birjadankənar orta və uzunmüddətli müqavilələrin payına düşür.

    Neft ticarətini asanlaşdırmaq üçün ya əsas neft yataqları, ya da bir qrup müəyyən xüsusiyyətlərə malik olan bir neçə standart (marker, etalon) neft növü istifadə olunur. Bir çox neft markalarının qiymətləri birbaşa və ya dolayı yolla aşağıdakı əsas neft növləri üçün bazar qiymətləri ilə müəyyən edilir:

  • Brent Crude Oil (1980-ci ilən Brent Blend adlanır) Şimal dənizinin bir neçə yatağından (Böyük Britaniya və Norveç) çıxarılan neft Avropa və Asiya bazarlarına satılır. İxrac olunan neftin 70%-nin qiyməti birbaşa və ya dolayı yolla kotirovka bazasında müəyyən edilir. Bu markanın ticarəti London Intercontinental Exchange (İCE) birjasında aparılır;
  • West Texas Intermediate (1983-cü ildən WTI və Texas Light Sweet Crude Oil kimi də tanınır) Nyu-York Əmtəə Birjasında (NYMEX) satılan Texas neftdidir. Onun qiyməti ABŞ-ın Oklahoma ştatının Kuşninq şəhərindəki anbarlara və boru kəmərləri ilə çatdırılma vaxtı müəyyən edilir;
  • Dubay Crude markası Fars körfəzi, Yaxın Şərq ölkələrindən Asiya-Sakit Okean regionuna ixrac olunan neftin qiymətinin müəyyən edilməsində istifadə olunur. Bu markanın ticarəti Dubai Mercantile Exchange birjasında aparılır.
  • OPEC BASKET – OPEC-ə üzv ölklələr üçün etalon neft markası “neft səbəti” qəbul edilib. OPEC-in “neft səbəti”-də hər ölkə yalnız bir neft markası: Səudiyyə Ərəbistanı-Arab light; İraq-Basrah light; Nigeriya-Bonny light; Liviya- Es Sider; Anqola-Girassol; İran-İran Heavy; Küveyt-Kuwait Export; Qatar-Marine; BƏƏ-Murban; Ekvador-Oriente; Əlcəzair-Saharah Blend ilə təmsil olunur.

     Neftin dəyişən qiymətlərində qazanmaq istəyən investorlar ilk növbədə bazarın hansı istiqamətdə inkişaf etdiyini və qiymətlərə hansı fundamental faktorların təsir etdiyini bilməlidir. Uğurlu ticarət etmək üçün neftlə bağlı dünyada baş verən istənilən hadisəni düzgün qiymətləndirmək vacib şərtdir. Neftin qiymətinə təsir edən əsas fundamental faktorlar:

  1. OPEC-in neft hasilatına təyin etdiyi kvotalar – Kvotalar  əsas təchizatçı ölkələrin mövqeyinin ifadəsidir. Kvotaların azaldılması satışa təqdim edilən xammalın həcminə təsir göstərir və bu da onun dəyərinin artmasına səbəb olur.
  2. Neft bölgələrində siyasi və iqtisadi vəziyyətin pisləşməsi – Bu tip hadisələr bazarlara neftin təchizatı zəncirinin pozulması ilə nəticələnir.
  3. Makro iqtisadi göstəricilər – Dünya iqtisadiyyatının makro iqtisadi göstəricilərinin artması və ya azalması fonunda  neftə olan tələb də eyni isitiqamətdə olacaq.
  4. Amerika dollarının məzənnəsi – Neftin dəyəri ABŞ dollarına bağlıdır və birjalardakı dollar/barrel mübadilə cütlüyü aslılığı bunun bariz nümunəsidir. Dolların aşağı məzənnəsi həmişə neftin qiymətini artırır.
  5. Spekulyativ mexanizmlər  – Təcrübə onu göstərir ki, çox vaxt iri investorlar spekulyativ “oyunlar” təşkil etməklə neft bazarında qiymətlərə təsir edə bilirlər.

Neft bazarını analiz etmək üçün aşağıdakı faydalı linklərdən istifadə edə bilərsiniz:

   Neft bazarını təhlil edərkən xam neftin qiymətinin benzin və mazutun mövsümi dəyərindən asılı olmasına diqqət yetirmək lazımdır ki, bu da öz növbəsində tələbat həcminə görə formalaşır. Tələbat adətən qış və yay aylarında ən yüksək səviyyəyə çatır. Həmçinin nəzərə almaq lazımdır ki, neftin qiymətinə təsir edən ən güclü amillərdən biri də Amerikadır. Bunun əsas səbəbi odur ki, ABŞ xam neftin ən böyük istehlakçısıdır və onlar üçün qiymətin ucuz olması sərfəlidir. Amerika artıq uzun illərdir özünün neft ehtiyyatlarını formalaşdırır və bu ehtiyatlardan hələ ki, istifadə etmir. Əgər Amerika nə vaxtsa bazardan neft almaq əvəzinə öz ehtiyatlarından istifadə etməyə başlasa, bu neftin qiymətinin kəskin enməsinə səbəb olacaq.

  Qlobal xam neft ehtiyatları hazırda 1 trilyon 530 milyard barrel qiymətləndirilir. Dünyanın ən çox neft ehtiyatına malik 15 ölkə:

  1. Venesuela (300,9 milyard barrel)
  2. Səudiyyə Ərəbistanı (266,5 milyard barrel)
  3. Kanada (169,7 milyard barrel)
  4. İran (158,4 milyard barrel),
  5. İraq (142,5 milyard barrel),
  6. Küveyt (101,5 milyard barrel),
  7. Birləşmiş Ərəb Əmirlikləri (97,8 milyard barrel),
  8. Rusiya (80 milyard barrel),
  9. Liviya (48,4 milyard barrel),
  10. Nigeriya (37,1 milyard barrel),
  11. ABŞ (36,5 milyard barrel),
  12. Qazaxıstan (30 milyard barrel),
  13. Çin (25,6 milyard barrel),
  14. Qətər (25,2 milyard barrel)
  15. Braziliya (12,7 milyard barrel).

    Qlobal neft ehtiyatlarının təxminən 50%-nə malik olmasına baxmayaraq bəzi ölkələr (Venesuela, İran, İraq)  dünyanın ən kasıb ölkələri sırasındadır. Bu ölkələr ümumi daxili məhsula görə dünya sıralamasında müvafiq olaraq 73, 75 və 109-cu yerdə qərarlaşıb. Azərbaycan isə dünyanın neft ehtiyatı ilə zəngin 20-ci ölkəsidir. OPEC-in hesablamalarına əsasən Azərbaycanın təsdiq olunmuş xam neft ehtiyatları 7 milyard barrel təşkil edir.

Neftin maya dəyəri. Neftin maya dəyərinə neft istehsalçılarının neft istehsalında çəkdiyi bütün xərclərin pul baxımından ümumi dəyəri daxildir. Maya dəyəri neftin vahid həcminə görə hesablanır və  aşağıdakı komponentlərdən asılıdır:

  • neftin çıxarılma xərcləri və istehsal vergiləri – mövcud quyuların və neft emalı avadanlıqlarının istismarı, faydalı qazıntıların istifadəsinə görə vergi və rüsumlar. 2009-cu ildə EIA görə neftin çıxarılma xərcləri neft və qaz hasilatı üçün bir barel neft ekvivalenti (BOE) üçün bölgədən və növündən asılı olaraq dəyişir;
  • neftin kəşfiyyat və işləmə xərcləri – torpaqların alınması, işçilərin məvacibi, yataqların kəşfiyyatı və işlənməsi xərclərini əhatə edir;
  • Neft yataqları: dəniz yataqları üçün (dünyada neftin 30%-i onlardan istehsal olunur) neft platformaları və avadanlıqlarının keyfiyyəti, neft yatağının dərinliyi, iqlim şəraiti, yatağın dəniz yolları və əsas istehlakçılardan uzaqlığı.

   Neft hasilatının ümumi maya dəyəri müxtəlif bölgələr üzrə 9 ilə 53 dollar səviyyəsində qiymətləndirilir. 2017-ci ildə Azərbaycanda 1 barel neftin hasilatının orta maya dəyəri 16-19 dollar aralığında hesablanmışdı.

Qlobal formada neftin qiymətinin formalaşmasına təsir edən 3 əsas komponent var:

  • Neft mədənləri, hasilat prosesi və nəqliyyatı üzrə investisiyalar – neftin maya dəyərinin formalaşmasını təmin edir;
  • Neft ehtiyyatlarının həcmi – neftə tələbatın faktiki göstəricisidir;
  • Siyasi və iqtisadi hadisələr – neftin qiymətinə təsir edən əhəmiyyətli fatkordur.

984372aa225ddb0a95f274e37aae7a36

   Nə üçün neft barrel ilə ölçülür?    

     Dünya bazarında bir qayda olaraq neftin ölçü vahidi barrel ilə götürülür. Bu səbəbsiz deyil və əsaslı izahı var. Barrel Azərbaycan dilində çəllək mənasını verir və 159 litrə (daha dəqiq 158,988 litr) bərabərdir. XIX əsrin ortalarında dünyada neft istehsalı və satışının böyük bir vüsət aldığı zamanda neftin hasilatının uçotunun aparılması və müxtəlif ölçülü qablarda satılması hesabatlar zamanı böyük çətinliklər yaradırdı. Bu 39səbəbdən 1866-cı ildə neft sənayeçiləri Pensilvaniyanın Tirusvil  şəhərciyində görüşərək netfin istehlakçılara çatdırılması üçün standart ölçülü qabların yaradılmasını müzakirə edirlər. Burada neftin 1 barrelinin ölçüsü 42 qallon olması qərarlaşdırılır. Ona görə ki, 18-ci əsrdən başlayaraq Pensilvaniyada çaxır, yağ, sabun, balıq və digər müxtəlif məhsulların daşınması üçün 42 qallonluq taxta çəlləklərdən ticarətdə istifadə olunurdu. Həm də, belə ölçülü çəlləkləri çox da ağır olmadığına görə bir nəfər işçi asanlıqla daşıya bilirdi və onları gəmi və ya dəmiryolu platformalarında boşaltmaq və ya yükləmək çox rahat idi. Bu səbəbdən də 42 qallonluq çəlləklərin standart ölçü vahidi kimi qəbul olunması sənayeçilər üçün məntiqli və uyğun bir variant idi. 1872-ci  ildə Amerikanın  Neft  Sənayeçiləri Assosiasiyası rəsmi şəkildə 42 qallonluq çəlləyi – barreli neftin ölçü standartı kimi təsdiqləyir.

  1 barrel = 42 qallon = 159 litr = 0.1364 ton

     Hazırda neft və neft məhsulları iri tankerlər və borular vasitəsilə nəql edilir lakin neft barreli ölçü vahidi kimi dünya neft ticarətində qalmaqdadır. Bu zaman sual yarana bilər ki, niyə görə neft sənayəsində dünyada daha çox tanınan çəki ölçü vahidi olan ton-dan istifadə edilmir? Ton-un ölçü vahidi kimi neft hesablamalarında qeyri populyar olmasının əsas səbəbi neftin müxtəlif növlərinin fəqrli sıxlıqlarda olmasıdır. Sıxlıq göstəriciləri fəqrli olduğuna görə eyni həcmdə olan neftin fərqli növləri fəqli çəkidə olurlar. Misal üçün, 1 barreldə həcm miqdarı dəqiq bilindiyi təqdirdə, 1 ton-da həcm miqdarı neftin növündən aslı olaraq dəyişir. Həmçinin nəzərə almaq lazımdır ki, neft məhsulları tanker, sistern və boru kəmərləri ilə nəql edilir və bu səbəbdən qara qızılın çəki ilə deyil həcm ilə ölçülməsi və hesabların aparılması daha rahat və düzgündür.

     Məlumat üçün qeyd edim ki, emal prosesi zamanı 1 barrel “Azeri Light” markalı netfdən 16 litr benzin, 32 litr dizel yanacağı, 24 litr təyyarə yanacağı, 1 litr qaz, 6 kq neft koksu, 83 litr mazut, 1.5 kq kömür, 12 balon propan, tort üçün 170 şam, 1 litr motor yağı almaq mümkündür.

Müəllif: Elnur Quliyev

Neft və kriptovalyuta bazarında “qara” gün

OPEC haqqında maraqlı faktlar

Neftin qiymət statistikası: 1973-2020

Leave a Reply