E-kassa nəzarət mexanizmi qurğusu ilə təchiz edilmiş yeni növ proqram-aparat kompleksidir. E-kassa vasitəsi ilə alınmış və emal edilmiş çek məlumatlarının, habelə həyata keçirilən əməliyyatlar barədə məlumatların yığılması, emalı, saxlanılması və real vaxt rejimində Vergilər Nazirliyinin informasiya sistemləri bazasına ötürülməsi (köçürülməsi) təmin edilir. E-kassa pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti üzrə əhali ilə pul hesablaşmalarının aparılmasında istifadə edilir.
E-kassanın üstünlükləri
E-kassanın köhnə nəsil kassa aparatları ilə müqayisədə bir çox üstünlükləri var:
Məlumatların onlayn ötürülməsi: E-kassa vasitəsilə aparılan əməliyyatlar (malların təqdim olunması, xidmətlərin göstərilməsi) zamanı həyata keçirilən hesablaşmalar barədə məlumatlar Vergilər Nazirliyinin informasiya sistemləri bazasına ötürülür. E-kassa tərəfindən fiskal məlumatları özündə birləşdirərək kriptoqrafik mühafizə vasitəsilə formalaşdırılan və üzərində unikal identifikator (fiskal İD) qeyd edilən çek Vergilər Nazirliyinin informasiya sistemləri bazasına ötürülür.
Kriptoqrafiyanın tətbiqi. Şifrələmə proseduru, adətən, müəyyən kriptoqrafik alqoritmdən və açardan istifadəni nəzərdə tutur. Kriptoqrafik alqoritm – məlumatların çevrilməsinin müəyyən üsuludur. Müasir kriptoqrafiya o prinsipdən çıxış edir ki, kriptoqrafik çevirmənin məxfiliyi yalnız açarın məxfi saxlanması ilə təmin olunmalıdır. Kriptoqrafik alqoritmlərdən əsasən, kassa əməliyyatlarının aparılması və məlumatların Vergilər Nazirliyinin informasiya sistemləri bazasına ötürülməsi zamanı istifadə edilir. Yəni, kassa əməliyyatları zamanı formalaşdırılan çeklərin tamlığına və autentikasiyasına nəzarət məqsədilə, kriptoqrafik prosedurlardan (unikal identifikatorun formalaşdırılması) istifadə olunur.
Yeni çek formalarının tətbiqi: Yeni çekin əsas üstünlüklərindən biri üzərində qeyd edilən QR kod (və unikal identifikator) vasitəsilə müştərilərin, yəni istehlakçıların, həmin çekin Vergilər Nazirliyinin informasiya sistemləri bazasında olub-olmamasını məsafədən yoxlaya bilməsi və ƏDV məbləğinin bir qisminin istehlakçıya qaytarılması imkanının yaradılmasındadır. E-kassa tərəfindən formalaşdırılan yeni çek formasının üzərində aşağıdakı əsas məlumatlar əks olunmalıdır:
– Vergi ödəyicisinin adı;
– VÖEN;
– Çekin vurulma tarixi və saatı;
– Təsərrüfat subyektinin adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan;
– Malın adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin məbləği);
– Gün ərzində vurulmuş çeklərin sayı və nömrəsi;
– E-kassanın markası və zavod nömrəsi;
– E-kassanın fiskal rejiminin nişanı (əlaməti);
– Malın sürətli məlumat kodu (quick response code).
Təhlil imkanları: Vergi ödəyicisinə gündəlik dövriyyəsi, əməliyyatlarının həcmi barədə məlumatları şəxsi kabineti vasitəsilə məsafədən ala bilməsi üçün imkanların yaradılması nəzərdə tutulur. Bununla yanaşı, vergi orqanı ödəyicilərin məlumatları ilə tanış olmaq imkanı əldə edəcək. Belə ki, məsafədən təhlil imkanları nəticəsində vergi ödəyicilərinin kassa intizamına əməl edib-etmədiyinə dair qənaətə gəlmək mümkün olacaq.
E-kassadan istifadə kimlər üçün mütləqdir?
Aşağıdakı fəaliyyət növləri istisna olmaqla, pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti üzrə nağd pul hesablaşmaları müəyyən edilmiş meyarlara cavab verən və Vergilər Nazirliyinin elektron informasiya sisteminə qoşulan e-kassa vasitəsilə həyata keçirilməlidir:
- qəzet və jurnalların satışı (belə satış dövriyyəsinin ümumi dövriyyədəki payı 50 faizdən çox olduqda);
- kənd təsərrüfatı məhsullarının bazarlarda, yarmarkalarda və səyyar qaydada satışı;
- səyyar, bazarlarda və digər kütləvi ticarət yerlərində piştaxtadan, avtomobildən və qoşqu vasitələrindən pərakəndə satış fəaliyyəti;
- qiymətli kağızların və lotereya biletlərinin satışı;
- elektrik enerjisi, qaz, su, isti su təchizatı və mərkəzi qızdırma sistemi obyektlərinin fəaliyyəti.
E-kassanı necə əldə etmək olar?
Pul hesablaşmalarını e-kassa ilə həyata keçirməli olan vergi ödəyicisi qeydiyyatdan keçmiş e-kassa operatoruna müvafiq sənədlər təqdim etməklə müraciət etməlidir. Vergi ödəyicisinin sənədləri e-kassa operatoru tərəfindən yoxlanıldıqdan sonra tərəflər arasında müqavilə imzalanır və bu müqavilənin əsasında e-kassanın uçota alınması üçün e-kassa operatoru tərəfindən qanunvericilikdə müəyyən edilmiş prosedurlar həyata keçirilir.
Yeni nəsil kassa aparatları ilə bağlı ətraflı məlumatı yeni istifadəyə verilmiş www.e-kassa.gov.az saytından əldə etmək mümkündür. Saytda yeni nəsil kassalar haqqında qanunvericilik, e-kassa haqqında, e-kassa istifadəçiləri üçün, e-kassa operatorları üçün ayrıca bölmələr xidmət göstərir.