Gömrük ödənişləri

  Gömrük ödənişləri Azərbaycan Respublikasının Gömrük MəcəlləsiVergi Məcəlləsi“Gömrük tarifi haqqında”“Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında”“Dövlət rüsumu haqqında” qanunlarında nəzərdə tutulmuş hallarda gömrük orqanları tərəfindən alınır.

Gömrük ödənişləri aşağıdakılardır:

  • gömrük rüsumları;
  • əlavə dəyər vergisi ;
  • aksizlər;
  • yol vergisi;
  • gömrük yığımları;
  • haqq;
  • dövlət rüsumu.

    Gömrük ödənişlərinin ödəyiciləri, gömrük ödənişlərinin hesablanması, alınması və hesablara daxil edilməsi, ödənilmə müddətinin uzadılması, gömrük ödənişlərinin qaytarılması qaydaları, gömrük borcu, gömrük borcunun ləğvi, malların gömrük dəyərləndirilməsi, gömrük borcunun ödənilməsinin təmin edilməsi üsulları və onlardan istifadə, həmçinin gömrük ödənişləri ilə bağlı güzəştlər Gömrük Məcəlləsi ilə tənzimlənir. Malların ixracını və idxalını operativ tənzimləmək məqsədi ilə bəzi mallara “Gömrük tarifi haqqında” qanununda və Nazirlər Kabinetinin normativ hüquqi aktlarında nəzərdə tutulmuş qaydada müvəqqəti olaraq mövsümi rüsumlar tətbiq oluna bilər. Fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar keçirilərkən gömrük ödənişləri sadələşdirilmiş qaydada alınır. Bəyan olunan mallara gömrük ödənişlərinin tətbiqi zamanı onların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun kodu əsas götürülür. Malları gömrük sərhədindən keçirən şəxslərin istifadəsi üçün nəzərdə tutulan və istifadəsi sadə olan elektron avadanlıqlar gömrük sərhəd buraxılış məntəqələrində hər kəsin yaxşı görə biləcəyi yerlərdə yerləşdirilməlidir. Bu elektron avadanlıqlar gömrük rüsulmarının dərəcələrini malların adları və ya kodları üzrə axtarışının asanlıqla həyata keçirilmək üçün quraşdırılır.

Gömrük rüsumları

   Gömrük rüsumları bəyan edilən malların yerləşdirilməsi üçün seçilmiş gömrük prosedurunun tələbləri əsasında, normativ hüquqi aktlara uyğun olaraq tətbiq olunur. Konkret mallar üzrə gömrük rüsumlarının dərəcələrini Nazirlər Kabinetinin qərarına uyğun olaraq müəyyən edilir. Gömrük rüsumlarının dərəcələri rəsmi nəşrlərdə dərc olunur və rəsmi internet saytlarında yerləşdirilir. Mallar üzrə tarif güzəştləri, gömrük rüsumlarından azad edilmə, tarif preferensiyalarının və güzəştlərinin verilməsi halları və qaydaları “Gömrük tarifi haqqında” qanununa uyğun olaraq tənzimlənir. Bu qanununa uyğun olaraq aşağıdakı növ gömrük rüsumları tətbiq edilir:

  1. advalor – malların gömrük dəyərinə görə nisbətən faizlə hesablanan;
  2. spesifik – malın vahidinə görə müəyyən olunmuş məbləğlə hesablanan;
  3. kombinə edilmiş – yuxarıda göstərilən hər iki gömrük rüsum növlərinin birləşdirilməsi yolu ilə hesablanan.

Gömrük orqanları tərəfindən aşağıdakı vergilər alınır:

     Vergi Məcəlləsinə uyğun olaraq gömrük orqanları tərəfindən göstərilən vergilər alınır. Gömrük orqanları tərəfindən alınan vergilərin ödəyiciləri, vergilərin hesablanması və ödənilməsi qaydaları, vergilərdən azaedilmə, ödənişlərə möhlət verilmə və onların qaytarıldığı hallar və qaydalar Gömrük Məcəlləsi və Vergi Məcəlləsi ilə tənzimlənir. Bu vergilər aşağıdakılardır:

  1. Əlavə dəyər vergisi
  2. Aksizlər
  3. Yol vergisi

Gömrük yığımları

Gömrük yığımlarına aşağıdakılar aiddir:

  • gömrük nəzarətinin həyata keçirilməsi ilə bağlı gömrük yığımları;
  • gömrük müşayiətinə görə gömrük yığımları;
  • malların saxlancına görə gömrük yığımları;
  • gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərə ixtisas attestatının verilməsinə görə yığımlar;
  • bankların və bank olmayan kredit təşkilatlarının müvafiq icra hakimiyyəti orqanının reyestrinə daxil edilməsinə görə yığımlar.

Gömrük nəzarətinin həyata keçirilməsi ilə bağlı gömrük yığımları

Gömrük orqanları gömrük nəzarətini iş vaxtı ərzində həyata keçirərkən aşağıdakıların yerinə yetirilməsinə görə gömrük yığımları alırlar:

  • malların gömrük rəsmiləşdirilməsinə;
  • gömrük nəzarəti və rəsmiləşdirilməsi ilə əlaqədar olaraq bəyannaməçinin, mallar barəsində səlahiyyəti olan şəxslərin və ya onların nümayəndələrinin təşəbbüsü ilə malların gömrük ekspertizasının aparılmasına;
  • malların gömrük nəzarəti altında məhvinə;
  • mallara və nəqliyyat vasitələrinə gömrük nəzarəti gömrük orqanlarının iş vaxtından kənar saatlarda və iş yerindən kənarda həyata keçirildikdə, gömrük yığımları ikiqat məbləğdə alınır.

    Ölkəyə gələrkən və gedərkən nə qədər mal, əşya və pul gətirə bilərik? Hansı miqdara qədər ödəniş tələb edilmir?

Bu siyahı aşağdakı kimidir:

  • Şəxsi əşyalar – Səfər zamanı şəxs zəruri ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan şəxsi əşyaları ölkəyə gətirə və ya apara bilər.
  • Dəyəri 1500 ABŞ dollarına qədər olan mallar – Ölkəyə gələn zaman şəxs istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan aksizli mallar və avtonəqliyyat vasitələri istisna olmaqla digər malları heç nə ödəmədən keçirilə bilər. Gömrük ərazisinə hər təqvim ayı ərzində bir dəfə gətirilən ümumi gömrük dəyəri 1500 ABŞ dollardan artıq olmayan mallar gətirilə bilər. Hər bir yetkinlik yaşına çatmamış şəxsə görə əlavə 500 ABŞ dollar məbləğindən artıq olmayan mal gətirilməsinə icazə verilir.
  • Şəxsi istifadə miqdarında dərman vasitələri – Ölkəyə gələrkən şəxsi istifadə üçün gətirilən dərman vasitələri üçün heç bir ödəniş tələb edilmir. Dövlət qeydiyyatından keçməyən dərman vasitələri də daxil olmaqla, şəxsi istifadə üçün zəruri olan miqdarda dərman vasitələrinin gətirilməsinə icazə verilir.
  • 1,5 litr spirtli içki, 200 ədəd siqaret, 20 qram qızıl və 0,5 karat almaz – Aksiz tətbiq edilən mallara fərdi istehlakı üçün 1,5 litr alkoqollu içkinin, 200 ədəd siqaretin, 20 qram qızılın, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş qızılın, 0,5 karat almazın idxalı, həmçinin Azərbaycan Respublikasına avtomobillərlə gələn şəxslər üçün həmin avtomobilin texniki pasportu ilə nəzərdə tutulmuş bakındakı yanacaqdan heç bir ödəniş tələb edilmir.
  • 30 kq müxtəlif növ ərzaq məhsulları – Ay ərzində bir dəfə hər bir şəxsin 30 kiloqrama qədər müxtəlif növ ərzaq məhsullarını heç bir ödəniş etmədən ölkəyə gətirə bilər.
  • 125 qrama qədər nərə cinsli balıq kürüsünün və 5 kiloqrama qədər nərə cinsli balığın ölkə ərazisindən aparılması – Ay ərzində bir dəfə 5 kiloqrama qədər nərə cinsli balıq və 125 qrama qədər nərə cinsli balıq kürüsü gömrük ödənişlərini ödəmədən sərhədindən keçirilə bilər.

Yazılı formada bəyan edilməli olan mallar:

  • Müşayiət olunmayan baqajla və daşıyıcı tərəfindən göndərilən mallar;
  • Müəyyən edilmiş həddən artıq qiymətli metallar və daşlar;
  • 10.000 ABŞ dollar ekvivalentindən artıq valyuta və qiymətli kağızlar;
  • Lisenziya və icazə tələb olunan mallar.

 

Mənbə: e-qanun.az, Gömrük Məcəlləsi, Vergi Məcəlləsi, “Gömrük tarifi haqqında”,  “Dövlət rüsumu haqqında”

Leave a Reply