“E-Təbib” mobil tətbiqi

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) əhali arasında koronavirusa yoluxma hallarının azalması məqsədilə yeni “E-Təbib” mobil tətbiqi hazırlayıb. “E-Təbib” mobil tətbiqi “Bluetooth” üzərindən çalışacaq və yalnız iki metrlik məsafədən ətrafdakı insanların potensial virus daşıyıcısı olub-olmamasını müəyyənləşdirəcək.

Proqramın istifadəsi çox sadədir. İstifadə etdiyiniz sistemdən asılı olaraq, tətbiqi “Play Market” və ya “AppStore” vasitəsilə “E-Tabib” və ya “E-Təbib” yazaraq smartfonunuza endirin. Tətbiqi işə salın və mobil telefon nömrənizi daxil edin. SMS vasitəsilə göndəriləcək təsdiq kodunu müvafiq xanalara daxil edib qeydiyyat keçin. Qeydiyyatdan sonra sizə “Bluetooth” sisteminin aktivləşdirilməsi üçün sorğu gələcək. Sistemi aktivləşdirdiyiniz halda (tövsiyə olunur ki aktivləşdirilsin) siz ictimai yerlərdə insanların çoxluq təşkil etdiyi məkanlarda olarkən (məsələn, sırada, dükanda və s.), ətrafınızdakıların potensial virus daşıyıcısı olub-olmaması barədə xəbərdarlıq mesajı alacaqsınız. Aktivləşdirmədiyiniz halda isə mobil tətbiq sizə bu barədə bildiriş göndərməyəcək və siz tətbiqə yüklənən koronavirusdan düzgün qorunmağın yolları barədə maarifləndirici məlumatlardan istifadə edə biləcəksiniz.

Mobil tətbiqin sırf iki metrlik məsafədən potensial virus daşıyıcılarını müyyənləşdirməsinin səbəbi ictimai yerlərdə də iki metrlik sosial məsafənin tətbiq edilməsidir. Məhz bu səbəbdən mobil tətbiq iki metr aralıdan keçən COVİD-19 daşıyıcılarını müəyyənləşdirərək sizə qabaqlayıcı tədbir görməniz və ehtiyatlı olmağınız üçün həyəcan təbili olacaq. “Bluetooth” texnologiyası əsasında təyin edilən məlumatlar TƏBİB-in bazasına inteqrasiya ediləcək. Əgər təsadüfən infeksiya daşıyıcısı olan şəxs sizin yaxınlığınızdan keçibsə, sizə bu barədə bildiriş göndərilir. İstifadəçinin statusugöy rəng” olarsa, demək həmin şəxs virusa yoluxmayıb və virusa yoluxanla ünsiyyətdə olmayıb, “sarı rəng” həmin şəxsin virusa yoluxan adamla ünsiyyətdə olduğu deməkdir. “Qırmızı rəng” isə həmin şəxsin virusa yoluxduğunu göstərir, yaşıl rəng isə həmin istifadəçinin artıq test verib neqativ nəticə aldığını bildirəcək. Qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə sizə laboratoriya testi vermək tövsiyə edilir. “E-təbib” mobil tətbiq əlavəsindən istifadə zamanı isə internet trafiki pulsuz olacaq.

Gələcəkdə QR kod vasitəsilə də hər hansı ictimai məkanlara daxil olan zaman yoxlamalar aparılacaq. Artıq koronavirus daşıyıcıları barədə məlumatlar proqramın bazasına yükləndiyi üçün vətəndaş virus daşıyıcısıdırsa, sistem bu barədə məlumat verəcək. Həmin şəxsin də ictimai məkana daxil olmasının qarşısı alınacaq. proqram yalnız mobil tətbiq proqramını yükləmiş şəxslər arasında çalışacaq. Eyni zamanda qeydiyyat keçən şəxslərin kimlikləri barədə məlumatlar anonim saxlanılır. Yalnız laboratoriya analizi verən zaman TƏBİB tərəfindən vətəndaşın şəxsiyyət vəsiqəsinin FİN kodu götürülür və vətəndaşlara da testin kodu verilir. Həmin kod vasitəsilə şəxs fərdi qaydada mobil tətbiq üzərindən analizlərinin nəticələrinə baxa bilər. Proqram koronavirus daşıyıcısı olan şəxsləri müəyyən etsə də, heç bir şəxsi məlumatları qeyd etmir.

Leave a Reply