SBERBANK və S7 Airlines aviabiletləri tokenlə satacaq

S7 Airlines və Rusiyanın ən böyük bankı olan Sberbank aviabilet satışı agentlərinə blockchain platforması əsasında smart müqavilələr vasitəsilə sürətli hesablaşmalar sistemi təklif etdi. Hesablamalar tokenlə aparılacaqdır. Belə bir həll Rusiyada ilk dəfə tətbiq olunur və yeni xidmət 2020-ci ilin sentyabrında istifadəyə veriləcək.

Aviabiletlərin rəsmiləşdirilməsi zamanı agent əvvəllər əlavə xərclər tələb edən bank zəmanətləri və avanslardan istifadə edirdi. Blockchain texnologiyasının istifadəsi tərəfdaşlara bütün hesablaşma zəncirini avtomatlaşdırmağa imkan yaradacaq. Bundan sonra agentin hesabındakı pul tokenləşdirilərək smart müqavilə alqoritmi vasitəsi ilə dərhal aviaşirkətə köçürüləcək. Bu tip rəsmiləşdirmə prosesi əvvəl 7-10 gün ərzində baş verirdisə indi bu əməliyyat cəmi 20 saniyə vaxt aparacaq. Yeni sistemdə Sberbank tokenləşmə prosesini təmin etməklə müştərinin cari hesabında tələb olunan miqdarda vəsaitin olmasının qarantı kimi çıxış edəcəkdir.

“Sberbank”-ın İdarə Heyəti sədrinin müavini Anatoli Popov: “Layihənin unikallığı ondan ibarətdir ki, Rusiyada ilk dəfə olaraq blockchain platformasında hesablaşmalar müştərinin hesabındakı vəsaitlərlə təmin olunan tokenlərdən istifadə edilərək həyata keçiriləcəkdir.”

Leave a Reply