Forvard və Fyuçers müqavilələri arasındakı fərq

Törəmə maliyyə alətləri (derivativlər) birja platformasının tərkib hissəsidir və fond bazarında olan adətən ikinci növ qiymətli kağızlara deyilir. Törəmə maliyyə aləti iki və daha çox şəxs arasında hər hansı maliyyə aktivi üzrə qiymət razılaşmasına əsaslanır. Danışılan müqavilə obyektlərinə məhsul, istiqraz, səhm, müxtəlif valyutalar, faiz dərəcəsi və bazar indeksləri daxildir. Törəmə maliyyə alətlərinə aşağıdakılar aid edilir:

  • Forvard müqaviləsi (forward contract)
  • Fyuçer müqaviləsi (futures contract)
  • Opsion (option)
  • Svap (swap)

Törəmə maliyyə alətlərinin əsas məqsədi riskin qarşısını almaq və eyni zamanda qiymət dəyişimindən gəlir əldə etməkdir.

Forvard müqaviləsi gələcəkdə müəyyən edilmiş bir tarixdə, müəyyən bir qiymətə hər hansı bir aktivi almaq və ya satmaq üçün iki tərəf arasında imzalanan xüsusi bir müqavilədir. Forvard əməliyyatları xarici valyuta kredit və borcları kimi bir sıra xarici valyuta öhdəlikləri olan şirkətlərin risklərini qorumağa xidmət edir. Forvard müqavilələri maliyyə sahəsində, xüsusilə də kapital bazarlarında kifayət qədər geniş yayılmış müqavilə növləridir. Forvard müqaviləsi üzrə uzun (long) ticarət mövqesi tutan müqavilə tərəfi aktivi almaq, qısa (short) mövqe tutan tərəf isə həmin aktivi satmaq öhdəliyi götürür. Forvard müqavilələri iri maliyyə təşkilatları (banklar, investisiya fondları, sığorta şirkətləri) tərəfindən əsasən hedcinq məqsədi üçün istifadə edilir.

Forvard müqavilələri ilə mahiyyətcə eyni olan lakin texniki xüsusiyyətlərinə görə fərqli olan fyuçers müqavilələri həm institusional investorlar, həm də pərakəndə investorlar tərəfindən böyük həcmlərdə tətbiq edilir. Bu iki növ törəmə maliyyə alətini fərqləndirən əsas xüsusiyyət isə onların ticarət olunduğu məkanlardır. “Forvard”-lar OTC (birjadan kənar) bazarda, “fyuçers”-lər isə birjalarda alınıb-satılır. Fyuçers müqavilələri neftə investisiya qoyuluşunun birbaşa yollarından biridir. Fyuçers müqavilələri forvard müqavilələrindən fərqli olaraq standartlaşdırılmış müqavilələr sayılmaqdadır. Forvard müqavilələrində tərəflər arasındakı şərtlər özəlləşdirilə bilər. Lakin fyuçers müqavilələrində qarşı tərəfin kim olmasından asılı olmayaraq hər biri eyni şərtlərə sahibdir.

Misal: BP şirkəti neftin hər barelini 100 dollardan satır. Ancaq BP bir il ərzində neftin qiymətinin aşağı düşəcəyindən ehtiyatlanır və bir il sonra qiymətin düşməsindən irəli gələn itkinin qarşısını almaq üçün BP alıcı şirkət ilə fyuçer müqaviləsi bağlayır. Bu müqaviləyə əsasən BP bir il sonra hər barelini hazırkı qiymətə, yəni 100 dollara satacaq. Beləliklə, bir il sonra neftin 1 barelinin qiyməti 80 dollara düşsə və ya 120 dollara qalxsa da, BP nefti yenə də 100 dollara satmalıdır.

Opsion.

Opsion da fyuçer və forvard müqavilələrinə bənzəyir lakin yuxarıdakılardan fərqli olaraq opsion yalnız bir tərəf üçün öhdəlikdir. Opsionu əlində saxlayan tərəf həmin opsiondan yalnız sərfəli olduqda istifadə edə bilər. Opsionun iki növü var:

1. Alınma üçün opsion (call option) – Bu opsionu əldə etmiş adam şirkətdən onun səhmini opsionda göstərilmiş qiymətə ala bilər. Bu halda, şirkət öz səhmini həmin adama opsiondakı qiymətə satmağa məcburdur.

Misal: “A” şirkətinin bir səhmi 50 dollar dəyərindədir. “A” şirkəti öz işçilərinə bonus kimi alınma opsionlarını paylayır. Bu opsionlar bir il sonra şirkətin səhmini 50 dollara almağa imkan verir. Aradan bir il keçir və “A” şirkətinin hər səhmi artıq 80 dollar dəyərindədir. Şirkətin bir işçisi həmin opsiondan istifadə edərək şirkətdən həmin səhmləri 50 dollara alır. Aldıqdan dərhal sonra isə səhmləri açıq bazarda 80 dollara satır və bir günün içində hər səhmin üstündə əlavə 30 dollar qazanmış olur.

2. Satılma üçün opsion (put option) – Bu opsionu əldə etmiş adam şirkətə onun səhmini opsionda göstərilmiş qiymətə sata bilər. Bu halda, şirkət öz səhmini həmin adamdan opsiondakı qiymətə almağa məcburdur.

Misal: “A” şirkətinin bir səhmi 50 dollar dəyərindədir. “A” şirkəti öz işçilərinə bonus kimi satılma opsionlarını paylayır. Bu opsionlar bir il sonra şirkətin səhmini 50 dollara satmağa imkan verir. İndi isə təsəvvür edin ki, bir il sonra “A” şirkətinin səhminin dəyəri 10 dollara düşür. “A” şirkətinin işçisi açıq bazardan “A” şirkətinin səhmlərini 10 dollardan alır, sonra isə əlindəki satılma opsionundan istifadə edərək həmin səhmləri “A” şirkətinə 50 dollardan satır və bir günün içində hər səhmin üstündə 40 dollar qazanmış olur.

Svap.

İki tərəfin faiz ödəmələrini və ya valyuta növünü qarşılıqlı olaraq müəyyən bir zaman kəsimində və bəzi öhdəliklərə bağlı olaraq dəyişdirməsi svap əməliyyatının məzmununu təşkil edir. Svap razılaşmasına əsasən Alıcı razılaşdırılmış gündə Satıcıdan müəyyən qiymətli kağızları və ya valyutaları razılaşdırılmış qiymətə alır və razılaşdırılmış digər gündə və qiymətə qarşı tərəfə geri satır. Hər iki tərəf gələcəkdə yarana biləcək qiymət dəyişikliyinə məruz qalmadan müqavilə ilə razılaşdırılan qiymətlərə əsasən əməliyyatları həyata keçirirlər.

Forward üzrə bir əməliyyat həyata keçirildiyi halda, SWAP iki əməliyyatın həyata keçirilməsini nəzərdə tutur. Misal olaraq, Forward müqaviləsi ilə 2 ay sonra istiqrazların razılaşdırılmış qiymətə satışı nəzərdə tutula bilər. SWAP müqaviləsi isə 2 ay sonra istiqrazların razılaşdırılmış qiymətə satışını, 3 ay sonra isə digər razılaşdırılmış qiymətə geri alınmasını nəzərdə tuta bilər.

Müəllif:  Elnur Quliyev

Leave a Reply