İnvestisiya şirkətləri

İnvestisiya şirkəti – müvafiq lisenziyaya malik olan, qanunvericilik ilə müəyyən edilmiş investisiya xidmətlərini göstərən, səhmdar cəmiyyəti formasında yaradılan hüquqi şəxsdir. İnvestisiya şirkətləri əsas və yardımçı investisiya xidmətlərini göstərir.

Əsas investisiya xidmətləri (əməliyyatları) aşağıdakılardır:
1. Qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbul və icra edilməsi;
2. Fərdi investorların portfelinin idarə edilməsi;
3. İnvestisiya məsləhətlərinin verilməsi;
4. Qiymətli kağızların öhdəlik götürmədən yerləşdirilməsi və anderraytinqi;
5. Qiymətli kağızların öhdəlik götürməklə yerləşdirilməsi və anderraytinqi;
6. Mərkəzi depozitarın və fond birjasının üzvü qismində öz hesabına qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə əməliyyatlar aparılması;
7. Marja ticarəti.

Yardımçı investisiya xidmətləri (əməliyyatları) aşağıdakılardır:
1. Müştərisinin qiymətli kağızlar hesablarının idarə edilməsi, o cümlədən qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin öhdəliklərlə yüklənməsi ilə bağlı əməliyyatların həyata keçirilməsi;
2. İnvestorlara qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə həyata keçirdiyi əqdlərin bağlanması üçün kredit və ya digər formada borc verilməsi;
3. Qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə bağlı investisiya tədqiqatı və maliyyə təhlilinin aparılması; 
4. Təmin edilmiş istiqrazlar üzrə təminatın sərəncamçısı xidmətinin həyata keçirilməsi;
5. Əsas investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi ilə bağlı xarici valyuta mübadiləsi.

“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununun 31 və 32-ci maddələrində investisiya şirkətləri üçün müvafiq olaraq prudensial nəzarət və təşkilati tələblər müəyyənləşdirilmişdir. Azərbaycanda lisenziya əsasında fəaliyyət göstərən investisiya şirkətləri:

İnvestisya şirkətlərinin hər biri müddətsiz lisenziyaya sahibdir.

Bundan əlavə, Azərbaycanda dövlət sərmayəli investisiya şirkətləri də fəaliyyət göstərir.

    “Azərbaycan İnvestisiya Şirkəti“ – AİŞ ölkə Prezidentinin 30 mart 2006-cı il tarixli “İnvestisiya Fəaliyyətinin Təşviqi üzrə Əlavə Tədbirlər haqqında” sərəncamı ilə yaradılıb və nizamnamə kapitalı 224 milyon manatdır. AİŞ-in əsas məqsədi mövcud və yeni kommersiya müəssisələrinə yerli və xarici investorlar cəlb etməklə və öz vəsaiti hesabına müddətli investisiya qoyuluşları vasitəsilə Azərbaycan ərazisində iqtisadiyyatın qeyri-neft sektorunun inkişaf etdirilməsidir. AİŞ dövlət investisiyalarını müəssisələrin nizamnamə kapitalındakı paylarının alınmasına yönəltməklə bu müəssisələrin fəaliyyətini canlandırır.

“Biznesin İnkişafında Rahat Güvənli Əməkdaşlıq” – BİRGƏ Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin 07 noyabr 2019-cu il tarixli qərarı ilə yaradılıb və nizamnamə kapitalı bir milyon manatdır. BİRGƏ-nin əsas məqsədi sahibkarların fəaliyyətinin təşkili məqsədilə beynəlxalq təcrübədə uğurla tətbiq edilən, dövlət-sahibkarlıq tərəfdaşlığına əsaslanan sənayə və xidmət klasterlərini, sahibkarlığın inkişafı zonaları, texnoparklar, aqroparklar, bazarlar, terminallar, anbarlar və model müəssisələr yaratmaq və onların idarəedilməsində iştirak etməkdir. BİRGƏ İnvestisya Şirkətini əsas fəqləndirən cəhəti aztəminatlı əhalinin özünəməşğulluğunu təmin etmək məqsədilə qaçqın şəhərciklərində qaçqın, məcburi köçkün, əlillər və digər sosial həssas qrupdan olan insanlar üçün iş yerlərinin açılmasına dəstək verməsidir. Buna misal olaraq, qaçqın və məcburi köçkünlərin yaşadığı yaşayış kompleksində oyuncaq və tibbi ləvazimatların istehsalı müəssisələrinin yaradılmasını göstərmək olar. Bu müəssisələri 2020-ci il mayın 28-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakının Qaradağ rayonunda yerləşən “Qobu Park-3” yaşayış kompleksinin açılışı zamanı fəaliyyətə başlayıb. Hazırda bu müəssisələr tərəfindən istehsal olunan məhsullar “Tutu Toys” və “Gill med” brendi ilə satışa çıxarılır.

Birgə İnvestisya şirkətinin fəaliyyət istiqmətlərinə yeni biznes ideyası olan şəxslərə və startaplara biznes fəaliyyətinin təşkil edilməyinə dəstək vermək, investisiya yatırmaqda maraqlı olan investorlarla, investisiya axtarışında olan sahibkarlarla birgə müəssisələr yaratmaq və onların idarəedilməsində iştirak etmək; qadın sahibkarlığın inkişafına dəstək vermək, beynəlxalq təşkilatlardan və fondlardan birdəfəlik qrant formasında vəsaitlərin cəlb edilməsi daxildir. Birgə MMC həmçinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Bakı Abadlıq Xidməti” MMC tərəfindən birgə həyata keçirilən “Çiçəklənən Abşeron” layihəsinin koordinatorudur.

Müəllif:  Elnur Quliyev

Leave a Reply