Belarusbank kriptovalyuta mübadiləsi xidmətini təqdim etdi

Belarusiyanın ən böyük dövlət bankı Belarusbank (Беларусбанк) 13 noyabr tarixindən etibarən ölkə vətəndaşlarına VİSA ödəmə kartlarından istifadə etməklə kriptovalyuta alqı-satqısı imkanı verəcəkdir. Bankın mətbuat xidmətinin verdiyi məlumata əsasən bu xidmət White Bird şirkəti ilə əməkdaşlıq nəticəsində mümkün olacaq. Kriptovalyutalarla mübadilə əməliyyatları təqdim edən White Bird şirkəti Belarusbank istifadəçilərinə rəqəmsal aktivləri belarus və rus rubllarına, həmçinin ABŞ dolları və avroya konvertasiya etmək xidmətini təmin edəcək. Hazırda bu xidmətdən yalnız Belarus Respublikası və Rusiya Federasiyası vətəndaşları istifadə edə biləcək.

Belarusbank 2018-ci ildə “Rəqəmsal İqtisadiyyatın İnkişafına dair” 8 saylı Fərmanın hüquqi bazası əsasında kriptovalyuta mübadiləsi xidmətləri göstərən White Bird ilə partnyorluq müqaviləsi bağlayıb. White Bird şirkəti Belarusiyanın Yüksək Texnologiyalar Parkının (YTP) rezidentidir. WhiteBird MDB ölkələrində, eləcə də Gürcüstan və Ukraynada ilk və yeganə qanuni kriptovalyuta mübadiləsi operatorudur.

Xatırladım ki, Belarusiyada kriptovalyutalar 2017-ci ilin dekabrında “Rəqəmsal İqtisadiyyatın İnkişafına dair” 8 saylı Fərman qəbul edildikdən sonra leqallaşdırıldı. Kriptovalyuta sektoru 2049-cu ilədək vergilərdən azaddır və ölkə vətəndaşları rəqəmsal valyutalara sahib olmaq, onları almaq və satmaq hüququna malikdirlər.

Müəllif:  Elnur Quliyev

Leave a Reply