Azərbaycanda “InnoWeek – İnnovasiya həftəsi” keçiriləcək

Azərbaycanda 14-19 dekabr tarixlərində sayca üçüncü “InnoWeek – İnnovasiya həftəsi” keçiriləcək. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, İnnovasiyalar Agentliyi, “Azercell Telekom” MMC-nin birgə təşkilatçılığı, “BestComp Group” MMC, “BP” şirkəti və “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin baş sponsorluğu ilə baş tutacaq layihə, ölkəmizdə innovativ ideyaların yayılması, startap hərəkatının genişləndirilməsi, gənclər arasında innovativ düşüncə tərzinin inkişaf etdirilməsi məqsədilə həyata keçirilir. Koronavirus (COVİD-19) pandemiyası şəraitində “InnoWeek” çərçivəsində keçiriləcək müxtəlif yerli və beynəlxalq səviyyəli tədbirlər onlayn şəkildə təşkil ediləcək.

“İnnovasiyalar həftəsi”nin ilk tədbiri “I2B – İdeyadan Biznesə” layihəsinə həsr olunacaq. Layihəyə maraq göstərən daha geniş auditoriyanın toplanmasına şərait yaratmaq məqsədilə “I2B – İdeyadan Biznesə” mobil tətbiqi hazırlanıb. Bu mobil tətbiq iştirakçıların kommunikasiya rahatlığı, komandaların iş prosesi, mentorlarla əlaqə və başqa bir çox funksionallığı özündə ehtiva etməklə, layihənin onlayn formada davam etdirilməsinə imkan verəcək. 

14 dekabrda “Robopark” layihəsi çərçivəsində “Matrix Təlim Mərkəzi” tərəfindən “Advanced Data Science & Deep Learning – Qabaqcıl data elmi və dərin öyrənmə” adlı tədbirin təşkili nəzərdə tutulub. Məqsəd texnologiyanın sürətlə inkişaf etdiyi dövrümüzdə “Data Science” sahəsinə marağı artırmaq və bu istiqamətdə yerli mütəxəssislərin yetişdirilməsinə təkan verməkdir. Vebinar saat 20:00-da keçiriləcək və çərçivəsində “Data Science” sahəsinin dərinliklərindən, karyera imkanlarından bəhs olunacaq. Data sahəsi ilə maraqlanan hər bir şəxs vebinara qoşularaq müvafiq sektorda biliklərini təkmilləşdirə biləcək. Bu https://forms.gle/umdfKaRj7vNJqYnf8 linkə daxil olmaqla qeydiyyatdan keçib vebinarda iştirak etmək olar. 

14-15 dekabr tarixlərində, həmçinin onlayn kiber idman turnirinin təşkili nəzərdə tutulur. Turnir Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Mədəniyyət Nazirliyi və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Kiber İdman Federasiyası tərəfindən sosial izolyasiya tədbirləri çərçivəsində onlayn formada keçiriləcək. Yarışın qalibləri pul mükafatı ilə təltif ediləcək. Aşağıdakı qeydiyyat linklərinə daxil olmaqla, “Online Cyber Cup-2020”-də iştirak edə bilərsiniz:

• “PUBG Mobile Duo” oyunu üzrə: https://forms.gle/uz33fShLfLwHyqEt8

• Mortal Kombat 11” oyunu üzrə: https://forms.gle/hJT82HThiakhdYXMA 

15 dekabr tarixində “MHM-də ağıllı layihələr” adlı onlayn tədbir Məlumat Hesablama Mərkəzinin layihəsi olan “SmartCell” (üz tanıma) proqramı İtaliyanın Naples Federico II Universiteti ilə birgə təşkil ediləcək və məqsədi fərdi məlumatların təhlükəsizliyini təmin etməkdir. Əsasən maliyyə sektorlarında, mobil operatorların fəaliyyətində istifadə olunması nəzərdə tutulan “SmartCell” proqramının dövlət və özəl sektorda da tətbiqi planlaşdırılır. 

16 dekabr tarixində “Made in Azerbaijan: İnnovasiyalar və Texnologiyalar Forumu – MAİNTECH FORUM” keçiriləcək. Məqsəd Azərbaycan istehsalı olan innovativ və texnoloji məhsul və xidmətlərin daha geniş tanıdılması və onların ixracına dəstək olmaqdır. Tədbirdə yerli innovativ məhsul və texnologiyaların ixrac perspektivləri, innovativ biznes ekosisteminin inkişafı, yaradılan məhsul və xidmətlərdən ölkə daxilində həm özəl, həm də dövlət sektoru tərəfindən istifadənin təşviq edilməsi üzrə təqdimat və müzakirələr yer alacaq. Forumda dövlət qurumları, özəl sektor, beynəlxalq təşkilatlar, habelə, innovasiya ekosisteminin iştirakçıları, startaplar və xarici ölkələrdən olan nümayəndələrin onlayn iştirakı nəzərdə tutulur.

17 dekabrda “FemTech – Qadınlar texnologiyada” tədbiri keçiriləcək. Məqsəd qadınların texnologiya sahəsi üzrə maarifləndirilməsi, bu sahədə təhsilin vacibliyi və geniş iş imkanları barədə məlumatların verilməsi, texnologiya sahəsində fəaliyyət göstərən lider qadınlar arasında şəbəkənin yaradılmasıdır.

17-18 dekabr tarixlərində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və “FA International Trade Events” MMC-nin birgə təşkilatçılığı ilə “World Net Summit” adlı beynəlxalq onlayn konfrans təşkil ediləcək. Ən böyük onlayn texnologiya tədbiri olan “World Net Summit” beynəlxalq təşkilatların, dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri, mikro, kiçik və orta sahibkarlar, investorlar, ekspertlər və startapçıları bir araya gətirən mühüm platformadır. Onlayn konfransda “Apple” şirkətinin yaradıcılarından olan Stiv Voznyak, dünyanın ilk süni intellektli humanoid robotu “Sofiya”, “Hanson Robotiks” şirkətinin yaradıcısı David Hanson, “Entrepreneur” jurnalının baş redaktoru Jason Feifer və digər xarici ekspertlərin iştirakı nəzərdə tutulur.  “World Net Summit” çərçivəsində internet, maliyyə, bankçılıq, texnologiya, nəqliyyat, investisiya, biznes, sığorta, innovasiya və digər əlaqəli sahələri əhatə edən “Monex Summit Caspian”, “Global Influencer Day”, “Government Address”, “AutoTech Conf”, “StartUp Academy”, “Venture Summit”, “Corporate Innovation Forum” kimi beynəlxalq onlayn panelləri təşkil olunacaq (https://worldnetsummit.com/).

18 dekabrda “Innovation Awards” mükafatlandırma tədbiri keçiriləcək. Mükafatlandırma tədbiri zamanı 2019-2020-ci illər ərzində innovasiya fəaliyyəti istiqamətində müxtəlif nominasiyalar üzrə ən təşəbbüskar və fəal şirkət və layihələrin mükafatlandırılması baş tutacaq (http://innoweek.az/award/).

19 dekabrda “Devopsdays” beynəlxalq tədbiri keçiriləcək. “Devopsdays” dünya miqyasında proqram təminatı, İT infrastruktur əməliyyatları və onlar arasındakı kəsişmə mövzularını əhatə edən texniki konfranslar seriyasıdır.

19 dekabrda “InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində “Robopark” layihəsi “Girls Code Azerbaijan” platforması tərəfindən “The full lifecycle of Machine Learning projects – Maşın öyrənməsi proyektlərinə ümumi ortaq yanaşma” adlı tədbir təşkil olunacaq. Təlimdə bu proyektlərə ümumilikdə necə yanaşmalı, modelin öyrənilməsi üçün lazım olan datanın hazırlanması, test edilməsi, təxmin olunan dəyərlərin çatdırılması prosesləri və modelin müxtəlifliyinin əhəmiyyəti izah olunacaq. 19 dekabr saat 20:00-da başlayacaq vebinar-təlim 1 saat davam edəcək, maraqlanan hər bir şəxs vebinara qoşularaq, müvafiq sektorda biliklərini təkmilləşdirə bilər. Bu https://forms.gle/Zph8ohS8mKHRX8r6A linkə daxil olmaqla qeydiyyatdan keçib vebinarda iştirak etmək olar. 

Leave a Reply