Biznesin Inkişafında Rahat Güvənli Əməkdaşlıq (BİRGƏ) MMC

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin 13 noyabr 2019-cu il tarixli qərarı ilə mikro, kiçik və orta biznes subyektlərinə maliyyə dəstəyi göstərmək üçün “Biznesin İnkişafında Rahat və Güvənli Əməkdaşlıq (BİRGƏ)” MMC təsis edilmişdir. Nizamnamə kapitalı bir milyon manat olan BİRGƏ MMC-nin əsas məqsədi qeyri-neft sektorunu təmsil edən KOB subyektləri ilə birlikdə biznes layihələri həyata keçirmək və bununla da, ölkədə özəl sahibkarlıq fəaliyyətini müddətli kapital qoyuluşları hesabına stimullaşdırmaqdır.

BİRGƏ MMC ölkə miqyasında yeni və innovativ biznes sahələrinə maliyyə dəstəyi göstərməklə yanaşı, mövcud istehsal və emal sahələrinin genişləndirilməsini nəzərdə tutan maliyyə tədbirlərini də həyata keçirir. Mikro, kiçik və orta sahibkarlıq subyektləri ilə əməkdaşlıq çərçivəsində investisiya layihələri həyata keçirilərkən yatırılan sərmayə geri döndükdən sonra BİRGƏ MMC layihəni partnyor sahibkarın xeyrinə tərk edir. Müddətli kapital qoyuluşu konseptini özündə əks etdirən bu maliyyələşdirmə mexanizmi biznes layihələrdə kommersiya maraqları ilə yanaşı, sosial əhəmiyyət daşıyan özəl sahibkarlığın inkişafını və yeni iş yerlərinin açılması məqsədlərini də əsas tutur. BİRGƏ MMC maliyyə dəstəyi ilə yanaşı, ölkədə mövcud biznes və investisiya mühiti, vergi və gömrük güzəştləri və sahibkarlıq fəaliyyəti üçün tətbiq olunan üstünlüklər barədə KOB subyektlərinə məsləhət xidmətlərini də göstərir. Yerli maliyyə təşkilatları, o cümlədən potensial investorlarla sahibkarlar arasında vasitəçi rolunu oynayan BİRGƏ MMC əlavə maliyyə mənbələrinə çıxış imkanlarını verir.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin birgə əməkdaşlığı çərçivəsində BİRGƏ MMC-nin maliyyə dəstəyi ilə ilk dəfə olaraq qaçqın və məcburi köçkünlərin məskunlaşdığı yaşayış kompleksində məşğulluğun təmin olunması məqsədilə iki istehsal müəssisəsi – uşaq oyuncaqlarının istehsalı üzrə ixtisaslaşmış Tutu Toys və tibbi ləvazimatların istehsalı üzrə fəaliyyət göstərən Gill Med müəssisələri yaradılmışdır. Bakının Qaradağ rayonunda yerləşən “Qobu Park 3” yaşayış kompleksi ərazisində qurulan müəssisələr 2020-ci il mayın 28-i tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə yaşayış kompleksinin rəsmi açılışı zamanı fəaliyyətə başlamışdır.

“Qobu Park 3” yaşayış kompleksində 33 yeni iş yerinin yaradılması ilə nəticələnən Tutu Toys və Gill Med layihələri 100% olmaqla BİRGƏ İnvestisiya Şirkətinin tərəfindən maliyyələşdirilmiş və sahibkarlara bu müəssisələrdə çalışan işçilərin 80%-nin kompleksdə yaşayan məcburi köçkünlərdən ibarət olması öhdəliyi qoyulmuşdur. Layihələrin gələcək uğurunun təmin edilməsi və cari tapşırıqların yerinə yetirilməsi məqsədilə BİRGƏ MMC tərəfindən Tutu Toys və Gill Med müəssisələrinə mütəmadi olaraq inzibati və maliyyə dəstəkləri göstərilir.

        BİRGƏ MMC-nin dəstək olduğu sosial layihələrdən biri də “Bakı Abadlıq Xidməti” ilə birlikdə həyata keçirilən “Çiçəklənən Abşeron” layihəsidir. Layihənin məqsədi ölkəmizdə həyata keçirilən özünüməşğulluq siyasəti çərçivəsində yerli əhalinin daha çox gəlir əldə etməsinə dəstək olmaqla ailə təsərrüfatlarının inkişafına töhfə verməkdir. BİRGƏ MMC-nin koordinator olduğu layihə çərçivəsində Bakının qəsəbə və kəndlərində yaşayan ailələrə yetişdirilməsi üçün müxtəlif bitkilər paylanılır və bu bitkilər bir müddətdən sonra ailələrə verilən xidmət haqqı qarşılığında geri alınır. Ailələr öz həyətyanı sahələrində evlərini tərk etmədən bitkiləri yetişdirməklə əlavə gəlir əldə edir və ailə büdcələrinə dəstək olurlar. Abadlıq işlərində istifadə olunan bitkilər sonrakı mərhələdə kosmetik və farmaseptik məhsulların və yağların istehsalında istifadə olunmaqla emal sənayesinin inkişafına da müsbət töhvə verir.

Müəllif:  Elnur Quliyev

Leave a Reply