Hedcinq nədir?

Hedcinq (hedging) – ingilis dilindən tərcümədə zəmanət, sığorta mənasını verir və maliyyə bazarlarında risklərin sığortalanmasına yönələn bir tədbirdir. Sadə dillə desək, hedcinq – gələcəkdə bazar qiymətlərində gözlənilməz dalğalanma riskini minimallaşdırmaq məqsədilə hər hansı bir aktivin (əmtəə, valyuta, qiymətli kağızlar) qabaqcadan razılaşdırılımış bir qiymətə alınması və ya satılması barədə razılaşmadır. Yəni, gələcəkdə razılaşmanın hansı məbləğdə baş verəcəyini bilməklə alıcı və satıcı özlərini gözlənilməz qiymət dəyişikliyindən sığortalayır. Hedcinq – potensial qazancınızı azaltmaq bahasına özünüzü potensial riskdən qorumaq deməkdir.

Nümunə: N şirkəti buğda istehsalı ilə məşğul olur. Proqnozlara əsasən 4-6 aydan sonra buğdanın qiymətində əhəmiyyətli azalma gözlənilir. Bu halda şirkət rəhbərliyi gələcək qazanclarını itirməmək üçün 2 qərar qarşısında seçim etməlidir:

  1. Tədarük üzrə müqavilələrinin bir hissəsini satmaq, bununla da istehsal həcmini və xərclərini azaltmaq.
  2. Məhsulun qiymətini müəyyən bir müddət üçün fiksləşdirməklə alıcı şirkət ilə müqavilə bağlamaq.

Nəticə: Proqnozun səhv olduğu təqdirdə (buğda ucuzlaşmır, əksinə bahalaşır) şirkət yalnız planlaşdırılan mənfəəti əldə edəcək və qiymətlərin qalxması zamanı əlverişli vəziyyətdən istifadə edə bilməyəcək. Bu zaman buğdanı alan tərəf daha çox qazanc əldə edəcək. Əgər proqnoz özünü doğruldarsa N şirkəti öz risklərini sığortalamış olur və qiymətlərin enməsinə baxmayaraq qabaqcadan razılaşdırılmış qiymətə buğdanı satır.

Müasir maliyyə fəaliyyətlərində hedcinq, gələcəkdə aktivlərin dəyərinin mümkün dinamikasına təsir edərək pul risklərini idarə etməyə yönəlmiş bir sıra tədbirləri özündə cəmləşdirir. Hedcinq təcrübədə daha çox aşağıdakı aktivlər üzrə tətbiq edilir:

  • qiymətli kağızlar
  • valyutalar
  • qiymətli metallar
  • əmtəələr (neft, buğda, kofe və s.)

Müəllif:  Elnur Quliyev

Leave a Reply