Ukrayna kriptovalyutaları leqallaşdırdı

Ukrayna Ali Radası sentyabrın 8-si ölkədə kriptovalyuta ilə əməliyyatları tənzimləyən “Virtual aktivlər haqqında” qanun layihəsini ikinci oxunuşda qəbul etdi. Radanın 376 deputatından 276-sı layihəni dəstəkləyib. Bununla da, Ukraynada rəqəmsal aktivlərə hüquqi status verildi. Artıq ölkə vətəndaşları rəsmən kriptovalyutaları almaq, satmaq və ya sahib olmaq hüququna malik olacaq. Kriptovalyuta xidmətləri göstərən şirkətlər isə xüsusi icazə ilə fəaliyyət göstərəcəklər. Qanun layihəsinə əsasən kriptovalyutalar ölkə ərazisində rəsmi ödəniş vasitəsi kimi tanınmır lakin vətəndaşlar mal və ya xidmət üzrə kriptovalyuta ilə ödəniş etdiyi zaman vasitəçi operator şirkətlər rəqəmsal aktivi milli valyutaya konvertasiya edərək ödənişləri həyata keçirmək imkanı əldə edəcəklər. Yeni qaydalar, kriptovalyuta fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə bank hesabları açmaq, məhkəmələrdə mülkiyyət hüquqlarını müdafiə etmək və kriptovalyuta əməliyyatlarından əldə olunan gəlir vergisini ödəmək hüququnu verir. Bütün əməliyyatlar FATF-ın çirkli pulların yuyulması ilə mübarizə tələblərinə uyğun olaraq həyata keçirilir. Virtual aktivləri Rəqəmsal Transformasiya Nazirliyi, Mərkəzi Bank və Qiymətli Kağızlar və Fond Bazarı üzrə Milli Komissiya tənzimləyəcək.

Rəqəmsal Transformasiya naziri Mixail Fedorov teleqram səhifəsində Ali Radanın 276 deputatının rəqəmsal valyutalar haqqında qanun layihəsini dəstəklədiyini və bu qanunun qəbul olunmasının səbəblərini yazıb.

Leave a Reply