Fərid Osmanov: Mərkəzi Bank rəqəmsal manatla bağlı qərarlı deyil

Oktyabrın 26-da Bakı Konqres Mərkəzində Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının tərəfdaşı olduğu “Critical Infrastructure Defence Challenge 2023” (“CIDC-2023”) tədbiri çərçivəsində “Kritik informasiya infrastrukturlarının kibermüdafiəsində effektivlik necə təmin edilməlidir?” mövzusunda panel iclası keçirilib. Panel çıxışı zamanı Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) baş direktoru Fərid Osmanov qeyd edib ki, AMB yaxın zamanda rəqəmsal manatın tətbiqi ilə bağlı qərar verməyib.

Fərid Osmanov: “Beynəlxalq trendləri nəzərə alaraq, davamlı olaraq rəqəmsal valyuta ilə bağlı təhlillər aparırıq lakin onun tətbiqinə tələsmirik. Çünki təhlil zamanı bir sıra istiqamətlər nəzərdən keçirilməlidir. Bunun həm monetar siyasətə, həm iqtisadiyyata təsiri, kibertəhlükəsizlik məsələləri qiymətləndirilməlidir. Bu işi AMB-nin komandası həm ayrıca, həm də beynəlxalq tərəfdaşlarla birgə həyata keçirir. Təhlillər tam yekunlaşandan sonra rəqəmsal manatın tətbiqi imkanları dəyərləndiriləcək. Yəni, hələ ki, AMB bu məsələdə qərarlı deyil.”

Xatırladaq ki, 2021-ci ilin iyul ayında AMB-nin keçmiş rəhbəri Elman Rüstəmov onlayn mətbuat konfransında çıxışı zamanı rəqəmsal manatın yaradılması və istifadəsi ilə bağlı ilk dəfə Mərkəzi Bankın mövqeyini açıqlayarkən qonşu dövlətlərin bu sahədə təcrübələrinin araşdırdığını demişdi.

Leave a Reply