Dünyanın ən böyük investisiya nəhənglərindən biri olan BlackRock spot ethereum ETF (iShares Ethereum Trust) üçün ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) müraciət edib. Bu barədə SEC Form S-1 sənədində məlumat verib. Sənədə əsasən, iShares Ethereum Trust öz ETH aktivlərini “Coinbase Custody Trust Company” platformasında saxlayacaq. Fondun məqsədi, Kraken birjasının törəmə şirkəti olan CF Benchmarks-ın CME CF Bitcoin Reference Rate (BRR) göstəricisini etalon kimi istifadə edərək, ETH qiymətinin dinamikasını “tam əks etdirmək”dir. Xatırladaq ki, BlackRock artıq carı ilin iyun ayında spot bitcoin ETF üçün SEC-ə müraciət etmişdi. SEC-in qərarı ilə bağlı son tarix 2024-cu il 10 yanvar müyyən edilib.
Niyə “spot ethereum ETF” hazırda diqqət mərkəzindədir?
Məlumdur ki, dünyann böyük əksəriyyət ölkələrində kriptovalyutalara hələ də hüquqi status verilməyib. Yəni, kriptovalyutalar qanuni investisiya aləti hesab edilmir. Büdcəsinin müəyyən hissəsini rəqəmsal aktivlərə yatırıb pul qazanmaq istəyən şirkətlər və pərakəndə investorlar bunu sadəcə olaraq qeyri-qanuni olduğu üçün edə bilmirlər. Spot etehereum ETF, ETH-in qiymətini izləyən və onu spot bazarda satın alan birja ticarəti fondudur. Bu fond investora birbaşa etehereum almadan dolayı yolla onun qiymətinin dəyişməsində qazanmaq imkanı verir. İnvestorlar kriptovalyuta birjaları və elektron pul cüzdanları ilə məşğul olmaq əvəzinə, adi broker hesabları vasitəsilə Nasdaq, NYSE kimi beynəlxalaq birjalarda etehereum ETF səhmlərini ala bilər. Etehereum ETF, rəqəmsal valyutaya sahib olmaq və saxlamaqla bağlı risklər və mürəkkəbliklərdən narahat olmadan ETH-yə investisiya qoymağa üstünlük verən ənənəvi investorlar üçün daha əlverişli və əlçatan maliyyə alətidir. Gözlənilir ki, spot etehereum ETF-nin təsdiqlənməsi ənənəvi maliyyə və kriptovalyuta bazarları arasında boşluğu aradan götürə bilər.
Kriptovalyutalara əsaslanan spot ETF-lərin gələcəkdə təsdiqlənməsi kripto-sənaye üçün əhəmiyyətli bir inkişaf ola bilər, çünki onlar investorlara rəqəmsal aktivləri özləri satın almadan və saxlamadan birbaşa çıxış əldə etməyə imkan verəcəkdir. Bununla belə, SEC manipulyasiya risklərini və bazarın kifayət qədər tənzimlənmədiyini əsas gətirərək, spot kripto ETF-ləri üçün heç bir müraciəti hələ təsdiq etməyib.
Müəllif: Elnur Quliyev
