Kriptovalyutalarla bağlı neqativ mövqeyi ilə tanınan ABŞ Federal Ehtiyat Sisteminin (FES) keçmiş rəhbəri Canet Yellenə bitcoin hədiyyə edilib. Bitcoin hədiyyələr servisi olan Biterica-nın təsisçisi Raz Suprovici Canet Yellen-nin Berkeley Universitetindəki e-poçt ünvanına 0.0031642 BTC (təxminən 20 dollar) göndərib.
Raz Suprovici qeyd edib ki, xanım Yellenə bitcoin haqqında daha çox öyrənməyə kömək etmək üçün ona btc-hədiyyə göndərib. R.Suprovici: “Mən xanım Yellenin konfransda dediklərindən belə anladım ki, onun heç vaxt bitkoini olmayıb. İnsanlar adətən naməlumdan qorxurlar. Fikrimcə O, loqin və parol ilə öz e-cüzdanına daxil olduqda bunun tipik bir onlayn-bank hesabına çox oxşadığını başa düşəcək. Cüzdandakı pul onun nəzarəti altındadır və istənilən saniyədə onu xərcləyə bilər. Ümid edirəm ki, o bununla yeni texnologiyaya daha açıq olacaq”.
Canet Yellen həqiqətən də bu hədiyyəni aldığını etiraf edib. Keçmiş FES rəhbərinə bitkoini gələcəkdə necə istidaə edəcəyi ilə bağlı suala “hələ ki, bitkoinin istifadəsi ilə bağlı imkanları araşdırmamışam” deyə cavab verib.
Xatırladım ki, 2014-2018 illərdə FES-ə rəhbərlik etmiş Canet Yellen Kanadada keçirilən maliyyə formunda çıxışında bitkoinlə bağlı mövqeyinin dəyişmədiyini bir daha bəyan edib. C.Yellen: “Etiraf edim ki, mən bitkoinin fanatı deyiləm. Valyutanın faydalı olması üçün onun stabil olması vacibdir. Bitkoin isə başqadır. Onu stabil dəyər mənbəyi və ödənişlərin emalı üçün effektiv vasitə hesab etmirəm”.