Kriptovalyuta bazarında satış dalğası və investor qorxusu

Kriptovalyuta bazarında satış dalğası dərinləşir. 21 noyabr tarixində bitcoin 55.130 dollar, ethereum isə 1.538 dollar səviyyələrinə qədər geriləməsi investorların riskli aktivlərdən uzaqlaşdığını və bazarda satış təzyiqinin gücləndiyini göstərir. Bu proses yalnız kriptovalyuta sektorunun daxili amilləri ilə deyil, qlobal maliyyə bazarlarında baş verən geriləmə, institusional kapitalın çıxışı və korporativ bitcoin strategiyaları ilə bağlı narahatlıqlarla da əlaqəlidir. Hazırda kriptovalyuta bazarında satış dalğası və investor qorxusunun əsas səbəbləri izah etmək istəyirəm.

Qlobal bazarlarda risk iştahının azalması

Böyük texnologiya şirkətlərinin AI infrastrukturu üçün ayırdığı investisiyaların gəlirliliyi, artan borclanma xərcləri və faiz dərəcələrinin yüksək qalacağı gözləntiləri investorları daha ehtiyatlı davranmağa sövq edir. ABŞ fond bazarında satışların güclənməsi kriptovalyutalara da təsir göstərib. Nasdaq Composite və S&P 500 indekslərindəki geriləmə investorların riskli aktivlərdən kapital çıxarması ilə müşayiət olunur. Bitcoin və Ethereum da bu tendensiyanın təsirindən kənarda qalmayıb.

BlackRock-un Bitcoin ETF-indən milyardlarla dollar çıxış

Kripto bazarına təzyiqi artıran əsas amillərdən biri institusional investorların Bitcoin ETF-lərindən vəsait çıxarmasıdır. BlackRock-un spot Bitcoin ETF-i IBIT noyabr ayında ciddi kapital çıxışı ilə üzləşib. 19 noyabrda fond üzrə bir günlük xalis çıxış 541,1 milyon dollar təşkil edib. Noyabrın 19-na qədər ABŞ spot Bitcoin ETF-lərindən ümumi kapital çıxışı 3,47 milyard dolları ötüb. 20 noyabrın ilkin göstəriciləri nəzərə alındıqda bu məbləğ təxminən 3,59 milyard dollara yüksəlib. IBIT-dən 30 oktyabr – 13 noyabr tarixləri arasında ardıcıl 11 ticarət günü ərzində 2,35 milyard dollar çıxış qeydə alınıb. Bu göstəricilər institusional investorlar arasında Bitcoin-ə marağın zəiflədiyini və bazarda alıcı dəstəyinin azaldığını göstərir. ETF-lərdən kapital çıxışı fondların bitcoin ekspozisiyasını azaltmasına səbəb ola bilər ki, bu da bazardakı satış təzyiqini gücləndirən amillərdən biridir.

Strategy-nin indekslərdən çıxarılması xəbəri əlavə narahatlıq yaradır

Bitcoin-in ən böyük korporativ sahiblərindən biri olan Strategy (əvvəlki adı MicroStrategy) ilə bağlı xəbərlər də bazara mənfi təsir göstərir. MSCI şirkətin 30 noyabr tarixindən etibarən bir sıra indekslərindən çıxarılması qərarını açıqlayıb. Bu qərar həmin indeksləri izləyən passiv investisiya fondlarının MSTR səhmlərini satmasına səbəb ola bilər. Bazar qiymətləndirmələrində mümkün satış həcminin milyardlarla dollar təşkil edə biləcəyi qeyd olunur. Strategy uzun müddət kapital bazarlarından və səhmlərinin qiymət dinamikasından istifadə edərək bitcoin alışlarını artıran əsas korporativ alıcılardan biri olub. Şirkətin indekslərdən çıxarılması, səhmlərinə təzyiq və kapital cəlb etmə imkanlarının zəifləməsi gələcək bitcoin alışlarının sürətinə təsir edə bilər. Bu xəbər Bitcoin-in birbaşa satılması demək olmasa da, bazarda mühüm alıcı rolunu oynayan şirkətin gələcək davranışı ilə bağlı qeyri-müəyyənliyi artırır.

Likvidasiyalar enişi daha da sürətləndirir

Bitcoin və Ethereum qiymətlərinin kritik səviyyələrdən aşağı düşməsi yüksək levereclə açılmış long mövqelərin likvidasiyasına səbəb olur. Treyderlərin mövqeləri avtomatik bağlandıqca əlavə satışlar yaranır və qiymət aşağı düşdükcə yeni likvidasiyalar baş verə bilər. Bu mexanizm bazarda enişi sürətləndirən zəncirvari proses yaradır. Xüsusilə altcoinlər və likvidliyi zəif olan aktivlər belə vəziyyətlərdə daha böyük qiymət itkiləri ilə üzləşə bilər.

Altcoinlər, DeFi və investor əhval-ruhiyyəsi

Bitcoin-in ucuzlaşması kripto bazarının digər seqmentlərinə də təsir edir. Altcoinlərdə satışlar daha kəskin ola, DeFi protokollarında girovların dəyəri azala və kredit mövqelərinin likvidasiyası riski arta bilər. İnvestorların risk iştahının azalması yeni kapitalın bazara daxil olmasını zəiflədir. Bu isə qiymətlərin bərpasını çətinləşdirə və bazarda yüksək volatilliyin davam etməsinə səbəb ola bilər.

Bazarın dönüşü üçün hansı siqnallar vacibdir?

Bitcoin və ethereum-un hazırkı enişi qlobal fond bazarlarında risklərin yenidən qiymətləndirilməsi, ETF-lərdən kapital çıxışı, Strategy ilə bağlı indeks dəyişiklikləri və leverecli mövqelərin likvidasiyası kimi bir neçə amilin üst-üstə düşməsi nəticəsində baş verir. Bazarın sabitləşməsi üçün ETF-lərə kapital axınının yenidən başlaması, satış təzyiqinin zəifləməsi, likvidasiyaların azalması və qlobal maliyyə bazarlarında risk iştahasının bərpası vacib olacaq. Hazırkı eniş yeni alış imkanlarının formalaşması ilə nəticələnə bilər, lakin qiymətlərin aşağı düşməsi özlüyündə bazarın dibə çatdığını təsdiqləmir. Növbəti mərhələdə investorların diqqəti kapital axınlarına, makroiqtisadi xəbərlərə və bitcoin-in əsas dəstək səviyyələrini qoruyub-qoruya bilməyəcəyinə yönələcək.

Müəllif: Elnur Quliyev

Bir cavab yazın