İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin 2019-ci ilin sentyabr ayı üçün “İxrac İcmalı”-ı təqdim olunub. Hesabata əsasən 2019-cu ilin yanvar-avqust ayları ərzində ölkəmizin ixracı 13,5 milyard ABŞ dolları təşkil edib və ötən ilin müvafiq dövrünə nisbətən 633 milyon dollar və ya 5 faiz artıb. Bu müddətdə qeyri-neft sektoru üzrə 1 milyard 277 milyon dollar dəyərində ixrac həyata keçirilib. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin 8 ayında qeyri-neft sektoru üzrə ixrac 184 milyon dollar və ya 17 faiz artıb.
2019-cu ilin yanvar-avqust ayları ərzində Rusiyaya 427,1 milyon, Türkiyəyə 278,6 milyon, İsveçrəyə 111,5 milyon, Gürcüstana 110,4 milyon və İtaliyaya 33,5 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
“İxrac İcmalı”nın sentyabr sayında qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin reytinqi verilib. Bu ilin yanvar-avqust ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar: “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, “Socar Polymer” MMC, “MKT İstehsalat Kommersiya” MMC, “Nine Climate” MMC, “Global Export Fruits” MMC, “Baku Steel Company”, “Sun Food” MMC, “Azərbaycan Şəkər İstehsalat Birliyi ” MMC, “Caspian enerji-2020” MMC, “P-Aqro” MMC.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına isə ARDNŞ-nın “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: “Azəralüminium” MMC, “Azərenerji” ATSC, “Azergold” QSC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərbaycan Hava Yolları” QSC, “CTS-Agro” MMC, “Azərikimya” İB, “Azərtütün Aqrar Sənaye Kompleksi” MMC, “Azəripək” MMC.
2019-cu ilin yanvar-avqust ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor (141,5 milyon dollar) liderliyini qoruyub. Bu siyahıda qızıl (107,7 milyon dollar) ikinci və pambıq mahlıcı isə (85,1 milyon dollar) üçüncü yerdə qərarlaşıb.
Ümumiyyətlə, 2019-cu ilin 8 ayı ərzində meyvə-tərəvəz ixracı 361,7 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 136,8 milyon, pambıq lifi ixracı 86,2 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 81,3 milyon, kimya sənayesi məhsullarının ixracı 68,5 milyon, elektrik enerjisinin ixracı 58,4 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 41,4 milyon, alkoqollu və alkoqolsuz içkilərin ixracı 18,9 milyon, pambıq ipliyi ixracı 20,2 milyon, şəkər ixracı 20,1 milyon dollar təşkil edib.
Mənbə: iqtisadiislahat.org