CV nə üçün lazımdır?

    İşsizlik insanların müəyyən hissəsinin öz iş qüvvəsini tətbiq edə bilmədiyini əks etdirən sosial-iqtisadi hadisədir və demək olar ki, bütün ölkələrdə mövcuddur. Azərbaycanda da işsizlik problemi hazırda ən aktual mövzulardan biridir. Son zamanlar ətrafımızda gördüyümüz səhnə isə eynidir: iş tapmaqda çətinlik çəkən insanların sayı durmadan artır, insanlar hər yerə CV-lər göndərirlər, müsahibələrə gedirlər lakin yenə də iş tapmaq çətindir. İş axtaran amma tapa bilməyən insanlardan daim eşitdiyimiz klassik şikayətlər var:

  • çox yerə CV vermişəm amma görüşə dəvət etməyiblər;
  • bizdə CV-yə baxan yoxdur – göndərirəm lakin nəticə vermir;
  • CV ilə iş tapmaq real deyil – tapşırmaq lazımdır.

   Bu gün Azərbaycanda iş var. Hazırda şirkətlərin əksəriyyəti mütəmadi olaraq işçi, mütəxəssis və rəhbər axtarışındadırlar. Şikayət edənlərin əslində, iş tapmaq ehtimalı yüksəkdir: ali təhsil də var, xarici dil də, məsuliyyət, təcrübə və s. Niyə o zaman onların CV-ləri nəzərə alınmır, şirkətlər onları görüşlərə dəvət etmir və onları işə götürmürlər? Əksər hallarda problem məhz elə iş axtaranların özlərindədir – daha dəqiq desək, onların CV-lərində və müsahibədəki davranışlarında. CV-lərin böyük hissəsi nəinki iş həyatı standartlarına uyğun deyil – heç sadə bir kontrolu keçə bilmir.

CV nə üçün önəmlidir?

  • Sizi şəxsən tanımayan bir insanın Sizin həm peşəkar, həm də şəxsi keyfiyyətləriniz haqqında məlumat alacağı ilk mərhələdir;
  • Sizin peşəkar bacarıqlarınıza əlavə olaraq CV həm də insanın detallara qarşı olan yanaşmasını göstərir;
  • CV hər birinizin kartvizitidir, şəxsi brend, stil və özünüzü təqdim etmə bacarığınızı göstərən sənəddir;
  • CV-ni “soyuq satışlarla” müqayisə etmək olar və burada məqsəd bir sonrakı mərhələyə, müsahibəyə dəvət əldə etməkdir;
  • CV vasitəsilə potensial işəgötürənin diqqətini özünüzə cəlb edə bilərsiniz ki, Sizi tanımayan insan Sizi görmədən görüşmək istəsin.

Job competition. Candidates hold cv resume. Recruitment and human resource vector concept

 CV hazırlayarkən 6 əsas xüsusiyyəti nəzərə almaq lazımdır:

  1. CV məzmunu. CV-nin məzmunu aydın şəkildə sizin peşəkar məqsədləriniz və bacarıqlarınız haqqında məlumat verməlidir. Heç kim sizin demək istədiklərinizi kəşf etmək məcburiyyətində deyil. Hər gün onlarla CV analiz edən insanlar CV-də yazılmayanları təsəvvür edə bilməzlər. CV-ni sistemli şəkildə özünüz haqqınızda təqdimat olaraq düşünməlisiniz. Buna görə də ikinci dərəcəli bütün məlumatlardan uzaq durun və ancaq vacib məqamları qeyd edin. Məqsədiniz CV-də çox yazı yazmaq olmamalıdır, keyfiyyət baxımından əhəmiyyətli məlumatlar yazılmalıdır. CV iki səhifədən uzun olmamalıdır. CV-də getdiyiniz bütün seminar, kurs, təlim, konfransların siyahısını yazmayın. Ən əsas üç təlim və ya seminarı qeyd edin və onlarla əlaqəli suallara hazır olun;
  2. Qrammatik səhvlər. CV-yə baxarkən ən çox narahat edən məsələlərdən biri qrammatik səhvlərin olmasıdır. Mətndə çox sadə qrammatik səhvlərə yol verən insan savadsız və səliqəsiz insan olaraq qəbul edilir;
  3. İş təcrübəsi. İşlədiyiniz şirkətlərin adlarını (əgər hamı tərəfindən tanınmırsa) yazanda hansı sahədə fəaliyyət göstərdiyini və hansı məhsul və ya xidmətləri təklif etdiyini də qeyd edin. İş təcrübəniz haqqında yazanda ümumi vəzifə öhdəliklərinin geniş şəkildə yazılması yerinə əsas üç işi yazdıqdan sonra əldə etdiyiniz nailiyyətləri də qeyd edə bilərsiz. Bu, çox vacib xüsusiyyətdir: insanın nəinki lakonik və dəqiq olmasını göstərir bu, həm də işaxtaranın müvəffəqiyyəti ölçə bildiyinin nümunəsidir;
  4. Foto. CV-dəki şəkliniz rəsmi və yeni çəkilmiş olmalıdır – üç il öncəki yox. Bəzən elə müsahibəyə gələn və CV-dəki şəkildə olan insanlar fərqli insanlar kimi görsənir.
  5. Müşayiət məktubu. CV rəsmi bir sənəd kimi qəbul edin və özünüz haqqınızda demək istədiyiniz hər şeyi ona daxil edə bilmərisz. Misal üçün, CV-də “niyə məhz bu şirkətdə işləmək istəyirəm” yaza bilməzsiniz. CV-də emosiyaları göstərmək mümkün olmur. Müşayiət məktubu sizin özünüz haqqınızda danışmaq və əlavə məlumat vermək imkanlarınızı artırır. Müşayiət məktubunun əsas məqsədi işəgötürənin diqqətini cəlb etmək və yadında qalmaqdır.
  6. CV göndərmək. Bunun üçün ən ideal iş günləri 2-4 ci günlər, iş saatları isə 10:00-12:00 və 15:00-17:00 aralığıdır.

     Bunları etməyin!

  • CV-nizi dövlət qurumlarının hazır formalarında hazırlamayın. Bu formlar çox uzun və mənasız məlumatlarla dolu olur. CV-nin əsas məqsədi sizin bacarıq və keyfiyyətlərinizi qısa, konkret, məntiqli və ardıcıl şəkildə göstərməkdir. Misal üçün, standart CV formasında bir xanımın “Əsgərlik” bölümündə “olmamışam” yazması artıqdır;
  • İngiliscə bilmirsinizsə, CV-nizin bu dildə hazırlanmasının heç bir mənası yoxdur. Dəfələrlə şahidi oluruq ki, ingiliscə CV-si olan bir insan CV-də yazılanlar haqqında məlumatlı deyil;
  • CV-də “kompüter bilikləri” bölməsində “İnterneti bilirəm” yazmayın. Əgər belə bəsit bir məsələni qeyd edirsinizsə, o zaman “iki əlim var” da yazmaq olar;
  • CV-də emosinal vədlər – “tez öyrənirəm”, “çox bacarıqlıyam” “qarantiya edirəm”  yazmayın;
  • İş elanlarını diqqətlə oxuyun. Bəzən namizəd müsahibəyə dəvət edilir və görüş vaxtı elanda yazılan işə aid tələbləri və maaş barədə məlumatsız olduğu müəyyən olunur. Misal üçün, bir insanın dərman aldığını düşünək. Dərmanı ancaq “dərman” olduğuna görə alıb və tərkibini, hansı xəstəlikləri və nə qədər zamana müalicə etməsini oxumadan içmək nə qədər məntiqli olar?
  • Səhv və doğru olmayan məlumatları CV-də yazmayın. Unutmayın ki, hər gün onlarla insanlarla görüşlər keçirən HR mütəxəssisi artıq bu mövzularda kifayət qədər təcrübə toplamış olur. CV-də yazdığınız hər bir cümləyə görə məsuliyyət hiss edin;
  • CV göndərilən zaman E-mail mövzusunu düzgün yazın.  Əksər işəgötürənlər CV-nin hansı vakansiyaya göndərildiyini əvvəlcədən təyin etmək üçün mövzu yerində vakansiyanın adını qeyd etməyə xahiş edirlər. Bu qaydalara riayət etməyən namizədlərin CV-lərinə baxılmır. Əgər işçi ona verilən ilkin və çox asan tapşırığı düzgün icra edə bilmirsə, digər tapşırıqların öhdəsindən necə gələ biləcək?
  • CV sənədinin adını düz qoyun! Hər bir işəgötürənin emailına gündəlik yüzlərlə CV daxil olur. Sonra O, bütün CV-ləri vakansiyaya və adlara görə (misal üçün: Ömər Quluzade CV .pdf) çeşidləməlidir.

45

 İş təcrübəsi haqqında 

  1. Təcrübəniz yoxdursa, sizi işə götürənə qaşrı minnətdarlıq hiss edin – Sizə işi öyrədəcək, hələ üstəlik pul da verəcək;
  2. Təcrübəniz yoxdursa, nə maaş versələr, qəbul edin. Düşünün ki, sizə dərs keçirlər və ödəniş də edirlər. Siz oradan getdikdən sonra başınız və içindəki bilikləri də özünüzlə aparacaqsınız. Əsas pul və karyera isə oradadır;
  3. Sizin məhsul keyfiyyətlidir ancaq heç kim ona istədiyiniz qiyməti vermirsə, o zaman məhsulu potensial alıcılara tanıtmaq məqsədilə qiyməti endirin. Az maaşla, o da olmazsa, pulsuz işləyin! “Bəs məni üç ay sonra çıxarsalar, nə olacaq?” TƏCRÜBƏ qalacaq! Təcrübə qazanmış olacaqsınız və bir sonrakı iş yerinə gedəndə “Təcrübəm var” demək şansını əldə edəcəksiniz;
  4. Sizin bilikləriniz satışa çıxardığınız məhsuldur. Bu məhsulun rəqabət üstünlüyü olmalıdır.

     İş axtarmaqla bağlı aşağıdakı faktorları nəzərə alın:

  • İş tapmaq hər zaman çətin olub. “Iş tapmaq” nəticədirsə, bu nəticəyə müəyyən addımların toplusu gətirəcək.  “CV hazırlama” + “CV göndərmə” + “Müsahibə” kimi vacib mərhələlər var. Hər mərhələ mükəmməl olmalıdır ki, nəticə olsun;
  • Ruhdan düşməyin. 3-5 yerə CV göndərməklə iş bitməz. Bir neçə şirkətə müraciət etməklə iş tapmaq ÇOX nadir bir haldır. Bu, artıq müxtəlif münasib şərtlərin bir araya gəlməsi deməkdir. İşinizi, karyeranızı və peşəkar inkişafınızı şansa buraxmaq istəmirsinizsə, belə etməyin. Yüzlərlə şirkətə müraciət etmək lazımdır ki, onların içindən maraqlı olanlar şəxsən sizi görüşə dəvət etsin;
  • Unutmayın ki, hər gün işə götürmə mütəxəssisi yüzlərlə CV-yə nəzər yetirir və bəzən onlarla insanlarla müsahibələr keçirir. Sizin üçün bir hadisə olan görüş o insan üçün 20 görüşdən biridir. Hər görüşdən sonra yadda qalmağı bacarmalısınız;
  • “Ofis işi “axtarmayın. “Ofis işi” dövrü bitib;
  • Çox yerə müraciət etdiniz və yenə də alınmırsa, demək ki, yenə də haradasa problem var. Ruhdan düşməyin! Müvəffəqiyyət 3-4 cəhdin nəticəsi olsaydı, hərkəs müvəffəq olardı;
  • Həyatda çətinliklər olur və hər zaman olacaq. Çalışın, vuruşun, çabalayın! Heç bir zaman öz inkişafınızı durdurmayın. Ən dibə dəydiyiniz anda belə heç bir şey olmamış kimi müsbət olun və öz üzərinizdə işləyin!

 Unutmayı!

   CV – iş tapmaq və peşəkar məqsədlərimizə çatmaq üçün ilk və ən vacib addımlardan biridir. Öz bilikləriniz, bacarıqlarınız və məqsədləriniz haqqında elə tərzdə məlumat vermək lazımdır ki, sizi tanımayan insan sizi ikinci mərhələ olan müsahibəyə dəvət etsin.

 

CV hazırlamaq üçün saytlar

 

Mənbə: agayev.az

 

 

One comment

Leave a Reply