“Silk Road” – darknet marketplace haqqında film

Lionsgate şirkəti tərəfindən çəkilən “Silk Road” filmi 2021-ci ilin fevral ayında amerika kinotetarlarında ekrana buraxılacaq. Silk Road ticarət platformasının yaradıcısı Ross William Ulbricht həyatından bəhs edən “Silk Road” filmi David Kuşnerin “Rolling Stone” jurnalında dərc edilən Dead End on Silk Road adlı məqaləsinə əsaslanır. Filmin rejisoru Tiller Russell, baş rol ifaçısı isə Nick Robinson olub. Filmin çəklişləri 2019-cu ilin iyun ayında başlayıb və cari ilin aprel ayında Tribeca film festivalında dünya premyerasına təqdim edilsə də, Covid-19 pandemiyası səbəbindən festival təxirə salınmışdı.

Silk Road (silkroad6ownowfk.onion) – ödəniş vasitəsi kimi bitcoini qəbul edən və əsas satış predmeti yüngül narkotiklər (marixuana, ekstazi) olan onlayn-mağaza idi. Alıcı və satıcıların anonimliyi tam təmin olunan platformada oğurlanmış incəsənət əsərləri, soyuq silahlar, saxta sənədlərin hazırlanması və xaker hücumlarının təşkili kimi xidmətlər də təklif olunurdu. Federal Təhqiqatlar Bürosunun hesablamalarına əsasən Silk Road internetdə ən böyük “cinayətkar bazarı” olmaqla yanaşı iki il ərzində 1.2 milyard dollar qazanc əldə edib. 2013-cü ilin oktyabr ayında Ross Ulbrixt həbs edilir və ona məxsus notebookdan 174.000 bitcoin müsadirə edilir. Ona qarşı çirkli pulların yuyulması, narkotik ticarəti və xaker fəaliyyəti maddələri üzrə cinayət işi üzrə 29 may 2015-ci ildə ömürlük azadlıqdan məhrum edildi.

“Silk Road” Lionsgate şirkətinin kriptovalyuta mövzusuna həsr edilmiş ilk filmi deyil. Lionsgate 2019-cu ilin aprel ayında kriminal triller janrında çəkilən “Crypto” adlı filmi təqdim etmişdi. Baş rolları Kurt Russel, Alexis Bledel, Beau Knapp, Luke Hemworth ifa ediblər. Filmin süjet xəttini xüsusi xidmət orqanı əməkdaşının rus mafiyasının da iştirak etdiyi çirkli pulların yuyulması sxeminin araşdırması təşkil edir.

Müəllif:  Elnur Quliyev

Leave a Reply