Birgə İnvest investisiya şirkəti

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin 13 noyabr 2019-cu il tarixli qərarı ilə mikro, kiçik və orta biznes subyektlərinə maliyyə dəstəyi göstərmək üçün “Biznesin İnkişafında Rahat və Güvənli Əməkdaşlıq (BİRGƏ)” MMC təsis edilmişdir. 15 mart 2021-ci il tarixində adı dəyişdirilərək Birgə İnvest MMC adlandırılıb. Nizamnamə kapitalı 4.500.000 manat olan Birgə İnvest MMC-nin əsas məqsədi qeyri-neft sektorunu təmsil edən KOB subyektləri ilə birlikdə biznes layihələri həyata keçirmək və bununla da, ölkədə özəl sahibkarlıq fəaliyyətini müddətli kapital qoyuluşları hesabına stimullaşdırmaqdır. Birgə İnvest MMC-nin əsas fəaliyyət istiqamətləri:

  1. Start-up və scale-up (biznesin genişləndirilməsi) layihələrə müddətli və məqsədli investisiya qoyuluşlarınının həyata keçirilməsi;
  2. Kommersiya təşkilatlarının və təsərrüfat cəmiyyətlərinin nizamnamə kapitalındakı iştirak paylarını əldə etmək;
  3. Biznes subyektlərinin inkişafını stimullaşdırmaq məqsədilə yerli və xarici investorlarla əməkdaşlıq etmək, o cümlədən investisiya layihələrinin həyata keçirilməsi üçün onlarla birlikdə müəssisələr təsis etmək.

Birgə İnvest ölkə miqyasında yeni və innovativ biznes sahələrinə maliyyə dəstəyi göstərməklə yanaşı, mövcud istehsal və emal sahələrinin genişləndirilməsini nəzərdə tutan maliyyə tədbirlərini də həyata keçirir. Mikro, kiçik və orta sahibkarlıq subyektləri ilə əməkdaşlıq çərçivəsində investisiya layihələri həyata keçirilərkən yatırılan sərmayə geri döndükdən sonra Birgə İnvest layihəni partnyor sahibkarın xeyrinə tərk edir. Müddətli kapital qoyuluşu konseptini özündə əks etdirən bu maliyyələşdirmə mexanizmi biznes layihələrdə kommersiya maraqları ilə yanaşı, sosial əhəmiyyət daşıyan özəl sahibkarlığın inkişafını və yeni iş yerlərinin açılması məqsədlərini də əsas tutur.

İnvestisiya layihələrinin seçilməsi meyarları:

  • İnvestisiya layihəsinin rentabelli və kommersiya cəhətdən səmərəli olması;
  • Layihə üzrə istehsal olunan məhsul və ya xidmətin ixracyönümlü olması və idxalı əvəz etməsi;
  • İnvestisiya layihəsinin idarə olunması üçün müvafiq biznes fəaliyyəti üzrə ixtisaslaşmış peşəkar komandanın mövcudluğu;
  • Məşğulluq imkanlarının artırılması və həssas kateqoriyadan olan şəxslərin işlə təmin olunması;
  • Regionların inkişafına təsir etməsi;
  • İnvestisiya qoyuluşunun böyük hissəsinin əsas vəsaitlərin əldə olunmasına yönəldilməsi;
  • İstehsal edilən mal və yə xidmətlər üzrə innovativ texnologiyaların tətbiqi;
  • İnvestisiya layihəsi üzrə maliyyə (mühasibat) hesabatlarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun aparılması;
  • Birgə İnvest-in investisiya qoyuluşu üzrə müəyyən edilmiş məqsədlərinə uyğun olması.

Birgə İnvest maliyyə dəstəyi ilə yanaşı, ölkədə mövcud biznes və investisiya mühiti, vergi və gömrük güzəştləri və sahibkarlıq fəaliyyəti üçün tətbiq olunan üstünlüklər barədə KOB subyektlərinə məsləhət xidmətlərini də göstərir. Yerli maliyyə təşkilatları, o cümlədən potensial investorlarla sahibkarlar arasında vasitəçi rolunu oynayan Birgə İnvest əlavə maliyyə mənbələrinə çıxış imkanlarını verir.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin birgə əməkdaşlığı çərçivəsində Birgə İnvest-in maliyyə dəstəyi ilə ilk dəfə olaraq qaçqın və məcburi köçkünlərin məskunlaşdığı yaşayış kompleksində məşğulluğun təmin olunması məqsədilə iki istehsal müəssisəsi – uşaq oyuncaqlarının istehsalı üzrə ixtisaslaşmış Tutu Toys MMC və tibbi ləvazimatların istehsalı üzrə fəaliyyət göstərən Gill Med MMC müəssisələri yaradılmışdır. Bakının Qaradağ rayonunda yerləşən “Qobu Park 3” yaşayış kompleksi ərazisində qurulan müəssisələr 2020-ci il mayın 28-i tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə yaşayış kompleksinin rəsmi açılışı zamanı fəaliyyətə başlamışdır.

“Qobu Park 3” yaşayış kompleksində 63 yeni iş yerinin yaradılması ilə nəticələnən Tutu Toys və Gill Med layihələri 100% olmaqla Birgə İnvest tərəfindən maliyyələşdirilmiş və sahibkarlara bu müəssisələrdə çalışan işçilərin 80%-nin kompleksdə yaşayan məcburi köçkünlərdən ibarət olması öhdəliyi qoyulmuşdur. Layihələrin gələcək uğurunun təmin edilməsi və cari tapşırıqların yerinə yetirilməsi məqsədilə Birgə İnvest tərəfindən Tutu Toys və Gill Med müəssisələrinə mütəmadi olaraq inzibati və maliyyə dəstəkləri göstərilir.

       Birgə İnvest-in dəstək olduğu sosial layihələrdən biri də “Bakı Abadlıq Xidməti” ilə birlikdə həyata keçirilən “Çiçəklənən Abşeron” layihəsidir. “Çiçəklənən Abşeron” layihəsinin məqsədi özünüməşğulluğun inkişafına, aztəminatlı ailələrin əlavə gəlir əldə etməsinə və ailə təsərrüfatlarının inkişafına dəstək olmaq, həmçinin yaşıllıqların artırılmasına, bitkiçiliyin və kənd təsərrüfatı emalının inkişafına töhfə verməkdir. Birgə İnvest-in koordinator olduğu layihə çərçivəsində Bakının qəsəbə və kəndlərində yaşayan ailələrə yetişdirilməsi üçün müxtəlif bitkilər paylanılır və bu bitkilər bir müddətdən sonra ailələrə verilən xidmət haqqı qarşılığında geri alınır. Ailələr öz həyətyanı sahələrində evlərini tərk etmədən bitkiləri yetişdirməklə əlavə gəlir əldə edir və ailə büdcələrinə dəstək olurlar. Layihə çərçivəsində Balaxanı, Zirə, Novxanı, Əmircan, Ramana və Pirşağı qəsəbələrində yaşayan 600-dən çox aztəminatlı ailəyə 270 minə yaxın müxtəlif bitkilər (lavanda, bibəriyə) verilib. Abadlıq işlərində istifadə olunan bitkilər sonrakı mərhələdə kosmetik və farmaseptik məhsulların və yağların istehsalında istifadə olunmaqla emal sənayesinin inkişafına da müsbət töhvə verir.

Müəllif:  Elnur Quliyev

Leave a Reply