Kriptovalyuta bazarının növbəti artımını iki əsas amil – real aktivlərin tokenləşdirilməsi və süni intellekt agentlərinin inkişafı dəstəkləyə bilər. Bu barədə BitMine şirkətinin Direktorlar Şurasının sədri və Fundstrat Capital şirkətinin həmtəsisçisi Tom Li bildirib. Onun sözlərinə görə, süni intellekt agentlərinin iqtisadi və maliyyə əməliyyatlarında daha geniş istifadə olunması rəqəmsal ödənişlərə və blokçeyn infrastrukturuna tələbi artıra bilər. Digər mühüm istiqamət isə daşınmaz əmlak, qiymətli metallar, istiqrazlar və digər real aktivlərin blokçeyn üzərində tokenləşdirilməsidir. Li hesab edir ki, bu proses ənənəvi maliyyə bazarlarının rəqəmsal aktiv infrastrukturu ilə inteqrasiyasını sürətləndirəcək.

Tom Li həmçinin Ethereum-un gələcək rəqəmsal maliyyə sistemində mühüm infrastruktur rolunu oynaya biləcəyini qeyd edib. Ethereum-un maliyyə sektorunda əhəmiyyəti yalnız tranzaksiyaların həyata keçirilməsi üçün tələb olunan komissiyalarla məhdudlaşmır. Onun sözlərinə görə, şəbəkənin təhlükəsizliyi, yüksək likvidliyi və yeni maliyyə alətləri üçün infrastruktur kimi istifadə oluna bilməsi Ethereum-a tələbi formalaşdıran əsas amillər sırasındadır. Bu baxımdan Ethereum təkcə kriptovalyuta kimi deyil, gələcək rəqəmsal maliyyə sisteminin texnoloji infrastrukturlarından biri kimi nəzərdən keçirilir.
