İnvestisiya təşviqi sənədi nədir?

İnvestisiya təşviqi sənədi – investisiya fəaliyyətinin genişləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması və yeni sənaye müəssisələrinin yaradılmasının dəstəklənməsi məqsədi ilə müvafiq qanunlar ilə müəyyən edilmiş güzəştləri əldə etməyə əsas verən sənəddir. İnvestisiya təşviqi sənədi əsasında Azərbaycan Respublikasının Vergi Məcəlləsi“Gömrük tarifi haqqında” Qanunu ilə müəyyən edilmiş güzəştlər aşağıdakılardır:

  • 7 il müddətində fərdi sahibkarın gəlirinin, hüquqi şəxsin mənfəətinin 50%-i vergidən azad olma;
  • İqtisadiyyat Nazirliyinin təsdiqedici sənədi əsasında texnika, texnoloji avadanlıq və qurğuların idxalının həyata keçirilməsi 7 il müddətinə ƏDV-dən azad olma;
  • investisiya təşviqi sənədi alındığı andan müvafiq əmlakına görə 7 il müddətinə əmlak vergisini ödəməkdən azad olma;
  • investisiya təşviqi sənədi alındığı andan mülkiyyətində və ya istifadəsində olan müvafiq torpaqlara görə 7 il müddətinə torpaq vergisini ödəməkdən azad olma;
  • İqtisadiyyat Nazirliyinin təsdiqedici sənədi əsasında texnika, texnoloji avadanlıq və qurğuların idxalı 7 il müddətinə gömrük rüsumlarından azad olma.

Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən hüquqi şəxslər və fərdi sahibkarlar əvvəlcədən müəyyən olunmuş tələblərə uyğun investisiya layihələri üzrə investisiya təşviqi sənədi ala bilərlər. İnvestisiya təşviqi sənədi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyitərəfindən aşağıdakı 3 əsas meyara cavab verən investisiya layihələrinə verilir:

  • investisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahəsi;
  • investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ;
  • investisiya layihəsinin həyata keçiriləcəyi inzibati ərazi vahidləri.

İnvestisiya təşviqi sənədinin verilməsi üçün tələb edilən konkret meyarlar Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 878 nömrəli Fərmanı ilə təsdiq edilib.

İnvestisiyanın təşviqi sənədinin alınması proseduru

Sahibkarlar meyarlara cavab verən biznes layihəsi üçün investisiyanın təşviqi sənədini alamaq məqsədi ilə ərizə, VÖEN, biznes plan və digər müvafiq sənədləri İqtisadiyat Nazirliyinə təqdim etməlidirlər. Müraciətə “İnzibati icraat haqqında” Qanununa uyğun olaraq 5 iş günü müddətində baxılır. İnvestisiya layihəsi tələb olunan meyarlara tam cavab verdiyi və təqdim olunmuş sənədlərdə çatışmazlıqlar olmadığı halda investisiya təşviqi sənədini sahibkara verir.

İnvestisiya təşviqi sənədinin verilməsinin hüquqi əsasları:

  1. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 3 nömrəli əlavəsinin 76-cı maddəsi;
  2. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 yanvar tarixli 745 nömrəli “İnvestisiya təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı ilə təsdiq edilmiş “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası”;
  3. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 878 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və investisiya layihəsinin həyata keçiriləcəyi inzibati ərazi vahidləri”;
  4. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin 3.0.53-cü yarımbəndi;
  5. “İnvestisiya təşviqi sənədinin və həmin sənədi almaq üçün ərizənin formalarının təsdiq edilməsi barədə” İqtisadiyyat Nazirliyinin Kollegiyasının 2016-cı il 24 fevral tarixli 2 nömrəli Qərarı.

Müəllif:  Elnur Quliyev

Leave a Reply