Azərbaycanda iqtisadi zonalar: sənaye parkları, məhəllələr və dövlət dəstəyi

Azərbaycan iqtisadiyyatının neftdənkənar sektor üzrə inkişafı son illərdə dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrilib. Bu istiqamətdə sənaye parkları, sənaye məhəllələri və aqroparklar ölkənin yeni iqtisadi modelinin əsas dayaqları kimi çıxış edir. Müasir infrastruktur, investisiya güzəştləri və dövlət dəstəyi hesabına formalaşan bu iqtisadi zonalar həm yerli sahibkarlar, həm də xarici investorlar üçün yeni imkanlar yaradır. Bu araşdırmada Azərbaycanda fəaliyyət göstərən iqtisadi zonaların mahiyyəti, fərqləri, üstünlükləri və iqtisadi inkişafdakı rolunu izah etməyə çalışacam.

   İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) Azərbaycanda sənayeləşmə siyasətinin əsas icra mexanizmlərindən biridir. Agentliyin yaradılmasında əsas məqsəd müxtəlif iqtisadi zonaların vahid idarəetmə altında fəaliyyətini təmin etmək, investorlar üçün daha şəffaf xidmət sistemi qurmaq və qeyri-neft sektorunun inkişafını sürətləndirmək olmuşdur. Hazırda İZİA-nın idarəçiliyində 9 sənaye parkı, 3 sənaye məhəlləsi, Yevlax pilot aqroparkı, peşə təhsil mərkəzi fəaliyyət göstərir. İZİA-nın idarəçiliyində olan sənaye parkları, sənaye məhəllələri və aqroparklar eyni məqsədə – iqtisadi inkişaf və istehsalın artırılmasına xidmət etsə də, onların funksiyası, miqyası və fəaliyyət istiqamətləri fərqlidir.

Sənaye parkı nədir?

        Sənaye parkı iri həcmli sənaye və istehsal müəssisələrinin yerləşdiyi xüsusi iqtisadi zonadır. Burada investorlar üçün hazır infrastruktur, vergi və gömrük güzəştləri, logistika və dövlət dəstəyi təqdim olunur. Sənaye parklarının əsas xüsusiyyətləri:

  • Böyük ərazidə yaradılır;
  • Ağır və orta sənaye müəssisələri yerləşir;
  • Yüksək investisiya tələb edir;
  • İxrac yönümlü istehsal üstünlük təşkil edir;
  • Müasir texnologiyalar və innovasiya tətbiq olunur.

Azərbaycanda fəaliyyət göstərən əsas sənaye parkları:

  • Sumqayıt Kimya Sənaye Parkı
  • Ağdam Sənaye Parkı
  • Qaradağ Sənaye Parkı
  • Pirallahı Sənaye Parkı
  • Mingəçevir Sənaye Parkı
  • Hacıqabul Sənaye Parkı
  • Qərb Sənaye Parkı
  • Naxçıvan Sənaye Parkı
  • Araz Vadisi İqtisadi Zonası Sənaye Parkı

     Bu sənaye zonalarında kimya, tikinti materialları, dərman istehsalı, maşınqayırma, tekstil, kənd təsərrüfatı emalı və “yaşıl enerji” istiqamətləri üzrə layihələr həyata keçirilir. Sənaye parklarında kanalizasiya xətləri, kimyəvi tullantı, içməli, texniki, yanğına qarşı su təchizatı şəbəkələri, təbii qaz təchizatı xətti, elektrik verilişi xətti, yarımstansıya, transformatorlar, paylanma məntəqələri, avtomobil və dəmir yolları, fiberoptik kabel xətti rezidentlərin istifadəsi üçün təklif olunur. 

Sənaye məhəlləsi nədir?

      Sənaye məhəlləsi – əsasən kiçik və orta biznes subyektlərinin fəaliyyət göstərməsi üçün yaradılan xüsusi istehsal ərazisidir. Burada sahibkarlara hazır kommunikasiya infrastrukturu, istehsal sahələri, logistika imkanları və dövlət dəstəyi təqdim olunur. Bu modelin əsas məqsədi:

  • Regionlarda istehsalı artırmaq,
  • Kiçik sahibkarlığı sənayeləşdirmək,
  • Regionlarda məşğulluğu artırmaq,
  • İdxaldan asılılığı azaltmaqdır.

Azərbaycanda fəaliyyət göstərən sənaye məhəllələri:

  • Masallı Sənaye məhəlləsi
  • Neftçala Sənaye Məhəlləsi
  • Sabirabad Sənaye Məhəlləsi

        Sənaye məhəllələri xüsusilə bölgələrdə fəaliyyət göstərən sahibkarlar üçün “ilk sənaye platforması” rolunu oynayır. Burada daha çox qida emalı, kənd təsərrüfatı məhsullarının emalı, kiçik maşınqayırma, mebel, tikinti materialları, servis və yüngül istehsal sahələri yerləşir.

Aqropark nədir?

    Aqropark kənd təsərrüfatı və aqrar sənaye fəaliyyətinin bir mərkəzdə birləşdirildiyi kompleks təsərrüfat modelidir. Burada əkinçilik, heyvandarlıq, məhsul emalı, saxlama və logistika xidmətləri vahid sistem şəklində fəaliyyət göstərir. Aqroparkların əsas xüsusiyyətləri:

  • Aqrar istehsala yönəlib;
  • Müasir suvarma və kənd təsərrüfatı texnologiyaları tətbiq olunur;
  • Fermerlər üçün logistika və emal imkanları yaradılır;
  • Ərzaq təhlükəsizliyinə töhfə verir.

Nümunə: Yevlax Pilot Aqroparkı.

Sənaye zonalarında investorlar üçün vergi və gömrük güzəştləri.

Sənaye parklarının rezidentləri qeydiyyata alındığı tarixdən 10 il müddətinə aşağıdakı vergilərdən azad olunurlar:

  • Əmlak vergisi
  • Torpaq vergisi
  • Mənfəət vergisi
  • İdxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə ƏDV-dən

     Bundan əlavə, sənaye parklarının rezidentləri idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə 10 il müddətinə gömrük rüsumlarından azad olunurlar. Sənaye parklarında dövlət hesabına yaradılmış müasir infrastruktur rezidentlərə “Plug&Play” prinsipi ilə təqdim olunur ki, bu da sahibkarların əlavə kommunikasiya və texniki hazırlıq xərcləri olmadan istehsal fəaliyyətinə operativ şəkildə başlamasına şərait yaradır. Bu yanaşma investorların maliyyə resurslarını infrastruktur quruculuğuna deyil, birbaşa istehsalın genişləndirilməsi, texnologiya tətbiqi və biznesin inkişafına yönəltməsinə imkan verir.

     Yuxarıda qeyd edilən vergi və gömrük güzəştlərindən əlavə işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlar üçün bir çox stimullaşdırıcı tədbirlər həyata keçirilir:

  • Xüsusi güzəştli bank kreditləri (90%-dək dövlət zəmanəti, 10% subsidiya);
  • Kommunal ödənişlərinə 20% kəşbək (cahback);
  • Dividend gəlirlərində vergidən azadolma;
  • Sosial sığorta ödənişləri üzrə dövlət subsidiyası;
  • Mənfəətin və kapitalın repatriasiyasının vergidən tam azadolması;
  • Xammal idxalında gömrük və ƏDV güzəştləri (Nazirlər Kabinetinin müəyyən etdiyi siyahı üzrə).

        Sənaye məhəllələrində dövlət vəsaiti hesabına hazır infrastrukurla təmin edilmiş torpaq sahələri, hazır tiklilər sahibkarların istifadəsinə verilir. Həmçinin sahibkarlar İqtisadiyyat Nazirliyindən “İnvestisiya təşviqi” sənədi əldə etməklə bir çox vergi və gömrük güzəştlərindən faydalana bilərlər.

Sənaye zonalarında rezident olmaq üçün nə etmək lazımdır?

  • Sənaye zonalarında investisiya layihəsi həyata keçirmək üçün müraciət etmək qaydası – bu linkdən
  • İqtisadi Zonaların İnkişafı Agentliyinə investisiya layihəsi – Biznes plana dair tələblər – buradan 

Ümumi nəticə

Iqtisadi zonalar Azərbaycanda qeyri-neft sektorunun inkişafı üçün strateji alətlər hesab olunur.

  • Sənaye parkları – iri sənaye və ixrac potensialını artırır;
  • Sənaye məhəllələri – regionlarda mikro və kiçik sahibkarlığı dəstəkləyir;
  • Aqroparklar – kənd təsərrüfatında modernləşməni və məhsuldarlığı gücləndirir.

Azərbaycanın iqtisadi inkişaf strategiyasında sənaye parkları, sənaye məhəllələri və aqroparklar artıq sadəcə istehsal əraziləri deyil, yeni iqtisadi modelin əsas hərəkətverici qüvvəsinə çevrilir. Bu iqtisadi zonalar ölkəyə investisiya cəlb edir, regionların inkişafını sürətləndirir, yeni iş yerləri yaradır və qeyri-neft sektorunun rəqabət qabiliyyətini artırır. Xüsusilə müasir infrastruktur, vergi və gömrük güzəştləri, eləcə də “Plug&Play” prinsipi investorlar üçün daha əlverişli biznes mühiti formalaşdırır. Qlobal iqtisadi transformasiyalar fonunda Azərbaycanın iqtisadi zonaları gələcəyin sənaye və logistika mərkəzləri kimi strateji əhəmiyyət qazanır. Bu model təkcə bugünkü iqtisadi artıma deyil, həm də ölkənin uzunmüddətli dayanıqlı inkişafına xidmət edən mühüm platformadır.

Müəllif: Elnur Quliyev

Leave a Reply