Azərbaycanda yeni pul nişanları tədavülə buraxıldı

Azərbaycan Mərkəzi Bankı Qarabağın azad edilməsi, Vətən müharibəsinin yaddaşlara həkk olunması, Vətən müharibəsi qəhrəmanlarının xatirəsinin əbədiləşdirilməsi və işğaldan azad edilmiş şəhər və rayonlarımızın tarixinin, milli və mədəni irsinin tərənnüm edilməsi və beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə silsilə xatirə pul nişanlarını dövriyyəyə buraxıb. Bununla əlaqədar olaraq, noyabrın 4-də Mərkəzi Bankda təqdimat mərasimi keçirilib.

8 noyabr – “Zəfər Günü” tarixini əbədiləşdirmək üçün Mərkəzi Bank 500 manat nominallı “ZƏFƏR” xatirə banknotunun, qızıl və gümüşdən hazırlanmış “Zəfər” xatirə monetasının, eləcə də “Şuşa” şəhərinə, “Laçın”, “Zəngilan”, “Ağdam”, “Cəbrayıl”, “Qubadlı”, “Füzuli”, “Kəlbəcər”, “Xocavənd” rayonlarına və “Suqovuşan” qəsəbəsinə həsr olunan gümüş xatirə sikkələrinin buraxılmasını elan edib.

Mərkəzi Bank mövcud konsepsiya çərçivəsində “Qarabağ” mövzusuna həsr olunmuş 20 manatlıq əskinasının da yenilənməsini həyata keçirmiş və növbəti ildən tədavülə buraxılması nəzərdə tutulur. “Qarabağ” mövzusuna həsr olunmuş bu pul nişanı üzərində əsas dizayn motivləri – Azərbaycan xalqının qüdrətini, gücünü və mübarizə əzmkarlığını əks etdirən qılınc, dəbilqə və qalxan təsvirləri saxlanılmaqla əlavə dizayn elementləri, o cümlədən Qarabağ florasının incisi sayılan və qələbə rəmzini simvolizə edən Xarıbülbül nişanəsi və “Qarabağ” sözü ön plana çəkilmişdir.

Leave a Reply