Bitcoin-in qiyməti ABŞ fond bazarında baş verən kəskin eniş fonunda 76.000 dollar səviyyəsindən aşağı düşərək 75.000 dollar zonasına geriləyib. Kriptovalyuta bazarında satış təzyiqinin artmasına texnologiya səhmlərinin ucuzlaşması, ETF-lərdən kapital çıxışı və kütləvi likvidasiyalar təsir göstərib. ABŞ fond bazarında Nasdaq indeksi 5,52%, S&P 500 4,36%, Dow Jones isə 3,44% azalıb. Xüsusilə süni intellekt və yarımkeçirici sektorunda fəaliyyət göstərən şirkətlərin səhmlərində ciddi itkilər qeydə alınıb. Bu mənfi tendensiya kriptovalyuta bazarına da təsir edib. CoinGlass məlumatlarına görə, 24 saat ərzində 1,2 milyard dollardan çox kriptovalyuta mövqeyi likvidasiya olunub. Likvidasiyaların əsas hissəsi qiymət artımına mərc edən treyderlərin mövqelərinin payına düşüb.
Bitcoin ETF-lərindən kapital çıxışı
Bazarda mənfi tendensiyanı gücləndirən digər amil ABŞ-da spot Bitcoin ETF-lərindən kapital çıxışıdır. Farside Investors məlumatlarına görə, 5 noyabr tarixində ABŞ spot Bitcoin ETF-ləri ümumilikdə 430,2 milyon dollar xalis vəsait itkisi qeydə alıb. Ən böyük çıxışlar Fidelity və BlackRock fondlarında müşahidə edilib:
- Fidelity FBTC: 199,9 milyon dollar;
- BlackRock IBIT: 105 milyon dollar;
- Grayscale GBTC: 49,9 milyon dollar;
- Franklin Templeton EZBC: 32,9 milyon dollar;
- VanEck HODL: 23,6 milyon dollar.
Noyabrın ilk dörd ticarət sessiyası üzrə ETF-lərdən ümumi xalis kapital çıxışı təxminən 870 milyon dollara çatıb. Bu göstəricilər institusional investorların riskli aktivlərə marağının zəiflədiyini göstərir.

ABŞ-da məşğulluq göstəriciləri də Bitcoin-ə təzyiq göstərir
Bazar iştirakçılarının diqqət mərkəzində olan digər məsələ ABŞ iqtisadiyyatının vəziyyəti və Federal Ehtiyat Sisteminin (FED) gələcək faiz qərarlarıdır. 6 noyabrda açıqlanan məlumatlara əsasən, ABŞ iqtisadiyyatında oktyabr ayı ərzində 165.000 yeni iş yeri yaradılıb. Bu göstərici iqtisadçıların təxmin etdiyi 65.000 səviyyəsini əhəmiyyətli dərəcədə üstələyib. Əmək bazarının gözləniləndən güclü olması FED-in inflyasiya ilə mübarizədə sərt monetar siyasəti davam etdirməsi ehtimalını artırır.
Bitcoin üçün hansı qiymət səviyyələri vacibdir?
Bitcoin-in 75.000 dollar səviyyəsində möhkəmlənməsi vacibdir. Bu dəstəyin itirilməsi halında qiymətin 73.000, daha sonra isə 68.000 dollara qədər geriləməsi mümkündür. Yuxarı istiqamətdə isə 76.000-78.000 dollar zonası ilk müqavimət sahəsi hesab olunur. Bitcoin-in 80 000 dollar üzərində möhkəmlənməsi bazarda müsbət tendensiyanın bərpasına işarə edə bilər.
Növbəti günlərdə bazarı nə gözləyir?
Hazırkı vəziyyət Bitcoin üçün qısamüddətli risklərin artdığını göstərir. Lakin baş verən enişi yalnız kriptovalyuta sektorundakı problemlərlə əlaqələndirmək düzgün olmazdı. ABŞ texnologiya sektorunda satışların davam etməsi, ETF-lərdən kapital çıxışının sürətlənməsi və FED-in faiz siyasəti ilə bağlı qeyri-müəyyənlik bazara təzyiq göstərə biləcək əsas amillərdir. Digər tərəfdən, kütləvi likvidasiyalardan sonra həddindən artıq kredit çiyni ilə açılmış mövqelərin azalması bazarın daha sağlam şəkildə formalaşmasına şərait yarada bilər. Bazarın növbəti istiqaməti əsasən ABŞ fond bazarının dinamikasından, institusional kapital axınlarından və FED-in monetar siyasətindən asılı olacaq.
Müəllif: Elnur Quliyev
