“Crowd1” piramidasının Azərbaycan üzrə liderləri həbs edildi

Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin həyata keçirdiyi əməliyyat nəticəsində dələduzluq yolu ilə insanların etibarından sui-istifadə edərək zərərçəkənlərin pul vəsaitini mənimsəyən “Crowd1” beynəlxalq maliyyə piramidasının üzvləri saxlanılıb.

  DİN tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ölkə ərazisində yayılmış “Crowd-1” dələduzluq sxeminə rəhbərlik edən şəxslər müəyyən edilib. Şəbəkəyə rəhbərlik edən Habil Bədəlov və üzvləri Amin Hüseynov, Əlövsət Mazandarov, Səbahir Fərzəliyev, Yasin Əmirli, Göyçək Dünyamalıyeva saxlanılaraq Baş İdarəyə gətirilib və onlar ilkin izahatlarında “Crowd1”-in piramida sxemi olduğunu etiraf ediblər. Onlara məxsus Bakı və Gəncə şəhərlərində yerləşən ofislərə baxış keçirilən zaman iş üzrə əhəmiyyət kəsb edən elektron sübutlar aşkar olunaraq götürülüb.

Araşdırma zamanı məlum olub ki, onlar dələduzluq piramidasına bu müddət ərzində xeyli sayda vətəndaşı cəlb edə biliblər. Dəstə üzvləri onlara müraciət edən şəxsləri guya beynəlxalq şirkətə investisiya qoyduqlarını və bu işdən yüksək qazanc əldə edəcəklərinə inandıraraq vətəndaşların etibarından sui-istifadə etməklə aldadıblar. Piramidaya qoşulan şəxslərə əvvəlcədən vəd olunub ki, üç fərqli paketlərdən birini əldə etdikdə oyun, təhsil, turizm və sair sahələrlə əlaqəli platformalarda endirimlər, eləcə də “Crowd1”-ə cəlb etdikləri hər bir şəxsə görə, həmçinin qoşulma üçün ödədikləri pullardan aylıq gəlir şəklində ödənişlər əldə edəcəklər. Müəyyən edilib ki, dələduz şəbəkə tərəfindən təklif olunan platformaların heç biri fəaliyyət göstərmir. Həmçinin vətəndaşlara “Crowd-1” şəbəkəsinə ödənilən pullardan vəd olunan gəlirlər həmin şəbəkə daxilində istifadəçilərin hesablarında göstərilsə də, o pulları nağdlaşdırmaq və ya bank kartlarına köçürmək mümkün deyil. “Crowd1” zərərçəkənlərə 99 avrodan 2499 avroya qədər ödəniş paketləri təklif edib.

Faktla bağlı Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və dəstənin digər üzvlərinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Leave a Reply