“Gənclərin biznes emalatxanası” layihəsi

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə yeni layihəyə başlanılır. “Gənclərin biznes emalatxanası (Youth Business Workshop)” adlanan layihənin məqsədi peşə təhsili mərkəzlərində təhsil alan gənclərin biznes bacarıqlarının inkişaf etdirilməsi və sahibkarlıq fəaliyyətinə təşviq olunması, özünüməşğulluğunun təmin edilməsi, mikro və kiçik sahibkarlar arasında peşə təhsili almış gənclərin sayının artırılması, yeni biznes təşəbbüslərinin dəstəklənməsi, peşə təhsilinə marağın artırılmasıdır. 

2021-2023-cü illəri əhatə edəcək layihənin ilkin mərhələlərində Qəbələ, Ağdam və Cəlilabad rayonlarında peşə təhsili alan sonuncu kurs tələbələri iştirak edəcəklər. Layihə çərçivəsində dərzi, bitkiçilik və heyvandarlıq, xalçaçılıq, aqrotexniki xidmətlər, dülgər, çilingər, aşpaz, şirniyyatçı, turizm və qaynaqçı kimi sahələrdə peşə təhsili alan gənclər biznes təlimlərinə cəlb olunacaq və onlara özünüməşğulluq proqramı çərçivəsində mikro biznesin qurulması üçün müvafiq avadanlıqlar veriləcəkdir. 

Layihə çərçivəsində Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən müvafiq peşə mərkəzlərinin sonuncu kursunda təhsil alan və sahibkarlığa maraq göstərən gənclərin seçimi və maarifləndirilməsi həyata keçiriləcək. Daha sonra bu gənclər KOBİA tərəfindən biznes təlimlərinə cəlb olunacaq, onlara mentorluq dəstəyi göstəriləcək, biznes müəssisələrinə təlim və təcrübə səfərləri təşkil olunacaq, uğurlu sahibkarlar tərəfindən “Master class”lar təşkil ediləcək. Üç ay davam edəcək biznes və peşə təlimlərini uğurla başa vuran gənclər seçdikləri fəaliyyət sahəsi üzrə Dövlət Məşğulluq Agentliyi tərəfindən müvafiq avadanlıqlarla təmin olunacaqdır.

Noyabrın 30-da müvafiq qurumların nümayəndələrinin və peşə təhsili alan gənclərin iştirakı ilə “Gənclərin biznes emalatxanası” layihəsinin təqdimat mərasimi keçirilib. Tədbirdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli və Təhsil nazirinin müşaviri Elnur Nəsibov çıxış edərək layihənin peşə təhsili alan gənclərin sahibkarlıq fəaliyyətinə təşviqi və özünüməşğulluğunun təmin edilməsi, peşə təhsili bacarıqları və səriştələri əsasında yeni bizneslərin yaradılması, peşə təhsilinə marağın artırılması baxımından əhəmiyyətini qeyd ediblər.

Mənbə: smb.gov.az

Leave a Reply