Trendyol.com: sifariş etmək qaydaları

Türkiyənin trendyol.com onlayn mağazası Azərbaycanda elektron ticarət istifadəçiləri tərəfindən ən çox sifariş verilən platformadır. Son zamanlar türk lirəsinin məzənnəsinin düşməsi bu platformadan Azərbaycana sifarişlərin artması ilə nəticələnib. Trendyol saytının əsası 2010-cu ildə Demet Mutlu tərəfindən qoyulmuşdur. İlk yarandığında fərdi satışlar həyata keçirən sayt daha sonra “market place”-ə çevrilmiş və yüzlərlə markanı özünə cəlb etmişdir və hazırda 300 milyondan çox məhsulun satışını reallaşdırmaqdadır. 

İlk növbədə bilməlisiniz ki, xaricdən məhsul sifariş etmək üçün 3 mühüm mərhələlərdən keçmək lazımdır:

  • sifariş etmək istədiyimiz məhsulun mövcud olduğu saytda qeydiyyatdan keçmək;
  • sifarişin Azərbaycana çatdırılması üçün müvafiq karqo şirkətini seçmək və qeydiyyatdan keçmək;
  • Dövlət Gömrük Komitəsinin rəsmi saytında sadələşdirilmiş elektron ticarət bəyannaməsində aldığınız məhsulu bəyan etmək üçün qeydiyyatdan keçmək.  “Smart customs” tətbiqi vasitəsilə “ASAN Login” ilə qeydiyyatdan keçərək, şəxsi kabinet yaratmalısınız.

Türkiyədən Azərbaycana edilən sifarişlərdə Trendyol.com ən populyar saytdır. Trendyol-dan sifariş etmək istəyirsinizsə, qeydiyyat prosesindən ödəniş prosesinə qədər olan bütün mərhələləri bilməlisiniz. Onlayn sifariş etəmək qaydaları bir çoxları üçün hələ də çətin bir proses kimi görünür. Bu səbəbdən Trendyol-dan sifariş etmək qaydalarını sizə təqdim edirik.

1. Qeydiyyatdan keçin.

Trendyol.com-da qeydiyyatdan keçmək lazımdır. Bunun üçün saytın sağ üst küncündəki “Giriş Yap” düyməsinə klikləyərək, “Üye ol” bölməsinə keçmək lazımdır. Saytda sizə öz şəxsi e-mail və şifrəniz və yaxud Facebook, Google hesabınızla qeydiyyat etmə təklif olunacaq. Sizə uyğun variantı seçərək qeydiyyatı tamamlamalısınız.

2. Bəyəndiyiniz məhsulları səbətə əlavə edin.

Qeydiyyatdan sonra saytda istədiyiniz məhsulu seçmək lazımdır. Məhsul üzrə sizə uyğun ölçü, rəng və digər məlumatları təsdiq etdikdən sonra, “Sepete ekle” düyməsinə basaraq, həmin məhsulu səbətinizə əlavə edin. Bu, eyni zamanda bir neçə məhsullar üzrə ola bilər.

3. Səbətdəki məhsulları təsdiqləyin.

Almaq istədiyiniz bütün məhsulları seçib, sifarişi tamamladıqdan sonra səbətinizə daxil olaraq, seçdiyiniz məhsulları yoxlaya, hər məhsul sayını artıra və ya silə bilərsiniz. Məhsulu seçimi barədə tam əmin olduqdan sonra səbətdəki məhsulları təsdiq edirsiniz.

4. Çatdırılma ünvanı əlavə edin.

Sifarişi tamamalamamışdan öncə sifarişin çatdırılma ünvanınızı da daxil etməlisiniz. Bunun üçün saytımızdan özünüzə hesab açaraq, adınıza bağlı xarici ünvandan istifadə etməklə, sifarişinizi həmin ünvana çatdıra bilərsiniz. 

Qeyd: çatdırılma “ünvanı” bölməsinə qabaqcadan seçdiyiniz yerli karqo şirkətin Türkiyədəki anbarının ünvanını və rekvizitlərini qeyd etməlisiniz.

5. Ödəniş əlavə edin.

Çatdırılma ünvanını daxil etdikdən sonra, növbəti mərhələdə ödəmə metodunu daxil edirsiniz. Onlayn sifariş üçün sizin bank kartınız olmalıdır. Kart məlumatlarını qeyd olunmuş xanalara daxil etməklə təsdiq etməlisiniz. Kartınızı istəsəniz Trendyol hesabınızın yaddaşında saxlaya bilərsiniz ki, növbəti dəfə təkrar daxil etməyəsiniz.

6. Sifarişinizi tamamlayın.

Sifarişi yekunlaşdırmaq üçün “Ödeme yap” düyməsi altında “Ön Bilgilendirme koşulları ve Mesafeli satış sözləşməsi” ilə tanış olduğunuzu təsdiq edən xananı işarələyib, “Ödəmə Yap” düyməsinə klikləmək lazımdır. Bank kartınızda “3D secure” aktivdirsə, kodu daxil etmək üçün xüsusi xana açılacaq. Sizə SMS birdəfəlik şifrəni daxil edərək, təsdiqlədikdən sonra, sifarişiniz tamamlanacaqdır.

7. Bağlamanızı izləyin.

Sifarişinizi tamamladıqdan sonra, trendyol.com hesabınızdakı “Siparişlerim” bölümünə daxil olaraq sifarişinizin statusu haqqında məlumat əldə edə bilərsiniz. Mağaza bağlamanızı türkiyə daxilində çatdırlmaya göndərdikdə “Kargoya verildi”, sizin xaricdəki ünvana çatdırıldıqda isə “Teslim edildi” statusunu görəcəksiniz. 

Qeyd: sifarişiniz karqo şirkətinizin Türkiyə anbarına daxil olan kimi məhsul üzrə “Smart Customs” tətbiqində sadələşdirilmiş elektron ticarətbəyannamə doldurmalısınız. Sadələşdirilmiş elektron ticarət bəyannaməsi – xaricdən alınan və poçt/daşınma şirkətləri tərəfindən gətiriləcək malları bəyan edib, rüsumlarını ödəmək üçün elektron xidmətdir. Xatırladaq ki, fiziki şəxslər ayda ümumi məbləği 300 dolları keçməmək şərtilə xaricdən mal sifariş edə bilərlər.

Karqo şirkəti nə üçün lazımdır?

Trendyol.com platforması sifarişlərinizi Azərbaycana birbaşa çatdırılma həyata keçirmir. Bunun üçün siz mütləq karqo (daşıma) şirkətlərindən istifadə etməlisiniz. Azərbaycandan müxtəlif kargo şirkəti var: Expargo, Mover.az, Dynamex, Starex, Limak, Azex, Kango və s. Hər birinin özünəxas şərtləri var. Bunun üçün də karqo şirkəti seçərkən hər birini diqqətli təhlil etməli, hansı sizə daha çox uyğun (daşıma şərtləri, qiymətləri, çatdırılma ünvanı) gəlirsə, onu seçməlisiniz. Karqo şirkətlərində qeydiyyatdan keçməklə şirkətin Türkiyədəki anbarının ünvanı və digər rekvizitlərini trendyol.com-dakı şəxsi hesabınıza əlavə edirsiniz. Bütün karqo şirkətlərinin İstanbul şəhərində anbarı mövcuddur və trendyol-dakı satıcı şirkətlər sifarişlərinizi adətən 1-3 gün ərzində həmin anbara çatdırırlar.

Bir çox karqo şirkətləri trendyol-dan olan sifarişlərinizi sizin yerinize almaq xidmətini də təklif edirlər. Bunun üçün siz trendyol-dan seçdiyiniz məhsulun linkini karqo şirkətinə göndərirsiniz və şirkət məhsulun dəyəri üzrə əlavə 5% komissiya qarşılığında sifarişinizi ünvanınıza çatdırılmanı təmin edir.

Trendyol-dan sifariş zamanı daşınma xərci nə qədərdi?

Daşınma xərci korqo şirkətindən aslı olaraq dəyişir lakin məhsulun qiymətinə təsir edən əsas faktorlar aşağıdakılardır:

  • Məhsulun çəkisi və digər parametrləri;
  • Hansı mal qrupuna aid olması;
  • Son təyinat yeri;
  • Yükün çatdırılacağı nəqliyyat növü;
  • Sığortanın mövcudluğu / olmaması;
  • Göndərənin anbarının yerləşdiyi bölgədən və əsas gediş məntəqəsindən olan məsafədən.

Hazırda karqo şirkətlərinin daşınma üzrə təklif etdikləri minumum və maksimum qiymətlər aşağıdakı kimidir:

  • 0 – 0.250 kq = 1-3 dollar
  • 0.250 kq – 0.5 kq = 3-6 dollar
  • 0.5 kq – 0.75 kq = 4-8.5 dollar
  • 0.75 kq – 1 kq = 4-9.5 dollar
  • 1 kq – 5 kq = 4-9 dollar
  • 5 kq – 10 kq = 3.5-7 dollar
  • 10 kq-dan yuxarı = 3-6 dollar

Trendyol-dan sifarişləriniz Azərbaycana neçə gün ərzində çatdırılır?

Trendyol.com-dan Azərbaycana sifarişlər adətən 5-12 gün ərzində çatdırılır. Çatdırılma müddəti satıcı mağazanın sifarişləri sizin seçdiyiniz karqo şirkətinin Türkiyədəki anbarına təhvil verdiyi müddətə (adətən 2-3 gün) görə dəyişir. Sifariş Türkiyə anbarına daxil olduqdan 3 gün ərzində Bakıya çatdırılır. Gömrük prosedurlarını keçdikdən sonra sifarişləriniz karqo şirkətinin yerli anbarında “çeşidləmə” dövründən aslı olaraq seçdiyiniz unvana göndərilir. Bu zaman həftəsonu və rəsmi bayram günlərini də nəzərə almalısınız.

Trendyol.com-un özəllikləri:

  • Trendyol.com-un ən vacib özəlliklərindən biri odur ki, bir məhsulu yalnız bir satıcı deyil, bir neçə satıcı satışa çıxarır və beləliklə, siz məhsulun qiymət müqayisəsini rahatlıqla edə və ən sərfəli qiymətə əldə edə bilirsiniz;
  • Trendyol.com-da yer alan “rəy bölməsi” alıcıların köməyinə çatan ən faydalı bölmələrdən biridir. Saytda sifariş etmək istədiyiniz məhsulun rəy bölməsində məhsul haqqında müxtəlif ölkələrdən olan alıcıların fikirlərini oxuya və məhsul haqqında daha dolğun fikir formalaşdıra bilərsiniz.

“Trendyol Elite” proqramı nədir?

“Trendyol Elite” saytının öz müştərilərinə təqdim etdiyi loyallıq porqramlarından biridir. Bunun üçün son 3 ay ərzində Trendyol-dan sifarişlərinizin sayı 30, toplam məbləği isə 3.000 TL dəyərində olmalıdır. Bu şərtləri yerinə yetirdikdən sonra siz Trendyol Elite müştərisi olursunuz və bir çox özəlliklərdən yararlana bilirsiniz. Trendyol Elite müştərilərinə 30 TL-dən çox olan sifarişlər üçün Türkiyədaxili karqo ödənişi olmadan çatdırılır.

Leave a Reply