Rusiya Federasiyasının prezidenti Vladimir Putin yanvarın 26-sı hökumət üzvləri ilə videokonfrans vasitəsilə görüş zamanı kriptovalyutaları qadağan etmək tərəfdarı olan Mərkəzi Bank (Банк России) və tənzimləmə tərəfdarı olan hökumət rəsmilərini razılığa gəlməyə çağırıb. O, kriptovalyutanın tənzimlənməsi ilə bağlı gedən müzakirələri diqqətlə izlədiyini qeyd edib.
Vladimir Putin: “Mərkəzi Bank texniki tərəqqiyə mane olmur və bu fəaliyyət sahəsində ən son texnologiyaların tətbiqi üçün lazımi səylər göstərir. Əlbəttə, burada da bizim müəyyən rəqabət üstünlüklərimiz var, xüsusən də kriptovalyuta mayninqi üzrə. Mən ölkədə izafi elektrik enerjisini və yaxşı hazırlanmış kadrları nəzərdə tuturam”.

Xatırladaq ki, Rusiya Mərkəzi Bankı yanvarın 20-də ölkədə kriptovalyutaların emissiyası, tədavülü və mübadiləsinə qadağa qoyulmasını təklif etdiyi hesabatla çıxış edib. Tənzimləyicinin bu mövqeyi Maliyyə Nazirliyi və biznes ictimaiyyətinin nümayəndələri tərəfindən tənqid edilib. Hətta Dövlət Dumasında Mərkəzi Bankın təklifləri “Rusiyanı bütün dünya üçün gülüş obyektinə çevirməyə” qadir adlandırılıb.
