Kriptovalyuta bazarında ticarət strategiyasının 4 əsas növü var: scalping, day-trading, swing və position trading. İnvestorlar və treyderlər öz investisiya siyasətinə uyğun olaraq bu strategiyalardan istifadə edirlər.
Scalp trade – bu zaman əməliyyatlar əsasən qisa zaman aralığında aparılır. Buna misal olaraq, saniyəlikdən dəqiqəliyə qədər olan zaman aralıqları aiddir. Bu cür treyderlər adətən fyuçersdə böyük marjalar ilə əməliyyat açıb, kiçik qiymət hərəkətlənməsindən qazancını götürüb əməliyyatını bağlayanlardır. Bu treyd böyük ölçüdə risk təşkil etdiyi üçün adətən uzun müddətli ixtisaslaşmış treyderlər tərəfindən istifadə olunur, yeni başlayanlar üçün məsləhət görülmür.
Day trade – günlük ticarət adlanan bu ticarət tərzi adətən qrafik izləməyə vaxtı olmayan və qısa müddətli əməliyyat açıb bir neçə dəqiqə, saat ərzində qazanc və ya zərərdən sonra əməliyyatını sonlandıran treyderlərə aiddir. Adətən bu cür treyderlər günlük bir və iki əməliyyatdan artıq əməliyyat açmırlar və gecə yatacaqları vaxta qədər əməliyyatlarını bağlayırlar.
Swing trade – günlük, həftəlik və aylıq çəkən əməliyyatlara deyilir. Bu cür ticarət strategiyasını seçən treyderlər əməliyyatı açmazdan əvvəl kifayət qədər bazarı analiz etməyə, gündəlik bir neçə dəqiqə və saat əməliyyatlarını izlaməyə vaxtları olur. Uzunmüddətli investisiya etməyə səbri olmayan treyderlər bu strategiyanı ilə digər üsullara müqayisədə daha çox uğurlu olurlar.
Position trading – bu cür ticarət strategiyası qısamüddətli analiz yerinə orta və uzun müddətli analizi üstün tutur. Bu müddət 1 aydan 2 ilə qədər vaxt aralığını nəzərdə tutur. Adətən yeni treyder və ya investorlar hər hansısa investisiyaların yer aldığı bazarlara investisiya edərkən onlar ilk öncə uzunmüddətli investisiyanı özlərinə strategiya kimi qəbul edirlər. Ancaq bir müddət sonra bu strategiya günlük treydə, daha sonra isə scalping əməliyyatlarına keçir. Uzunmüddətli investisiya üçün bir investor və ya treyder ilk öncə almaq istədiyi və ya alacağı investisiya alətini düzgün analiz etməli, uzunmüddətli marketinq strategiyasını qurmalı, qiyməti həqiqətən də performansına görə ucuz olan aktivi tapmalı, xəbərləri izləməli və ən əsası isə səbirli olmalıdır.

Yuxarıda qeyd edilən ticarət strategiyalarından istifadə edərkən bu tövsiyyələri unutmayın:
- Hisslərinizin sizi idarə etmənizə icazə verməyin.
- İtirməyi gözə aldığınız qədər əməliyyat açın.
- Məqsədiniz pul qazanmaq deyil, balansınızı qorumaq olsun.
- FOMO-ya qapılıb kütlə psixologiyasına əsasən hərəkət etməyin.
- Bir investisiya alətinə aşiq olub ömürlük sevginizi elan etməyin.
- Hər zaman qazanacam düşüncəsinə qapılmayın.
- Kiçik dalğalanmalara aldanıb böyük qazanclarınızdan olmayın.
- Qiymət hərəkəti heç vaxt bir istiqamətdə olmur.
- Qorxu hissinə qapıldığınız an ekrandan uzaqlaşın.
- Balansda əlavə usdt saxlayın.
- Bir qiymətdən deyil, bir necə qiymət aralığından alışlar edin.
- Bir qiymətdən deyil, bir neçə qiymət aralığından satış əmri verin.
- Az qazancla kifayətlənib, böyük zərərlərlə əməliyyatlarınızı sonlandırmayın.
- İtkini geri qaytarmaq üçün həmin an yenidən əməliyyat açmayın.
- Gün ərzində açılıb bağlanan əməliyyatlarınızı mütəmadi olaraq qeyd edin.
- Hər zaman B planı tərtib edin.
- Gün ərzində nə qədər çox əməliyyat bir o qədər itki deməkdir.

Müəllif: Natiq İbrahimov
