18-20 may tarixlərində Bakı Ekspo Mərkəzində 15-ci “Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı” və 27-ci “Azərbaycan Beynəlxalq Qida Sənayesi” sərgiləri keçiriləcək. Sərgilərdə müxtəlif kənd təsərrüfatı məhsulları, meyvə-tərəvəz, qənnadı, ət və ət məhsulları, şirələr, çaylar, süd və süd məhsulları, tütün və digər məhsullar, eləcə də meyvə-tərəvəz emalı üçün avadanlıqlar nümayiş olunacaq. Sərgilər dünyanın müxtəlif ölkələrindən kənd təsərrüfatı üzrə idxalçıları, ixracatçıları, distribyutorları, topdan və pərakəndə satış təmsilçilərini, aparıcı istehsalçıları bir araya gətirəcək. Sərgidə təqdim edilən bütün məhsullar aşağıdakı kateqoriyalara bölünür:
- InterFood (qida sənayesi)
- InterDrink (içkilər)
- InterFoodTech (texnologiyalar)
- HalalFood
Sərgi çərçivəsində həmçinin yeni əlaqələrin qurulması və mövcud əlaqələrin gücləndirilməsi üçün əlavə platforma olan “B2B” formatlı ikitərəfli görüşlərin keçirilməsi də nəzərdə tutulur. “InterFood Azerbaijan” sərgisi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin aktiv dəstəyi ilə keçirilir. Sərgilər həmçinin Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası, Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondu və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən dəstəklənir. Sərginin təşkilatçısı qismində “Caspian Event Organisers” şirkəti və onun bir sıra xarici tərəfdaşlarıdır.

