İyulun 29-31-də Göygöl rayonunun ərazisində yerləşən Hacıkənd Xan Yaylağında II Milli Yaylaq Festivalı keçiriləcək. Festival iştirakçıları 3 gün ərzində xarici ölkələrdən dəvət olunmuş etnik musiqi qruplarının ifaları, yerli kollektivlərin çıxışları, aşıq deyişməsi, milli rəqslər, xalq mahnıları, Azərbaycanda yaşayan azsaylı xalqların mədəniyyət nümunələri, səhnəciklər və teatral kompozisiyalar, qədim xalq oyunları, sənətkarlıq məhsulları, milli geyim nümunələri ilə tanış ola və təbiət qoynunda əsl yaylaq həyatı yaşaya biləcəklər. Festivalda mikro və kiçik sahibkarlıq subyektləri, eləcə də yaradıcı şəxslər öz məhsullarını təqdim edəcək. Bu məqsədlə festival ərazisində “Sənətkarlıq məhəlləsi” yaradılıb. Burada müxtəlif əl işləri, rəsm əsərləri, hədiyyələr, suvenirlər, zərgərlik məmulatları, tekstil məhsulları, oyuncaqlar və s. nümayiş olunacaq.
“Cavad xan” Tarix və Mədəniyyət Fondu-nun təşəbbüsü, Mədəniyyət Nazirliyinin, Turizm Agentliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin və bir sıra dövlət qurumlarının təşkilatçılığı ilə keçirilən II Milli Yaylaq Festivalında 22 xarici ölkədən 300-ə yaxın qonaq iştirak edəcək. Xan yaylağının ərzisində yerləşən Yaylaq yurdu etno-qəsəbəsində “Cıdır meydanı”, “Yaylaq bazarı”, “Sənətkarlıq guşəsi”, “Dədə Qorqud ocağı”, “Yaylaq yatağı”, “Pəhləvan meydanı”, “Aşıq Ələsgər ocağı”, “Yaylaq süfrəsi” kimi tematik guşələr fəaliyyət göstərəcək.
II Milli Yaylaq Festivalının bədii proqramına Akademik Musiqili Teatr, Pantomima Teatrı, Şuşa Dövlət Musiqili Dram Teatrı, Bakı Dövlət Sirki, Gəncə Dövlət Dram Teatrı, Gəncə Dövlət Kukla Teatrı, Gəncə Dövlət Filarmoniyası, həmçinin Gəncə, Masallı və Şəki Regional Mədəniyyət İdarələrinin musiqi, rəqs və folklor kollektivlərinin çıxışları daxildir.

Festivala necə getmək olar?
Dövlət Avtomobil Nəqliyyat Xidmətinin təşkilati dəstəyi ilə Festival günlərində (29, 30, 31 iyul) səhər saat 08:00-dan etibarən Gəncə şəhərinin mərkəzində yerləşən Mərkəzi Univermağın qarşısından və Göygöl rayon avtovağzalının qarşısından Milli Yaylaq Festivalının keçiriləcəyi “Xan Yaylağı” etno-qəsəbəsinə doğru və müvafiq olaraq geriya ictimai nəqliyyat hərəkət edəcək. gediş haqqı 1 nəfər üçün 1.50 manat nəzərdə tutulub.
Qeyd: Milli Yaylaq Festivalına fərdi qaydada öz avtomobilləri ilə gedənlərin nəzərinə: Festival ərazisində avtomobil sıxlığının qarşısını almaq məqsədilə Xan Yaylağına çatmamış böyük önləyici dayanacaq təşkil olunacaq. Buradan təqribən 700 metr məsafəni piyada getməklə əraziyə çatmaq mümkündür. Eyni zamanda həmin dayanacaqdan da kiçik avtobuslarla Xan Yaylağına reyslər təşkil olunacaq.







