Avropa İttifaqının Polis Xidməti kriptovalyutaların daha geniş şəkildə mənimsənilməsi ilə bağlı əsas problemləri müəyyən edib və həllini təklif edib. Europol tərəfindən Bazel İdarəetmə İnstitutunun dəstəyi və avropalı kriptovalyuta mütəxəssislərinin və maliyyə cinayətləri sahəsində müstəntiqlərin iştirakı ilə Haaqada keçirilən Kriminal Maliyyə və Kriptovalyutalar üzrə Qlobal Konfransda əsas tezis: “Kriptovalyutalar mütəşəkkil cinayətkarlıqla mübarizənin açarıdır” olub.
Europol nümayəndələri bildiriblər ki, kibercinayətkarların təqibi zamanı əməkdaşlığın böyük əhəmiyyəti var. Avropa tənzimləyicilərini təmsil edən məruzəçilərin, həmçinin Binance birjasının, hüquq-mühafizə orqanlarının və blokçeyn mütəxəssislərinin, TRM Labs, Chainalysis və CypherTrace ekspertlərinin sözlərinə görə, rəqəmsal aktivlərin istifadəsi sürətlə artır və daha çox ölkəni əhatə edir, buna görə də cinayətin yeni formaları meydana çıxırlar. Mütəxəssislər kriptovalyutaların həm real dünyada, həm də kibercinayətlərdən sonra pulların yuyulması üçün istifadə edildiyini də xatırladıblar.
Konfransın əsas mesajı ondan ibarət idi ki, cinayətkarların istifadə etdiyi eyni unikal blokçeyn imkanları cinayətlərin özlərini araşdırmaq üçün görünməmiş bir fürsətdir. Lakin alətlər bu cür işlərə uyğunlaşdırılmalı və müxtəlif təşkilatlar arasında əməkdaşlıqda istifadə edilməlidir. Europolda hesab edirlər ki, hər hansı digər aktivlər kimi rəqəmsal aktivləri də müəyyən edəcək müvafiq qanunvericilik bazası eyni olmalıdır.

