Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev rəqəmsal aktivlər sənayesinin inkişafı maraqları naminə milli qanunvericiliyi və tənzimləyici mühiti dəyişdirməyə hazır olduğunu açıqlayıb. Tokayev, rəqəmsal texnologiyalara həsr edilmiş “Digital Bridge 2022” beynəlxalq forumunda Qazaxıstanın rəqəmsal texnologiyalar, kriptovalyuta ekosistemi və tənzimlənən mayninq (mədənçilik) sektorunda beynəlxalq lider olmaq niyyətində olduğunu bildirib. Qazaxıstan hökuməti Astana Beynəlxalq Maliyyə Mərkəzində (AIFC) kriptovalyuta konvertasiyası mexanizminin pilot tətbiqi üçün milli qanunvericiliyə düzəlişlər hazırlayıb. Layihə 2022-ci ilin sonuna qədər test rejimində işləyəcək.
Kasım-Jomart Tokayev: “Astana Beynəlxalq Maliyyə Mərkəzində xüsusi pilot layihə çərçivəsində artıq kriptovalyutanın konvertasiyası həyata keçirilir. Əgər bu maliyyə aləti özünü doğrultsa, o zaman şübhəsiz ki, kriptovalyutalar ölkə ərazisində tam hüquqi status alacaq.”

Cari ilin avqust ayında Qazaxıstanda kommersiya bankları ilə AIFC-də lisenziya almış kripto-birjalar arasında qarşılıqlı fəaliyyət üzrə pilot layihəyə start verilib. Layihənin məqsədi kriptovalyutalar və onların müştəriləri üçün Qazaxıstan banklarında hesabların açılmasını sınaqdan keçirməkdir. Layihədə ATAIX Eurasia və Biteeu Eurasia kripto-birjaları, həmçinin Halyk Bank, Altyn Bank və Avrasiya Bankı iştirak edir.

