Azərbaycanda İnvestisiya və Gənc Sahibkarlar Forumu

Noyabrın 17-də Bakıda Azərbaycan Respublikasının İqtisadiyyat, Gənclər və İdman nazirliklərinin dəstəyi, İslam Əməkdaşlığı Gənclər Forumu (ICYF) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Azərbaycan İnvestisiya və Gənc Sahibkarlar Forumu öz işinə başlayıb. İCYF ilə əməkdaşlıq çərçivəsində artıq 2-ci ildir təşkil olunan forumda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrdən dövlət rəsmiləri, iş adamları, investorlar, startaplar, gənclər təşkilatları, beynəlxalq təşkilatların və diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Forumun məqsədi yerli və beynəlxalq təşkilatların, dövlət qurumlarının nümayəndələrinin, iş adamlarının, investorların, ekspert və startapların iştirakı ilə ölkəmizə investisiya qoyuluşunu təşviq etmək və onları investisiya imkanları barədə məlumatlandırmaq, Azərbaycanda, Avrasiyada və İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdə gənc sahibkarlara dəstək sahəsində yeni baxışın inkişaf etdirilməsi və startap ekosisteminin gücləndirilməsi yollarını müzakirə etməkdir. Tədbir İslam Əməkdaşlıq Təşkilatının ənənələrinə uyğun olaraq, müqəddəs Qurani-Kərimdən ayələrin oxunuşu ilə başlayıb.

Forum işini “İƏT ölkələrində insan kapitalı və sahibkarlıq”, “Gənclərin innovasiya və texnologiyaların təşviqində rolu” və “Startapların inkişafının gücləndirilməsi: Effektiv investisiya ekosisteminin qurulması” mövzularında panel müzakirələrlə davam etdirəcək. Tədbir çərçivəsində həmçinin, İƏT ölkələrindən 50-yə yaxın startapın layihəsinin təqdim olunduğu sərgi keçirilir. Sərgidə qida və aqrar texnologiyalar, “yaşıl sənaye”, fintek, oyunlar və aplikasiyalar, ətraf mühit və bərpa olunan enerji, ağıllı texnologiyalar, aviasiya və kosmik texnologiya, logistika və “ağıllı şəhər”, robotexnika üzrə startap layihələri təqdim olunur. Sərginin məqsədi İƏT ölkələrindən olan gənc sahibkarların və startapların dünya miqyasında tanınmasına töhfə vermək, startapların layihələrinin forumda iştirak edən 30-a yaxın investor tərəfindən maliyyələşdirilməsinə dəstək göstərməkdir. Forumda çərçivəsində iş adamları, investorlar və startaplar arasında ikitərəfli görüşlər də keçirilib.

Leave a Reply