KOB evi nədir?

KOB Evi (kiçik və orta biznes evi) – sahibkarlıq subyektlərinə dövlət və özəl qurumlar tərəfindən göstərilən xidmətlərin vahid məkanda və əlaqələndirilmiş formada təqdim olunduğu Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin struktur bölməsidir. KOB evlərinin məqsədi sahibkarlıq subyektlərinə operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsiplərinə uyğun olaraq vahid məkanda, əlaqələndirilmiş formada, yeni üslubda, müasir innovasiyaları tətbiq etməklə dövlət-biznes (G2B) və biznes-biznes (B2B) xidmətlərinin göstərilməsi, hər bir xidmətin sahibkar məmnunluğu təmin edilməklə qanunauyğun, keyfiyyətli və şəffaf həyata keçirilməsidir. Sadə izahı odur ki, vətəndaşlar üçün ASAN Xidmət hansı funkisyanı yerinə yetirirsə, KOB Evi də sahibkarlar üçün eyni xidmətləri göstərəcək.

KOB evlərində xidmətlərin operativ və bir məkanda təqdim olunması sahibkarların vaxta və əməliyyat xərclərinə əhəmiyyətli dərəcədə qənaət etməsinə və daha çox biznesin inkişafı məsələlərinə fokuslanmasına imkan verir. Hazırda Bakı, Xaçmaz və Yevlax şəhərlərində olmaqla 3 KOB evi fəaliyyət göstərir.

KOB Dostu nədir?

Kiçik və Orta Biznesin Dostu (KOB Dostu) şəbəkəsi KOBİA-nın mikro, kiçik və orta biznesə mühüm dəstək mexanizmlərindən biridir. KOB dostları fəaliyyət göstərdikləri rayon və şəhərlərdə sahibkarlara mövcud dövlət dəstəyi mexanizmləri və KOBİA-nın göstərdiyi xidmətlər çərçivəsində informasiya, məsləhət, dövlət qurumları ilə əlaqələndirmə, təlim-tədris, sahibkar maraqlarının müdafiəsi, hüquqi yardım və s. istiqamətlərdə dəstək olur. Hazırda ölkə üzrə 41 “KOB Dostu” fəaliyyət göstərir. 

Müəllif:  Elnur Quliyev 

Leave a Reply