Martın 10-u USDC stabilkoini, Silicon Valley Bank (SVB) iflası fonunda ABŞ dollarına olan nisbətini itirdi. USDC-nin bazar kapitalizasiyası 24 saat ərzində 13% dəyər itirdi. Buna əsas səbəb USDC-nin emiteti olan Circle şirkətinin iflas etmiş SVB-də 3,3 milyard dollar ehtiyat saxladığını elan etməsi oldu. Coinbase birjası bankın bağlanması səbəbindən USDC-nin ABŞ dollarına çevrilməsini müvəqqəti olaraq dayandırıb. Binance isə USDC-nin BUSD-yə avtomatik knvertasiyasını dayandırdı.
ABŞ-ın 16-cı ən böyük bankı olan Silicon Valley Bank, maliyyə göstəricilərindən narahat olan əmanətçilər bu həftə pullarını geri çəkmək qərarına gəldikdən sonra müflis oldu. SVB texnologiya bankı adlandırıldı, çünki müştəriləri əsasən Silikon Vadisi startapları və vençur şirkətlər idi. Məşhur kriptovalyuta şirkətləri və birjalar da öz vəsaitlərini bu bankda saxlayırdılar. Kaliforniya Maliyyə Mühafizəsi və İnnovasiyalar Departamenti martın 10-da bankı “yetərli likvidlik və ödəniş qabiliyyətli olmaması” səbəbindən bağladı və onu ABŞ Federal Əmanətlərin Sığortalanması Korporasiyasının (FDIC) nəzarətinə verdi. SVB 1983-cü ildə yaradılıb və 2022-ci ilin sonuna ümumi aktivləri təxminən 209, depozitləri 175 milyard dolları təşkil edib. Analitiklər bu iflası bank sektorunda 2008-ci ildən indiyə qədər ən böyük çöküş adlandırırlar.

Müəllif: Elnur Quliyev