Kriptovalyutaların vergiyə cəlb edilməsi ilə bağlı fəaliyyət göstərən İsveçin Divly şirkəti 2022-ci ildə kripto investorlarının yalnız 0,53%-nin vergi ödədiyini göstərən hesabat yayıb. Divly analitikləri vergi bəyannamələrində kriptovalyutalara sərmayə qoyduğunu bəyan edən insanların sayının nisbətini və müxtəlif ölkələrdə rəqəmsal aktivlərin vergiyə cəlb edilməsi ilə bağlı axtarış sorğularının həcmini təhlil ediblər. Bu metodikaya əsasən, kriptovalyutaların ən intizamlı investorları Finlandiya rezidentləri olublar. Şirkətin məlumatına əsasən, bu ölkədən olan investorların 4,09%-i bəyannamələrində kriptovalyutalara investisiya etdiklərini bəyan ediblər. İkinci yerdə 3,65% göstərici ilə Avstraliya sakinləri, 2,75% reytinqin üçüncü pilləsində avstriyalılar qərarlaşıb.

ABŞ-da kriptovalyuta investorlarının təxminən 1,62%-i kriptovalyutalarını 2022-ci ildə vergi orqanlarına bəyan edib. Beləliklə, ABŞ kriptovalyuta üçün vergi ödənişləri baxımından təhlil edilən 24 ölkə arasında 10-cu yerdədir. Hindistan, İndoneziya və Filippin sakinləri siyahının ən sonunda yer alıblar. Bu ölkələrdə kriptovalyuta investorlarının 0,07%-i, 0,04%-i və 0,03%-i vergi bəyannamələrində rəqəmsal aktivlər barədə məlumat verib.

