Dünyanın ən böyük investisiya nəhənglərindən biri olan BlackRock spot bitcoin ETF-i üçün ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) müraciət edib. Əgər, SEC investisiya fondunun müraciətini təsdiq edərsə, bu, ABŞ-da ilk belə ETF olacaq. Sənədə əsasən, “Coinbase Custody Trust Company” fondun müştərilərinin aktivlərinin saxlanması üçün kastodial servisi olacaq, fiat vəsaitlər isə “Bank of New York Mellon”-da saxlanılacaq. Fond, BlackRock iShares törəmə şirkəti tərəfindən idarə olunacaq və “iShares Bitcoin Trust” adlanacaq. Əsas aktivin qiyməti “ən azı” hər 15 saniyədən bir yenilənəcək. Bunun üçün “CF Benchmarks” indeksindən istifadə olunacaq.
Qeyd etmək lazımdır ki, son 2 ildə bir çox şirkət və fondlar kriptovalyuta ETF ilə bağlı oxşar müraciətlər edib lakin SEC onları rədd edib. BlackRock kimi “iri oyunçu”-nun hazırda SEC-ə müraciət etməsi heç də təsadüfi deyil. Hesab edirəm ki, təqribən 10 trilyon dollarlıq aktivləri idarə edən bir investisiya fondunun bu sektorda investisiya ilə maraqlanması kifayət qədər ciddi mesajdır və yaxın zamanda bunun nəticəsini kriptovalyuta bazarında qiymətlərin qalxmasında müşahidə edəcəyik.

Müəllif: Elnur Quliyev