ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyası (SEC) BlackRock, WisdomTree, Invesco Galaxy, Fidelity, VanEck, Bitwise və Valkyrie Digital Assets də daxil olmaqla bitcoin spot ETF üçün bütün müraciətlər üzrə qərarı oktyabr ayına qədər təxirə saldı. Bu xəbərdən sonra kriptovalyuta bazarında qiymətlər yenidən enməyə başladı. Bitcoin isə 25.333 dollara qədər dəyər itirdi.
SEC iyun ayından iri maliyyə-investisiya fondları və kriptovalyuta şirkətlərinin “bitcoin spot ETF” üçün müraciətlərinə baxmağa başlamışdı. Tənzimləyiciyə ərizələrin baxılmasının başlanmasından onların təsdiqi və ya rədd edilməsi ilə bağlı yekun qərar qəbul etmək üçün ümumilikdə 240 gün vaxt verilir. “Bitcoin Spot ETF” müraciətləri üçün yeni qərar tarixləri Bitwise üçün 16 oktyabr, Fidelity, Galaxy və WisdomTree üçün 17 oktyabr, Valkyrie üçün 19 oktyabrdır. Məlumat üçün qeyd etmək lazımdır ki, “bitcoin spot ETF” investorlara birbaşa kriptovalyutaya sahib olmadan “bitcoin bazarına” investisiya etmək imkanı verir. Maliyyə təşkilatları bu fürsətdən istifadə edib öz investisiya portfellərini artırmaq istəyirlər.

