2-6 oktyabr tarixlərində Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresi keçiriləcək. Azərkosmos və Beynəlxalq Astronavtika Federasiyasının tərəfdaşlığı ilə keçiriləcək konqres çərçivəsində konfranslar, 190-dan çox texniki sessiya və sərgilər təşkil olunacaq. Tədbirdə kosmik agentliklərin, dövlət sektorunun, investorlar və özəl kosmik şirkətlərin nümayəndələri, yerli və beynəlxalq media qurumlarının təmsilçiləri iştirak edəcəklər.
Heydər Əliyev Mərkəzi və Bakı Konqres Mərkəzinin ərazisində inşa edilən sərgi pavilyonunda müxtəlif ölkələrin kosmik qurumları və şirkətlərinin stendləri nümayiş olunacaq. Sərgidə iştirak edənlər arasında ABŞ-ın “Milli Aeronavtika və Kosmos Administrasiyası” (NASA), Yaponiyanın “JAXA” kosmik agentliyi, İtaliyanın “Agenzia Speziale Italiana” kosmik agentliyi, “AIRBUS” şirkəti, Kanadanın innovasiya mərkəzi “INO”, Fransanın Milli Kosmik Tədqiqatlar Mərkəzi “CNES”, Hindistanın kosmik agentliyi “ISRO”, Türkiyənin “Türkiye Uzay Ajansı” kosmik agentliyi və digər beynəlxalq şirkətlər yer alıb.

