Azərbaycanda plastik kartların sayı artıb – əsas səbəblər?!?

   2023-cü ilin noyabr ayının 1-nə Banklar və “Azərpoçt” MMC sistemləri üzrə dövriyyədə olan ödəniş kartlarının sayı cari ilin oktyabr ayının 1-i ilə müqayisədə 271 min ədəd artaraq 16 milyon 210 min ədəd təşkil edib. Azərbaycan Mərkəzi Bankı xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 20.9% artıb. Ödəniş kartlarında artım debet kartları üzrə 20.8%, kredit kartları üzrə 22.1% təşkil edib. Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 72 min, kredit kartları 389 min, digər kartlar isə 2.2 mln. ədəd artıb. Kartların sayının artmasına təsir edən əsas səbəblər ilə bağlı maliyyə üzrə ekspert Elnur Quliyev “Kaspi” qəzetinə olan müsahibəsini təqdim edirik.

        Mövcud statistik məlumatları nəzərə alsaq, Azərbaycan hazırda plastik kartlardan istifadə üzrə artım tempinə görə dünyada qabaqcıl ölkələr ilə eyni sıradadır. Bu inkişafı şərtləndirən mühüm amil kimi iqtisadiyyatımızın tədricən şəffaflaşmasını göstərmək olar. Milli ödəniş sistemlərinin təkmilləşdirilməsi, bankların “mobil bankçılıq” xidmətlərinin inkişaf etdirməsi də plastik kartlardan istifadəni daha da sürətləndirən amillərdən biridir. Bundan əlavə, dövlət nağdsız hesblaşmaların artmasında maraqlıdır və bu istiqamətdə stimullaşdırıcı tədbirlər həyata keçirir. Maliyyə savadlılığı artıqca insanlar nağdsız ödənişlərin üstünlüklərini əyani şəkildə görür və plastik kartlarla ödəmənin asanlılığı baxımından nə qədər əlverişli olduğunu başa düşürlər. Hesab edirəm ki, ölkəmizdə plastik kartlardan istifadənin artmasına təsir edən əsas faktorlar aşağıdakılardır:

  • ölkədə son 3 il ərzində mal və xidmətlər üzrə plastik kartla ödənişlərin qəbulu məntəqələrinin sayının əhəmiyyətli artması;
  • “ƏDV geri al” mexanizmin tətbiqi;
  • bankların plastik kartları ödənişsiz təqdim etməsi və banklar tərəfindən səxavətli mükafat (cashback) proqramlarının tətbiqi;
  • elektron ticarəti dövriyyəsinin artması.

         İlk olaraq qeyd edim ki, 2020-ci ilin may ayından ölkədə pərakəndə ticarət və ictimai iaşə obyektlərindən alınan mallara görə, ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılmasını nəzərdə tutan mexanizm hazırda uğurla tətbiq edilir. Biznes ictimaiyyəti və vətəndaşlar tərəfindən rəğbətlə qarşılanan bu layihə iqtisadiyyatın şəffaflaşdırılması istiqamətində mühüm nəticələr verməkdədir. İnsanlar çüzi miqdarda da olsa ödədikləri pulun geri qaytarılması üçün bir çox hallarda satıcıları plastik kartla satış etməyə məcbur edir. Nəticə etibarı ilə, dövlət dolayı yolla istehlakçılar vasitəsilə satıcıları nəzarətdə saxlamaq imkanı əldə edir. Bundan başqa, elektron ticarətin artması və xüsusilə pandemiya dövründə nağd puldan istifadə sahələrinin məhdudlaşdırılması istehlakçıları alış-veriş üçün bank kartlarından istifadəyə sövq edib.

Hazırda banklar arasında müştəri qazanmaq uğrunda güclü rəqabət gedir. Banklar tərəfindən müxtəlif şirnikləndirici “cashback” proqramlarının tətbiqi və pulsuz debet kartların verilməsi insanları “motivasiya” edir ki, eyni zamanda 2 və ya daha artıq bank kartlarından istifadə etsinlər. Hətta bir çox hallarda insanlar istifadə etməsələr belə, bankların sadəcə pulsuz verdiyi üçün kart sahibi olurlar. Bu faktor da ölkədə kart sayının artmasına təsir edir.

       Plastik kartlardan istifadənin əsas üstünlüklərindən biri də kartla ödəniş zamanı xərclənən vəsaitləri izləmək və nəzarət etmək imkanının daha da əlçatan olmasıdır. Bir çox insanlar üçün şəxsi və ailə büdcənin idarə edilməsində bu faktor mühüm rol oynayır. Kartla xərcləri nəzarətdə saxlamaq daha asan və əlverişlidir.

      Şəxsi vəsaitlərin kart hesabında mühafizə etmək onların oğurluq və itirilmə ehtimalını minimumlaşdırır. Məsələn, nağd pul itdikdə və ya oğurlandıqda onu geri qaytarmaq mümkün deyil. Lakin plastik kartınız itərsə, siz dərhal mobil bankınq vasitəsilə kartı bloklaya bilirsiz. Kartı oğurlayan və ya əldə edən kənar şəxs həmin kartdan pul çıxara bilmir. Bununla belə, əgər sizdə xəbərsiz hər hansı ödəniş edilsə belə, banklar ödəniş tarixçəsi ilə xərclənmə istiqamətini müəyyən edə bilirlər.

       Yuxarıda qeyd etdiyim faktorların nəticəsdir ki, Azərbaycanda plastik kartlardan istifadə artıb. Bu proses yaxın gələcəkdə də yüksələn istiqamətdə davam edəcək. 

         Plastik kartlarla ödənişlər istehlakçılara təhlükəsizliyin təmin edilməsi və rahatlıq gətirməklə yanaşı “kölgə iqtisadiyyatı” ilə mübarizə baxımından çox faydalıdır. Pul vəsaitləri nağdsız formada hərəkət edən ölkələrdə iqtisadi artım sürətlənir, insanlara vaxta qənaət imkanı yaradır, nağd pul daşınmasının yaratdığı təhlükələrdən qoruyur, ticarət və xidmət obyeklərində saxta pullarla hesablaşmaların qarşısını alır. Eyni zamanda, vətəndaşların dövlət qurumlarına ödədiyi müxtəlif xidmət haqlarının hesabatlılığını təmin edir, şəffaflığa zəmanət verir. Plastik kartlarla ödənişlər sayəsində vergidən yayınmanın qarşısı alınır və büdcəyə daha çox vəsait toplanır, ölkə iqtisadiyyatında maliyyə intizamı güclənir. Nağdsız hesablaşmaların iqtisadi dövriyyədə xüsusi çəkisinin artması biznes əməliyyatlarının şəffaflaşmasını və dövlət gəlirlərinin artmasını şərtləndirir ki, bu da nəticə etibarilə büdcənin maliyyə imkanlarını artırır və sosial sektorun maliyyələşdirilməsi ilə bağlı əlavə mənbələr yaranmış olur.

Müəllif: Elnur Quliyev

Leave a Reply