Müharibələr kriptovalyuta bazarına necə təsir edir?!?

Cari ilin aprelin 13-də İranın İsrailə doğru pilotsuz təyyarələr və qanadlı raketlər buraxması kriptovalyuta bazarında çöküşə səbəb olub. Bitcoin həmçinin 17% dəyər itirdi. Həqiqiətən də kripto bazarda qiymətlərin enməsinə real səbəb İran-İsrail münaqişəsi oldubmu, bunu demək çətindi. Çünki nə İran, nə də İsrail kriptovalyuta sektoruna təsir edəcək səviyyədə önəmli ölkələr deyil. Lakin birmənalı olaraq kriptovalyutaların dəyər itirməsinin həmin gün olması da təsadüfi deyil. Odur ki, bu araşdırmamda dünyada baş verən hərbi münaqişələrin kriptovalyuta bazarında qiymətlərə necə təsir etməsindən bəhs edəcəm.

Əgər xatırlayırsınızsa, sonuncu dəfə qlobal münaqişə, yəni 2022-ci il 24 fevral tarixində Rusiyanın Ukraynaya qarşı başladığı hərbi əməliyyatlardan bir gün sonra kriptovalyuta bazarında eyni ssenari təkrarlanmışdı. O, zaman Jack Niewold adlı bir analitikin “X” hesabında maraqlı araşdırması diqqətimi cəlb etmişdi. Araşdırmaya əsasən bazarın “dibi” dünyada qlobal səviyyədə təsiri olan hərbi əməliyyatların başlanması ilə formalaşması izah edilirdi. Analitik, Vyetnam müharibəsi (1964), Körfəz müharibəsi (1991), Əfqanıstan müharibəsi (2001), İraq müharibəsi (2003) və Krımın Rusiyaya ilhaq edilməsi (2014) daxil olmaqla, məşhur qlobal münaqişələrin başlanmasına Nasdaq indeksinin reaksiyasını araşdırıb. Baxmayaraq ki, bu hərbi münaqişələr zaman bitcoin yox idi amma ilk kriptovalyutanın Nasdaq indeksi ilə yüksək korrelyasiyada olduğunu nəzərə alsaq bitcoin ilə də təqribən eyni ssenarinin olacağını proqnozlaşdırmaq mümkündür. Nəticə etibarı ilə, istənilən qlobal hərbi münaqişə dünya bazarında qiymətlərin düşməsi ilə nəticələnir və bu zaman edilmiş alış qərarları güclü investisiya strategiyası kimi görünür.

Tarixi göstəricilərə əsasən bazardakı qiymətlərin “dib” nöqtəsi müharibə və hərbi münaqişələrin başlaması ilə üst-üstə düşdüyünü göstərir. Hətta 2020-ci mart ayında pandemiya ilə əlaqədar olaraq bitcoin Nasdaq indeksi ilə bərabər ən aşağı qiymət ucuzlaşmasını yaşadı və ondan sonra tarixi maksmum qiymətə qədər yüksəldi. Faktiki olaraq, bitcoin 2020-ci ilin mart ayındakı 3.500 dollardan, 2021-ci il noyabr ayında 69.000 dollara qədər dəyər qazandı. 2023-cü ilin yanvar ayında yenidən 15.000 dollarlıq “dib” qiymətə qədər düşdükdən sonra 2024-cü ilin mart ayında 73.000 dollara qədər yüksəldi. Tarixi göstəriciləri analiz edərək şahid oluruq ki, qlobal iqtisadi və hərbi münaqişələr birbaşa olaraq maliyyə və əmtəə bazarlarına mənfi mənada təsir edir. Odur ki, kriptovalyutalar da digər ənənəvi investisiya aktivləri (qızıl istisna olmaqla) kimi qlobal münaqişələr zamanı dəyər itirməklə adekvat reaksiya verir.

Bir çox investorlar üçün qlobal hərbi münaqişələr alış üçün bir fürsətdir çünki istənilən halda bəlli bir zamandan sonra münaqişə səngiyir və bazarlarda qiymətlərin artması (və ya əvvəlki qiymətlərə qayıtması) müşahidə olunur.

Müəllif:  Elnur Quliyev

Leave a Reply