Bitcoin oktyabrın 16-sı 68.000 dollarlıq həddi keçərək 68.420 dollara qədər bahlaşmağı bacardı. CoinMarketCap.com-a əsasən hazırda bitcoin 1.34 trilyon bazar kapitalizasiyası ilə ümumi bazar kapitalizasiyasının 57.7%-ni təşkil edir. Bitcoin-dən sonra digər altkoinlər də 5-17%-ə qədər müsbət dinamika nümayiş etdirdi. Mövcud vəziyyətdə texniki göstəricilər müsbət siqnallar verir. Əgər bitcoin 69.300 dollardan yuxarı konsolidasiya etməyi bacararsa, bu, daha yüksək vaxt çərçivələrində əhəmiyyətli struktur dəyişikliklərinə səbəb ola bilər.
Kriptovalyuta bazarında qiymətlərin müsbət dinamikasına bir neçə fundamental faktorlar təsir edib. Hesab edirəm ki, 5 əsas fundamental faktorlar aşağıdakılardır:
1. Donald Trampın seçkilərdə qalib gəlmə şansının artması. ABŞ prezidentliyinə namizəd D.Trampın seçkilərdə qələbə qazanması ehtimalının yüksək olması kriptovalyuta sektoru üçün olduqca müsbət qiymətləndirilir. Bitcoin tərəfdarı kimi tanınan D.Tramp iyun ayında özünü “kripto-prezident” adlandırmışdı.
2. Çin hakimiyyətinin iqtisadiyyatın stimullaşdırıcı tədbirlərin genişləndirilməsi gözləntiləri. Çin hökumətinin bank sektoruna likvidlik dəstəyi ilə bağlı planı Asiya fond bazarlarında müsbət dinamika ilə qarşılanıb. Ehtimal edilir ki, Çin tənzimləyicilərinin problemləri həll etmək üçün ayıracaqları likvidliyin bir hissəsi kriptovalyuta sektoruna yönəldilə bilər.
3. ABŞ Federal Ehtiyatlar Sisteminin (FRS) uçot faiz dərəcəsini yenidən endirəcəyi ilə bağlı gözləntilər. FRS-in uçot faiz dərəcəsini endirməsi ilə bitcoin və digər riskli aktivlərin qiymətinin qalxma ehtimalı olduqca yüksəkdir.
4. Bitcoin ETF Fondlara kapital axını və BTC çatışmazlığının artması. Son 10 ayda bitcoin-ETF Fondlara xalis daxilolmalar 19 milyard dollar təşkil edib. ETF-lər üçün BTC alınması nəticəsində yaranan çatışmazlıq ilk kriptovalyutanın məzənnəsini dəyər qazanmasına təkan verə bilər.
5. Qlobal iqtisadi problemlər fonunda kriptovalyutaya artan maraq. Geosiyasi arenada gərginlik və klassik maliyyə alətlərinin gəlirliliyinin azalması investorları riskli olmasına baxmayaraq rəqəmsal aktivlərə keçməyə təşviq edir.

Bununla belə, hesab edirəm ki, investorlar ehtiyyatlı olmalıdır. Hazırda kriptovalyuta bazarında qiymətlərin artım tendensiyası davam edir lakin istənilən an “kripto balinalar” gəlirlərini fiksasiya etmək üçün kütləvi BTC satışı edə bilərlər. Adətən növbəti “bitcoin rallisi”-dən əvvəl bazarda kəskin qiymət korreksiyası müşahidə olunur. Yaxın Şərqdəki gərginlik və İran-İsrail münasibətlərinin gərginləşməsi kriptovalyuta bazarında qiymətlərinə öz təsirini göstərsə də, əslində bu iki ölkə kripto-sektor üçün elə də əhmiyyətli ölkələr deyil. Yuxarıda qeyd etdiyim fundamental faktorlar olduqca əhəmiyyətlidir lakin kriptovalyuta bazarında qiymətlərə nəzarət edən “kripto balinalar” bu cür hadisələrdən istifadə edərək bitcoin və digər rəqəmsal aktivlərin dəyərini tənzimləyirlər. Adətən bitcoin hər dəfə maksimum qiymət həddinə çatdıqdan sonra kripto-bazar ciddi korreksiyaya məruz qalır.

Kriptovalyutalar bir investisiya mədəniyyətidir. Kripto investor olmaq heç vaxt gec deyil. Kiçik məmbləğ ilə də kripto investor ola bilərsiniz. İnvestisiya etmisinizsə səbrli olub gözləməyi bacarmalısınız. Mümkün qədər borc kapital ilə investisiya etməyin. Çalışın daha çox uzunmüddətli mövqədə investisiya strategiyasını seçin. Bu sektorda ən çox qazanan uzünmüddətli investorlardır. Əgər sizin iqtisadi-texniki bilikləriniz, maliyyə bazarlarının iş prinsipi ilə bağlı məlumatlarınız kifayət qədər deyilsə, o zaman çalışın rəqəmsal valyutalara itirməyi gözə aldığınız məbləğdə investisiya edin.
Müəllif: Elnur Quliyev
