İnnovativ məhsulların Mərkəzi Bankın nəzarəti altında sınaqdan keçirilməsini təmin edən xüsusi tənzimləmə rejiminin (sandbox) ikinci dövründə iştirakla bağlı 16 dekabr tarixindən müraciətlərin qəbulu başlayıb. Bu mərhələdə maliyyə texnologiyaları sahəsində fəaliyyət göstərən innovativ məhsul və xidmətlərin sınaqdan keçirilməsi üçün qəbul prosesi həyata keçiriləcək. Sandbox rejiminin meyarlarına uyğun gələn innovativ maliyyə məhsulları Mərkəzi Bank ilə bağlanılacaq müqavilə əsasında sınaqda iştirak etmək hüququ qazanacaq.
“Sandbox”-da iştirak etmək üçün müraciətlərin qəbulu 15 yanvar 2025-ci il tarixinədək davam edəcəkdir. Bu rejimində iştirak etmək üçün Mərkəzi Banka “Xüsusi tənzimləmə rejiminin tətbiqi Qaydası”nın 4.2-ci bəndində qeyd olunan sənədləri və məlumatları xüsusi internet səhifə (sandbox.cbar.az) vasitəsilə və ya yazılı şəkildə təqdim etmək mümkündür. Xüsusi tənzimləmə rejimi ilə bağlı suallar yarandığı təqdirdə sandbox@cbar.az ünvanına müraciət etməyiniz xahiş olunur.

Mərkəzi Bankın xüsusi tənzimləmə rejimi startaplar və şirkətlər üçün innovasiya və qanunvericiliyin birgə fəaliyyət göstərdiyi effektiv bir platformadır. Sandbox rejimində iştirak hüququ qazanmış innovativ məhsullar və həllər real bazar şəraitində, Mərkəzi Bankın nəzarəti altında sınaqdan keçirilir. Bu rejim, yeni məhsul və xidmətlərin qanuni çərçivədə təhlükəsiz inkişafını təmin etməklə həmin layihələrin bazara uğurlu inteqrasiyasına dəstək verir. Xüsusi tənzimləmə rejimi meyarlara uyğun gələn və test rejimində aparılan sınağının nəticəsi uğurlu olan məhsulların bazara təqdim olunması üçün normativ hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində müvafiq tədbirlərin görülməsi məqsədini daşıyır. Bu rejimin iştirakçısı innovativ maliyyə məhsulunun sınağını Mərkəzi Bank ilə bağlanılacaq müqavilə əsasında həyata keçirəcəkdir. Müqavilənin bağlanması zamanı sınaq müddəti 12 ay olacaqdır.
