Kriptovalyutalara marağın artması ilə yanaşı, bu sahədə fırıldaqçılıq halları da çoxalır. Ən çox rast gəlinən suallardan biri isə budur: “Saxta Bitcoin yaratmaq mümkündürmü?”
Texniki baxımdan ilk kriptovalyuta olan Bitcoin-i saxtalaşdırmaq mümkün deyil. Çünki bitcoin blokçeyn texnologiyası üzərində işləyir və hər əməliyyat minlərlə kompüter tərəfindən təsdiqlənir. Bu sistem mərkəzsiz, dəyişdirilməsi mümkün olmayan bir mexanizmə malikdir. Yəni kiminsə “Bitcoin çap etməsi” və ya “saxta BTC göndərməsi” texnoloji olaraq mümkün deyil.
Bəs “Fake Bitcoin” nədir?
“Saxta bitcoin” anlayışı əslində fırıldaqçılar tərəfindən yaradılmış müxtəlif aldatma üsullarını ifadə edir. Burada məqsəd insanların Bitcoin markasına etibar etməsindən sui-istifadə edərək onların vəsaitlərini ələ keçirməkdir. Ən çox rast gəlinən üsullar bunlardır:
- Saxta tokenlər və ya klon layihələr – “Bitcoin Platinum”, “Bitcoin Pro” və ya “Bitcoin 2” kimi adlarla bazara çıxarılan tokenlərin əsl BTC ilə heç bir əlaqəsi yoxdur.
- Saxta elektron cüzdanlar – Rəsmi görünən lakin əslində fırıldaqçıların nəzarətində olan mobil tətbiqlər istifadəçilərin vəsaitini gizli şəkildə ələ keçirir. Sistem sadəcə rəqəmsal “balans” göstərir və müəyyən müddətdən sonra həmin balans sıfırlanır.
- Fişinq saytları və saxta birjalar – Tanınmış kripto-birjalara oxşadılan saytlar vasitəsilə istifadəçilərə “BTC aldığını” düşündürürlər amma əməliyyat blokçeyndə baş vermir.
- Ponzi və HYIP sistemləri: İstifadəçilərə yüksək gəlir vəd edilərək “Bitcoin yatırımı” qəbul olunur. Əslində pul toplanır ancaq heç bir real əməliyyat aparılmır. Platforma iflas edəndə isə bütün “balanslar” avtomatik yox olur.

İstifadəçilər necə qoruna bilər?
- Yalnız rəsmi və lisenziyalı kripto-birjalardan istifadə edin.
- Elektron cüzdan proqramlarını rəsmi AppStore və Google Play-dən yükləyin.
- Şübhəli yüksək gəlir vədlərinə inanmayın. Real bitcoin ucuz satıla bilməz və qısa zamanda böyük faiz qazandırmaz.
- Böyük məbləğlər üçün hardware wallet (Ledger, Trezor və s.) kimi soyuq cüzdanlardan istifadə edin.
Əsl Bitcoin saxtalaşdırıla bilməz amma “fake Bitcoin” anlayışı realdır – bu, fırıldaqçıların istifadəçiləri çaşdırmaq üçün yaratdığı saxta tokenlər, saxta platformalar və investisiya oyunlarıdır. Risklərdən qorunmağın ən effektiv yolu isə yalnız etibarlı mənbələrdən istifadə etmək və maariflənməkdir.
Müəllif: Elnur Quliyev
