2008-ci il oktyabrın 31-də Satoşi Nakamoto tərəfindən internetdə dərc olunan “Bitcoin: A Peer-to-Peer Electronic Cash System” adlı texniki sənəd (Bitcoin White Paper) qlobal maliyyə sistemində yeni bir mərhələnin başlanğıc nöqtəsinə çevrildi. Bu sənəddə mərkəzləşdirilməmiş, şəffaf və etibarlı rəqəmsal ödəniş mexanizminin konseptual və texnoloji əsasları izah edilirdi. Nəticədə, ənənəvi maliyyə vasitəçilərinə ehtiyac duymadan birbaşa elektron əməliyyatların aparılmasına imkan verən ilk kriptovalyuta – Bitcoin anlayışı formalaşdı. Texniki sənədin təqdimatından bir neçə ay sonra, 2009-cu il yanvarın 3-də, “Genesis Block” adlandırılan ilk Bitcoin bloku yaradıldı. Məhz bu hadisə kriptovalyuta ekosisteminin faktiki başlanğıcı kimi qəbul edilir. Buna baxmayaraq, kripto cəmiyyətində müəyyən fikir ayrılığı mövcuddur: bəzi tədqiqatçılar və investorlar Bitcoin-in doğum tarixini ilk blokun yaradıldığı 3 yanvar 2009-cu il, digərləri isə ideyanın ictimaiyyətə təqdim olunduğu 31 oktyabr 2008-ci il kimi qəbul edirlər.

Son 17 il ərzində Bitcoin sadəcə bir texnoloji eksperiment olmaqdan çıxaraq qlobal maliyyə arxitekturasının mühüm elementinə çevrilib. O, həm alternativ sərmayə aləti, həm də rəqəmsal aktivlər bazarının əsas lokomotivi kimi çıxış edir. Artıq bir çox ictimai şirkətlər, investisiya fondları və bəzi dövlətlər Bitcoin-i balanslarında saxlayır, aparıcı iqtisadçılar və siyasətçilər isə kripto investisiyalarını maliyyə sisteminin təbii təkamülü kimi qiymətləndirirlər. Beləliklə, Bitcoin-in yaranması təkcə yeni bir valyutanın doğuşu deyil, həm də maliyyə azadlığının, texnoloji müstəqilliyin və iqtisadi innovasiyanın simvoluna çevrilmiş bir prosesdir.
Müəllif: Elnur Quliyev
