Sumqayıt Dövlət Universitetində rəqəmsal valyutalar mövzusunda ustad dərsi keçirilib

Sumqayıt Dövlət Universitetinin (SDU) İqtisadiyyat və idarəetmə fakültəsinin təşkilatçılığı ilə 15 dekabr tarixində “Maliyyə texnologiyaları: Rəqəmsal valyutalar” mövzusunda ustad dərsi keçirilib. Ustad dərsini Biznesin idarə edilməsi kafedrasının müdiri, dosent Qalib Hüseynov açaraq mövzunun aktuallığından bəhs edib. O, müasir dövrdə maliyyə texnologiyaları və rəqəmsal valyutalar sahəsində biliklərin tələbələrin peşəkar inkişafı və gələcək karyera imkanları baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Sonra SDU-nun müəllimi, rəqəmsal valyutalar üzrə ekspert Elnur Quliyev “Maliyyə texnologiyaları: Rəqəmsal valyutalar” mövzusunda ustad dərsini keçib. O, tələbələrə rəqəmsal valyutaların iş prinsipləri, maliyyə texnologiyalarının inkişaf istiqamətləri, investisiya alətləri, kriptovalyutalar vasitəsilə gəlir əldə etmə üsulları və bu sahədə mövcud risklər barədə məlumat verib.

Universitetinin maliyyə ixtisası üzrə təhsil alan tələbələr və müvafiq sahə üzrə müəllimlərin iştirak etdiyi tədbir interaktiv formatda davam edib, iştirakçılar mövzu ətrafında suallar ünvanlayaraq müzakirələrdə fəal iştirak ediblər. Sonda fakültə dekanı, dosent Loğman Abdullayev ustad dərsinin təşkilinə görə təşəkkürünü bildirib və belə tədbirlərin tələbələrin bilik və bacarıqlarının artırılmasına mühüm töhfə verdiyini qeyd edib.

Leave a Reply