İnvestorlar üçün ən təhlükəli ölkələr – Risk xəritəsi

Bir investor üçün ən fundamental sual dəyişməz qalır: kapital harada daha səmərəli yerləşdirilməlidir? Lakin 2026-cı ildə bu sual artıq yalnız gəlirliliklə deyil, riskin dəqiq ölçülməsi ilə bağlıdır. Müasir qlobal iqtisadiyyat artıq sadəcə “böyümə” və “tənəzzül” ilə izah olunmur; bu gün investisiya qərarlarında əsas rolu geosiyasi risklər, dövlət institutlarının keyfiyyəti və valyuta sabitliyi oynayır. Bu kontekstdə Equity Risk Premium (ERP) yalnız maliyyə göstəricisi deyil, ölkənin ümumi risk profilini əks etdirən kompleks indikator kimi çıxış edir — o, geosiyasi sabitliyi, makroiqtisadi dayanıqlığı, valyuta riskini və hüquqi mühitin effektivliyini özündə birləşdirir. Məhz bu yanaşma əsasında Nyu-York Universitetinin professoru və “qiymətləndirmənin atası” kimi tanınan Aswath Damodaran tərəfindən hazırlanan son araşdırma göstərir ki, qlobal kapital artıq geniş coğrafiyada deyil, seçilmiş və risk baxımından optimallaşdırılmış bazarlarda cəmləşir.

2026-cı ilin investisiya xəritəsi göstərir ki, dünya iqtisadiyyatı “təhlükəsiz limanlar” və “yüksək risk zonaları” arasında kəskin şəkildə bölünüb. İnvestorlar artıq sadəcə gəlir dalınca qaçmır, həm də geosiyasi tufanlardan qorunmağa çalışırlar. Dünyada yalnız 19 ölkə var ki, orada risk mükafatı 5%-dən aşağıdır. Bu, qlobal kapitalın çox dar bir sahədə sıxışdığını göstərir.

Hesabata əsasən dünyanın müharibə, sanksiyalar və iqtisadi çöküş yaşamış ölkələr ən riskli hesab olunurlar. Belarus, Livan, Sudan və Venesuela ən yüksək səhm riski mükafatlarına malikdir – hər biri 30,9%.

Ən təhlükəsiz ölkələr arasında risk premiumunun 4,2%-ə bərabər olduğu İsveçrə, Norvec, Kanada, Almaniya, Sinqapur, Danimarka, İsveç və Hollandiya yer alır.

Hesabatda Azərbaycan 7.1% ilə orta risk kateqoriyasında yer alıb. Müqayisə üçün Türkiyə 9.4%, Rusiya 12%, Gürcüstan 8.1%, Qazaxstan 8.4%, Özbəkistan 8.9%, Ermənistan 9.9%, İran 18%-dir. Azərbaycan risk baxımından “middle-market frontier” zonasında yerləşir, risk və imkan arasında balans nöqtəsindədir. Bunun əsas səbəbləri:

1. Makroiqtisadi sabitlik – Bu faktorlar ölkəni yüksək risk qrupundan uzaqlaşdırır.

  • Neft və qaz gəlirləri hesabına büdcə dayanıqlığı
  • Dövlət borcunun nisbətən aşağı səviyyəsi
  • Valyutanın (AZN) idarə olunan sabitliyi.

2. Struktur zəifliyi – Bu səbəblər ölkənin “low-risk” kateqoriyasına düşməsinə mane olur.

  • İqtisadiyyatın enerji sektorundan yüksək asılılığı
  • Kapital bazarlarının dərinliyinin zəif olması
  • İnvestorlar üçün hüquqi və institusional mühitin tam formalaşmaması.

Nəticə olaraq, Equity Risk Premium yalnız bir göstərici deyil — bu, investor psixologiyasının və qlobal kapital axınının ən dəqiq indikatorlarından biridir. 2026-cı ilin reallığı göstərir ki, yüksək gəlir imkanları yalnız yüksək risklə müşayiət olunur. Bu səbəbdən investor üçün əsas sual artıq “harada daha çox qazanmaq olar?” deyil, “harada bu riskə dəyər qazanc var?” sualıdır.

Equity Risk Premium (ERP) nədir?

Equity Risk Premium (ERP) – investorun öz pulunu təhlükəsiz bir yerə qoymaq əvəzinə, daha riskli olan səhm bazarına (fond birjasına) yatırdığı üçün tələb etdiyi əlavə qazanc faizidir. İnvestorlar “pulum batsa belə, buna dəyər” dedikləri o əlavə mənfəət payını ERP vasitəsilə ölçürlər. ERP-ni hesablamaq üçün aşağıdakı sadə düsturdan istifadə olunur:

ERP = Səhm bazarının gözlənilən gəliri – Risksiz faiz dərəcəsi

  • Risksiz faiz dərəcəsi (Risk-Free Rate): Adətən ABŞ və ya digər güclü dövlətlərin istiqrazları (Treasury bonds) buna nümunədir. Çünki dövlətin iflas etmə ehtimalı minimumdur.
  • Səhm bazarının gəliri: Şirkətlərin səhmlərindən (məsələn, Apple, Nvidia və s.) gözlənilən orta gəlir
  • Mükafat (Premium): Aradakı fərqdir. Əgər dövlət istiqrazı 4% verirsə, lakin səhm bazarı 10% gəlir vəd edirsə, ERP 6%-dir.

ERP = riskin qiyməti, əgər ERP 6% olarsa: İnvestor deyir: “Mən bu riskə girirəmsə, minimum +6% əlavə gəlir istəyirəm”.

İnvestorlar 3 əsas faktora görə ERP-ni artırır və ya azaldırlar:

  • İqtisadi sabitlik: İnflyasiya yüksəkdirsə və ya ÜDM artmırsa, investor daha böyük mükafat tələb edir.
  • Hüquq sistemi və korrupsiya: Əgər bir ölkədə qanunlar investorun hüquqlarını qorumursa, o ölkədə ERP kəskin yüksəlir (Venesuela və ya Sudan nümunəsi).
  • Siyasi sabitlik: Seçkilər, müharibələr və sanksiyalar riski artırır, bu da ERP-ni yuxarı çəkir.

ERP bazarın “psixologiyasını” əks etdirir:

Əgər bir ölkədə ERP çox yüksəkdirsə (məsələn, 30%), bu o deməkdir ki, kənar investor oraya pul qoymaq üçün ən azı 35-40% gəlir gözləyir. Əks halda, pulunu riskə atmayıb öz ölkəsindəki stabil istiqrazlarda saxlayır. Bu səbəbdən yüksək ERP göstəricisi olan ölkələrə xarici investisiya cəlb etmək çox çətindir.

Müəllif: Elnur Quliyev

Leave a Reply